Özgür Özəlin gedişi siyasəti necə dəyişəcək? – CHP-ni gözləyən iki əsas ssenari – ÖZƏL

Ankara Məhkəməsinin qərarı ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələri ləğv edilib, Özgür Özel sədrlikdən uzaqlaşdırılaraq yerinə yenidən Kamal Kılıçdaroğlu gətirilib. Qərarın icrası çərçivəsində mayın 24-də polis Ö.Özəl və tərəfdarlarını partiyanın mərkəzi qərargahından çıxarıb. Məhkəmə sənədini cıraraq etiraz edən Ö.Özəl tərəfdarlarına müraciətində geri qayıdacaqlarını bəyan edib.
Xatırladaq ki, K.Kılıçdaroğlunun rəhbərliyi dövründə - 2023-cü ilin may seçkilərində CHP 170-ə yaxın mandat qazanmışdı. Ö.Özəlin rəhbərliyi altında isə partiya 2024-cü ilin mart bələdiyyə seçkilərində böyük uğur qazansa da, bir müddət sonra CHP bələdiyyələrinə qarşı korrupsiya ittihamı ilə cinayət işi açılmışdı.

"Əvvəlki Türkiyə siyasətində də buna bənzər maraqlı hadisələr baş verib. Bundan əvvəl Türkiyədə müxtəlif siyasi partiyaların qapadılmasının şahidi olmuşuq. 1970-80-ci illərdə həm sağ, həm də sol yönümlü bir sıra siyasi partiyalar məhkəmə qərarı ilə bağlanmışdı. Müasir dövrdə də siyasi partiyaların fəaliyyətinin tez-tez dayandırılması halları müşahidə olunub. Hətta hazırda hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasına qarşı da vaxtilə qapadılma iddiası qaldırılmışdı".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, ancaq indiki proses tamamilə fərqli mənzərə yaradır. Türkiyə tarixində ilk dəfədir ki, partiyanın qurultayı ləğv olunur və əvvəlki rəhbərlik yenisi ilə əvəz edilir. Bu, Türkiyə siyasətində kifayət qədər qeyri-adi bir tendensiya hesab oluna bilər. Nəzərə almaq lazımdır ki, Özgür Özəl partiya sədri olduqdan sonra Ərdoğan hökumətinə qarşı çox sərt müxalif siyasət aparmağa başlamışdı. Xüsusilə hökumətin əsas dayaq nöqtələrindən hesab olunan bələdiyyələrin gücləndirilməsi istiqamətində CHP ciddi uğurlar qazandı. Son bələdiyyə seçkilərində CHP-nin AK Partiyanı geridə qoyaraq çox yüksək nəticə əldə etməsi böyük rezonans doğurdu. Faktiki olaraq, Özgür Özəlin rəhbərliyi dövründə CHP hazırda Türkiyənin bir nömrəli siyasi partiyasına çevrilib. Son seçkilərdə birinci yerə çıxması da bunu göstərir. Bu vəziyyət hakimiyyət daxilində CHP-yə qarşı müəyyən tədbirlərin görülməsi zərurəti ilə bağlı düşüncələrin yaranmasına səbəb oldu. Hesab edirəm ki, baş verən hadisələr də məhz bu kontekstdə qiymətləndirilə bilər. Yəni Kamal Kılıçdaroğlunun yenidən ön plana çıxarılması CHP daxilində parçalanma və çaşqınlıq yaratmağa hesablanmış addım kimi görünür.

"Ümumilikdə isə Kamal Kılıçdaroğlunun CHP sədri postunda uzun müddət qala biləcəyinə inanmıram. Düşünürəm ki, Kılıçdaroğlu özü də CHP rəhbərliyində uzun müddət qala bilməyəcəyini anlayır. Çünki əvvəlki dövrlə müqayisədə onun partiya daxilində nüfuzu kifayət qədər zəifləyib. Ola bilsin ki, müəyyən şəxslər partiyadan uzaqlaşdırılsın. Əgər belə olarsa, həmin şəxslər CHP-dən ayrıldıqdan sonra yeni siyasi hərəkat və ya partiya yarada bilərlər. Digər variant isə onların artıq formalaşmış siyasi qüvvələrin, məsələn, İYİ Partiyanın ətrafında birləşməsidir. Burada əsas məsələ Kılıçdaroğlunun necə mövqe tutacağından asılı olacaq. Əgər o, kütləvi şəkildə partiyadaxili uzaqlaşdırmalara getməsə, növbəti qurultayın keçirilməsi və Özgür Özəlin yenidən partiya rəhbərliyinə qayıtması mümkündür. Bu halda əvvəlki siyasi xətt davam edə bilər. Əgər partiyadan uzaqlaşdırmalar baş verərsə, o zaman iki əsas ssenari ortaya çıxacaq. Birinci variant yeni siyasi hərəkatın yaradılmasıdır. Lakin bu, müəyyən çətinliklər yarada bilər. Çünki yeni yaradılan siyasi qüvvə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərindən məhrum qala bilər və seçkilərdə iştirak imkanları da çətinləşə bilər. Buna görə də bu variant bir qədər riskli görünür. İkinci variant isə onların başqa bir siyasi partiyanın, məsələn, İYİ Partiyanın ətrafında birləşməsidir. Bundan başqa, bəzi siyasətçilərin müstəqil şəkildə seçkilərə qatılması ehtimalı da var. Məsələn, Əkrəm İmamoğlu prezident seçkilərində müstəqil namizəd kimi iştirak edə bilər. Hazırda əsas müzakirə olunan məsələlərdən biri də budur ki, gələcəkdə CHP-ni seçkilərdə kimin təmsil edəcəyi və partiyanın hansı siyasi xətt üzrə davam edəcəyidir", - deyə ekspert sonda vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31