Güney Qafqazın yeni güc memarlığı: Bakı və Tiflis gələcəyin xəritəsini çəkir – ÖZƏL
17:00 SiyasətƏkbər Qoşalı: "Bu, həm də Türk dünyasının fiziki bağlarının dərinləşməsi deməkdir".
Gürcüstan və Azərbaycan enerji və nəqliyyat sahəsində əməkdaşlığı genişləndirən yeni sazişlər imzalayıb. Tərəflər Cənubi Qafqaz Qaz Boru Kəməri üzrə 20 illik yeni razılaşma əldə edib. Gürcüstan Azərbaycandan endirimli qaz almağa davam edəcək. Eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolu üzrə əməkdaşlıq gücləndirilib, Bakı-Tiflis sərnişin qatarlarının fəaliyyəti bərpa olunub.
"Güney Qafqazın geopolitik ritmini anlamaq üçün bəlkə xəritədən öncə, boru kəmərlərinə, relslərə və enerji anlaşmalarının "sətirarası"na baxmaq gərəkdir. Çağdaş dünyada dövlətlərin taleyini təkcə sınırlarmı bəlli edir? Bəs enerji arteriyaları, daşınma dəhlizləri necə? Azərbaycanla Gürcüstan arasında imzalanmış yeni enerji və tranzit anlaşmaları da məhz bu baxımdan bölgənin gələcək güc memarlığını müəyyən edən strateji sənədlərdir. Gürcüstan üçün bu sənədlərin ilk və ən gerçək təsiri enerji təhlükəsizliyi ilə bağlıdır. Gürcüstan uzun illərdir, enerji balansında Azərbaycan qazına söykənən güvənli model qurub. Yeni 20 illik anlaşma Tiflisin enerji sabitliyinə uzunmüddətli təminat verir. Bunun təkcə "ucuz qaz almaq" məsələsi olmadığı bəllidir, burada söhbət siyasi risklərin minimuma endirilməsindən, enerji bazarının şoklardan qorunmasından və iqtisadi planlaşdırmanın daha dayanıqlı şəkildə aparılmasından gedir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Gürcüstan üçün ikinci böyük üstünlük tranzit gəlirləridir. Güney Qafqaz Qaz Boru Kəməri həm də geoiqtisadi gəlir qaynağıdır. Tranzit ölkə olmaq artıq XXI yüzildə coğrafiyanın iqtisadi kapitallaşdırılması deməkdir. Gürcüstan həm qaz tranzitindən əlavə gəlir əldə edir, həm də bölgəsəl enerji xəritəsində öz önəmini qoruyur. Bu isə beynəlxalq yatırımçıların ölkəyə baxışını dəyişir. Çünki enerji marşrutunun üzərində yerləşən ölkə təkcə keçid məkanı olmur, o, artıq strateji tərəfdaş statusu qazanır. Bakı-Tiflis-Qars xətti üzrə koordinasiyanın gücləndirilməsi və sərnişin qatarlarının hərəkətinin bərpası isə başqa bir mühüm mərhələnin başlanğıcıdır. Bu, daşınmalar məsələsindən daha üstün - Türk dünyasının fiziki bağlarının dərinləşməsi deməkdir. Gerçəklik budur ki, dəmir yolları bəzən diplomatlardan daha uzunömürlü birliklər yaradır. Bakıdan Tiflisə, oradan Qarsa uzanan xətt ticarət qədər mədəni və siyasi yaxınlaşmanın da simvoludur.
"Azərbaycan baxımından isə bu anlaşmaların önəmi daha geniş geopolitik miqyas daşıyır. Azərbaycan artıq enerji təhlükəsizliyi yaradan dövlətdir. Avropanın enerji xəritəsində güvənli tərəfdaş statusu qazanmaq hər ölkəyə nəsib olmur. Özəlliklə də son illərin qlobal enerji böhranları fonunda Bakı özünü sabit, öngörülən və siyasi manipulyasiyalardan uzaq tərəfdaş kimi təsdiqlədi. Yeni razılaşmalar Güney Qaz Dəhlizinin uzunömürlülüyünü möhkəmləndirir. Çünki enerji layihələrinin ən həssas yeri tranzit təhlükəsizliyidir. Gürcüstanla strateji koordinasiyanın dərinləşməsi Azərbaycan qazının Avropaya daşınmasında əlavə sabitlik yaradır. Bu isə Avropa bazarında Azərbaycanın mövqeyini daha da gücləndirir. Digər tərəfdən, burada siyasi anlam da var. Azərbaycan göstərir ki, bölgəsəl işbirliyi modeli qarşılıqlı fayda üzərində qurula bilər. Bakı-Tiflis tərəfdaşlığı artıq uzun illərdir, Güney Qafqazın ən uğurlu strateji işbirliyi örnəklərindən biri sayılır. Yeni anlaşmalar bu modelin təsadüfi olmadığını, sistemli və uzunmüddətli geosiyasi baxışa söykəndiyini təsdiqləyir. Əslində, bu anlaşmalara yalnız iqtisadi sənəd kimi baxmaq yetərli deyil. Burada gələcəyin bölgə modeli görünür: enerji ilə təhlükəsizlik, daşınmalarla geopolitika, iqtisadiyyat ilə strateji müttəfiqlik bir-birinə bağlanır. XXI yüzilin yeni İpək Yolu artıq qaz kəmərləri, dəmir yolları və rəqəmsal logistika ilə qurulur. Azərbaycan və Gürcüstan isə bu yolun əsas memarlarından biri olmaq iddiasını daha açıq şəkildə ortaya qoyur", - deyə Ə. Qoşalı sonda qeyd edib.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova