İrəvanın borcu, Moskvanın təzyiqi: KTMT-də qırılma nöqtəsi yaxınlaşır- ÖZƏL
13:27 SiyasətRusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın iki ildən çoxdur KTMT büdcəsinə olan borcunu ödəmədiyini və bu səbəbdən təşkilatın Nizamnaməsinə uyğun cəza mexanizmlərinin işə salınacağını açıqlayıb. Qaydalara əsasən, İrəvan səsvermə hüququndan məhrum edilə və ya qurumdakı fəaliyyəti tamamilə dayandırıla bilər. Ermənistanın üzvlüyünü faktiki dondurduğu bu ərəfədə Moskvanın borc xəbərdarlığı iki ölkə arasında siyasi gərginliyin yeni mərhələsi kimi qiymətləndirilir.
Moskvanın maliyyə təzyiqi İrəvanı KTMT-dən tamamilə çıxmağa məcbur edir? Ermənistanın səsvermə hüququndan məhrum edilməsi təşkilatdaxili güc balansını necə dəyişəcək? Bu maliyyə böhranı Rusiya-Ermənistan münasibətlərində qırılma nöqtəsi ola bilərmi? Mövzu ilə bağlı politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" Sergey Lavrovun Ermənistanın KTMT büdcəsinə olan borcları ilə bağlı açıqlaması ilk baxışda maliyyə xarakterli məsələ kimi görünsə də, əslində burada siyasi mesaj elementi daha güclüdür. Son illərdə İrəvanın KTMT-nin fəaliyyətində iştirakını minimuma endirməsi, bir sıra tədbirləri boykot etməsi və təşkilatı açıq şəkildə tənqid etməsi fonunda bu məsələ Moskvanın narazılığının növbəti təzahürü kimi qiymətləndirilə bilər. Rusiya göstərmək istəyir ki, üzvlük təkcə hüquqlardan deyil, həm də öhdəliklərdən ibarətdir və bu öhdəliklərin yerinə yetirilməməsi nəticəsiz qalmayacaq.
Maliyyə təzyiqinin Ermənistanı dərhal KTMT-dən çıxmağa məcbur edəcəyini söyləmək çətindir. Çünki İrəvan hazırda təşkilatdan formal şəkildə ayrılmadan onun fəaliyyətindən uzaqlaşmaq taktikasına üstünlük verir. Bu yanaşma Ermənistan rəhbərliyinə həm Qərblə əlaqələri genişləndirmək, həm də Moskva ilə münasibətlərdə bütün körpüləri birdəfəlik yandırmamaq imkanı verir. Lakin qarşılıqlı ittihamlar və institusional qarşıdurmalar dərinləşərsə, gələcəkdə tam ayrılma ssenarisi daha real görünə bilər.
Ermənistanın səsvermə hüququndan məhrum edilməsi KTMT daxilində ciddi güc dəyişikliyi yaratmasa da, təşkilatın siyasi legitimliyi baxımından müəyyən suallar doğura bilər. Onsuz da qərarların qəbulunda əsas təsir imkanları Rusiyanın əlində cəmləşib. Buna görə də Ermənistanın səsvermə prosesindən kənarda qalması təşkilatın kursunu əsaslı şəkildə dəyişdirməyəcək. Bununla yanaşı, belə addım KTMT daxilində fikir ayrılıqlarının institusional səviyyəyə yüksəldiyini nümayiş etdirəcək.
Mövcud vəziyyət Rusiya-Ermənistan münasibətlərində növbəti gərgin mərhələ kimi qiymətləndirilə bilər. Bunun tam qırılma nöqtəsinə çevrilib-çevrilməyəcəyi isə tərəflərin qarşıdakı aylarda atacağı addımlardan asılı olacaq. Hələlik tərəflər arasında münasibətlərdə strateji etimadın ciddi şəkildə zəiflədiyi müşahidə olunur və maliyyə məsələsi əslində daha geniş geosiyasi ayrışmanın görünən hissəsidir".
Zeynəb Mustafazadə