Qanunvericilikdə kitabxanalar üçün xüsusi istisnalar nəzərdə tutulmalıdır - Sənan Tapdıqov

Kitab nəşri, nüsxələnmə və müəllif hüquqları ilə bağlıdır. Bu sahə birbaşa əqli mülkiyyət və müəllif hüquqları qanunvericiliyi ilə tənzimlənir və burada hüquqi tələblərə ciddi əməl olunması olduqca vacibdir.

Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Milli Məclisin Mədəniyyət komitəsində keçirilən "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai müzakirədə deyib.

S.Tapdıqov xatırladıb ki, Agentliyin tabeliyində, respublika statuslu, ölkənin ən böyük elmi-texniki kitabxanalarından biri fəaliyyət göstərir:

"Respublika Elmi-Texniki Kitabxanasının yaşı təxminən yüz ilə yaxındır. SSRİ dövründə də unikal kitabxanalardan biri hesab olunurdu və belə kitabxanalardan cəmi üçü mövcud idi, onlardan biri Azərbaycanda yerləşirdi. 2018-ci ildə kitabxana bizim tabeliyimizə verildi. O zaman kitabxananın vəziyyəti heç də yaxşı deyildi - kitablar müxtəlif yerlərə səpələnmiş, uyğun olmayan şəraitdə saxlanılırdı. Biz mərhələli şəkildə bu problemlərin aradan qaldırılmasına başladıq".

İH-nin üzvü vurğulayıb ki, birinci mərhələdə kitabların toplanması və bərpası həyata keçirildi. İkinci mərhələdə kitabxana fondlarının saxlanılması üçün minimum standartlara uyğun infrastruktur bərpa olundu və təmir işləri aparıldı. Üçüncü mərhələdə isə kitabların kataloqlaşdırılması və sistemləşdirilməsi həyata keçirildi:

"Bununla yanaşı, elektronlaşdırma işləri də aparıldı. Lakin burada xüsusi bir məqamı qeyd etmək lazımdır: bütün bu proseslər müəllif hüquqları qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilib. Eyni zamanda kitabxananın strukturu və kadr siyasəti də optimallaşdırılıb. 126 nəfərlik heyət daha səmərəli və ixtisaslı kadr prinsipi əsasında yenidən təşkil edilib və tərkibi əvvəlcə 100 nəfərə endirilib, hazırda isə 85 nəfərdən ibarətdir."

O əlavə edib ki, elektron nüsxənin hazırlanması hüquqi baxımdan da nüsxələmə hesab olunur və müəllif hüquqları qanunvericiliyinə ciddi riayət edilməlidir:

"Qanunvericilikdə kitabxanalar üçün xüsusi istisnalar nəzərdə tutulmalıdır. Bu istisnalar kitabların kommersiya məqsədi ilə deyil, yalnız qorunması, arxivləşdirilməsi və ictimai əlçatanlığın təmin olunması üçün elektronlaşdırılmasına imkan yaratmalıdır. Çünki kitablar zamanla fiziki olaraq köhnəlir, bəzi nüsxələr əlçatan olmur və bu da onların itirilməsi riskini artırır. Elektronlaşdırma isə onların daha geniş auditoriyaya çatdırılmasına imkan verir".

S.Tapdıqov qeyd edib ki, ölkədə gedən rəqəmsallaşma prosesləri, süni intellekt texnologiyalarına keçid baxımından da kitabların rəqəmsal formatda mövcudluğu vacibdir. Bu, həm də biliklərin gələcək texnoloji sistemlər tərəfindən daha effektiv istifadəsinə şərait yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31