Politoloq: “Bu, xarici siyasətdən çox seçki kampaniyasına hesablanmış bəyanatdır”- ÖZƏL

ATƏT-in Minsk Qrupu həmsədr ölkələr ABŞ, Rusiya və Fransanın Qarabağ münaqişəsinin həllinə imkan verməməsi üçün yaradılıb.
Hazırda tətildə olan və hakim Vətəndaş Müqaviləsi Partiyasının proporsional namizədlər siyahısına rəhbərlik edən Ermənistanın baş naziri Nikol Paşinyan bunu İctimai Televiziyada seçkiqabağı debat zamanı bildirib. O bunu həll olunmamış münaqişənin müxtəlif vaxtlarda bu ölkələrin maraqlarına xidmət etməsi ilə əlaqələndirib.

Paşinyanın ABŞ, Rusiya və Fransanı hədəf alan fikirləri həmin ölkələrlə münasibətlərə təsir göstərə bilərmi? Bu açıqlama Ermənistanın xarici siyasətində yeni yanaşmanın göstəricisi sayıla bilərmi?Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Paşinyanın bu fikirləri əslində yeni deyil və təəccüblü də deyil. Qarabağ münaqişəsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti bizə hələ onilliklər öncəsindən bəlli idi. İşğal bitəndən sonra Azərbaycan hökumətinin Minsk qrupuna qarşı radikal mövqe alması da onu göstərirdi ki, bəli, bu qrup həqiqətən də münaqişənin həlli üçün yox, həll olunmaması üçün qurulmuşdu. Bu, tarixi faktdır. Bir zamanlar bunu sadəcə biz səsləndirirdik, bu mövqedən yalnız biz çıxış edirdik. Təəssüf ki, Ermənistan hökumətləri, o cümlədən Paşinyanın özü də işğalın bitdiyi illərə qədər Minsk qrupunun fəaliyyətsizliyindən işğalın davam etdirilməsi məqsədilə istifadə edirdilər. Hətta Koçaryan və Sarkisyan kimi daha radikal erməni siyasətçiləri Minsk qrupunun fəaliyyətsizliyi faktını öz dövlət maraqlarına çevirmiş, işğal siyasətini onun yaratdığı mövcud vəziyyət fonunda pərdələyə bilmişdilər. Biz əvvəllər də söyləyirdik ki, Ermənistanda elə bir hakimiyyət formalaşmalıdır ki, onlar da fərqinə varsınlar: Qarabağ münaqişəsinin həll olunmaması birinci növbədə Azərbaycanın maraqlarına zərbə vururdusa, ikinci ən böyük zərərçəkən tərəf elə Ermənistanın özü idi. Azərbaycan bundan ən çox ona görə zərər çəkirdi ki, bu, bizim suverenliyimizi pozan bir amil idi. Ərazi bütövlüyümüz tam bərpa olunmurdu, Qarabağ kimi münbit torpaqlara, yeraltı və yerüstü sərvətlərə sahib ola bilmirdik. Həmçinin tarixi və milli dəyərlər baxımından əvəzolunmaz bir parçamız işğal altında qalırdı.
Eyni zamanda həm Ermənistan, həm də Azərbaycan tərəfi münaqişə səbəbindən yolların bağlı olması, tranzit layihələrin iflasa uğraması və regional kommunikasiyaların işləməməsi reallığında zərər görürdü. Beləliklə, müəyyən bir status-kvo formalaşmışdı.
Sevindirici haldır ki, artıq seçki göstəricilərində öndə gedən bir Ermənistan siyasətçisi bu fikirləri özü açıq şəkildə dilə gətirir. Burada ilk baxışda təəccüblü görünə biləcək məqam ondan ibarətdir ki, Paşinyan artıq təkcə Rusiyanı deyil, müəyyən mənada ABŞ və Fransa kimi əsas dəstəkçilərini də zərbə altında qoymuş olur. Amma bu başa düşüləndir. Son bir ayın qısa xülasəsi göstərir ki, Kremldən idarə olunan informasiya və siyasi mərkəzlər əl-ələ verərək anti-Paşinyan kampaniyasını kifayət qədər uğurla həyata keçirirlər. Bu proses son günlərdə ciddi narahatlıq yaratmasa da, Paşinyanın reytinqində müəyyən azalmaya səbəb olub. Paşinyan bu açıqlamanı verərkən cümlə daxilində Rusiya ilə yanaşı ABŞ və Fransanın da adını çəkməklə sanki tərəfsiz qalan və ya tərəf seçməkdə çətinlik çəkən erməni seçicilərinə müraciət edir. O demək istəyir ki, iddia edildiyi kimi nə "türk agentidir", nə "Qərb agentidir", nə də anti-rus mövqedə dayanır. O, sadəcə Ermənistanın maraqlarını müdafiə etməyə və ölkəsinin gələcəyini daha yaxşı qurmağa çalışan siyasətçi olduğunu göstərmək istəyir. Bu mesaj da məhz həmin tərəfsiz seçicilərə ünvanlanıb. Real siyasi vəziyyət isə hələ tam formalaşmayıb və mənə elə gəlir ki, bundan sonra da tam formalaşması çətin olacaq. Çünki Qərb ölkələri coğrafi baxımdan uzaqdırlar. Onlar Qafqazı nə biz türklər, nə ruslar, nə farslar, nə ermənilər, nə də gürcülər qədər tanıya bilməzlər. Həmin ölkələr üçün əsas məqsəd Qafqazda dominant siyasi mərkəz olmaq deyil. Onların əsas hədəfi Cənubi Qafqaz ölkələri ilə əlaqələri genişləndirmək, öz maraqlarına uyğun yerli hakimiyyətlərlə əməkdaşlıq etmək və münasibətləri şaxələndirməkdir. Bu baxımdan düşünürəm ki, ABŞ və Fransa tərəfi Paşinyanın bu fikirlərini anlayacaq və burada öz maraqları üçün ciddi təhlükə görməyəcəklər. Burada yenə də əsas faktor Rusiya olaraq qalır. Amma Paşinyan yaxşı bilir ki, onsuz da Rusiya anti-Paşinyan kampaniyasına dəstək verir və onun seçilməməsi üçün digər siyasi qüvvələri dəstəkləməyə davam edir. Yəni Paşinyanın Rusiya baxımından itirəcəyi əlavə bir şey yoxdur. Bu açıqlama olmasaydı belə, Kreml yenə də anti-Paşinyan mövqeyində qalacaqdı və həmin kampaniyanı davam etdirəcəkdi. Bu açıqlamanın Ermənistanın xarici siyasətində yeni yanaşmanın göstəricisi olub-olmamasına gəlincə, demək olar ki, Paşinyan artıq yeni dünya düzənində formalaşacaq reallıqlara ölkəsini hazırlamağa çalışır. Amma mənə elə gəlir ki, bu açıqlama dövlət siyasətindən daha çox seçki kampaniyasına hesablanmış bəyanat idi. Çünki seçkiyə artıq çox az vaxt qalıb. Bu vacib mesajla Paşinyan tərəfsiz seçicilərin müəyyən hissəsini öz tərəfinə çəkməyə və səs faizini artırmağa çalışır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31