Bakı ilə əməkdaşlıq, eyni zamanda təzyiq- Avropa Parlamentində etiraf- ÖZƏL
17:47 SiyasətAvropa Parlamentinin plenar iclasında bir qrup deputat qurumun Azərbaycana qarşı qərəzli fəaliyyətinə etiraz edib.
Deputat Kristian Terheş parlamentin Azərbaycana hücum etmək üçün Ermənistanla bağlı 2024-cü il qətnaməsindən istifadə etdiyini və bu davranışın Gürcüstan kimi ölkələri qurumdan uzaqlaşdırdığını bildirib. Anjelin Füre isə Avropanın Bakı ilə həm enerji əməkdaşlığı etdiyini, həm də parallel olaraq təzyiq göstərdiyini vurğulayıb. Tyeri Mariani Azərbaycanın konstruktiv dialoq istədiyini, lakin öz qanuni narahatlıqları səbəbindən qapıları bağladığını, Tomas Frölix isə Bakının Avropa Parlamentinin mənəvi qiymətləndirmələrindən yorulduğunu qeyd edib.
Deputatların bu çıxışları qurum daxilində də Azərbaycana qarşı qərəzliliyə etirazların olduğunu göstərir.

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Avropa Parlamentində bir qrup deputatın Azərbaycana qarşı qərəzli yanaşmaları tənqid etməsi və qurumu ikili standartlarda ittiham etməsi diqqət çəkir. Bu, Azərbaycanın Avropa Parlamentinə dair son mövqeləri ilə uzlaşır.
Bu da onu göstərir ki, Avropa Parlamentinin daxilində onun yanaşmaları artıq ciddi şəkildə tənqid olunur və ədalətsiz yanaşmalara qarşı müəyyən etiraz mühiti formalaşır.
Təbii ki, Avropa Parlamentinin qərarvermə mexanizmləri fərqlidir. Qərarlar ümumilikdə koordinasiya və səsvermə nəticəsində qəbul olunur.
Avropa Parlamentində, sayca az olsa da, neytral və balanslı mövqe sərgiləyən deputatların mövcud olduğu məlumdur. Bu şəxslər Azərbaycanın mövqeyini anlayır və daha obyektiv yanaşma nümayiş etdirirlər.
Eyni zamanda, bu vəziyyət Avropada bəzi dairələrin Azərbaycanla bağlı müxtəlif maraqlarının olduğunu da daha qabarıq şəkildə göstərir.
Qeyd etmək lazımdır ki, liberal qrupların və erməni lobbisinin təsiri altında olan bəzi deputatların mövqeləri daha güclüdür. Ehtimal etmək olar ki, həmin dairələr Avropa Parlamentində məqsədli şəkildə müəyyən siyasi gərginlik yaratmağa çalışırlar.
Bununla belə, Avropa Parlamentində həqiqəti anlayan və obyektiv mövqe sərgiləyən şəxslər də mövcuddur. Lakin ümumi mənzərə göstərir ki, bu yanaşma hələlik qurumun mövqeyini tam dəyişməyə kifayət etmir.
Bu proseslər onu göstərir ki, ölkəmizə qarşı sərt ritorika hələ də davam edir.
Avropa Parlamentinin bəzi sərt qərarlarına rəğmən, Azərbaycan Avropa İttifaqının digər strukturları ilə əməkdaşlığını davam etdirir.
Bu baxımdan da anti-Azərbaycan mövqeli qüvvələr öz maraqlarını həyata keçirməyə çalışdıqca, bu cür yanaşmaların davam etməsi də mümkündür. Lakin burada söhbət demokratik və beynəlxalq prinsiplərə əsaslanan yanaşmadan deyil, ayrı-ayrı siyasi maraqlardan gedir".
Zeynəb Mustafazadə