Bakının prinsipial mövqeyi: Qərbin təzyiqləri niyə nəticə vermir? – ÖZƏL
15:24 Siyasət"Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regionun aparıcı dövlətinə çevrildi. Bu gün Azərbaycan Cənubi Qafqazda söz sahibidir və region üzərindən həyata keçirilən beynəlxalq layihələr məhz Azərbaycanın iradəsi nəzərə alınmaqla formalaşır. İstər enerji sahəsində, istər nəqliyyat infrastrukturu sahəsində, istərsə də digər istiqamətlərdə Azərbaycanla hesablaşırlar. Belə olan halda Avropa İttifaqı Azərbaycanı öz təsiri altına salmaq üçün müxtəlif təzyiq metodlarına əl atmağa başladı. Bu təzyiqlər əsasən Ermənistan üzərindən həyata keçirilir. Avropa Parlament Assambleyasında Azərbaycana qarşı müşahidə olunan qərəzli münasibətin də kökündə məhz bu dayanır. Azərbaycanın müstəqil və suveren siyasəti bəzi Avropa dairələri tərəfindən qəbul edilmir. Bu baxımdan müxtəlif istiqamətlərdə Azərbaycana qarşı təzyiqlər edilir. Məqsəd Azərbaycanın onların iradəsi ilə idarə olunan dövlətə çevrilməsidir. Bu isə qəbuledilməzdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan isə Avropanın ayrı-ayrı dövlətləri ilə ikitərəfli əməkdaşlığını genişləndirir. Artıq Avropa İttifaqına üzv olan ondan çox dövlətin enerji təhlükəsizliyi müəyyən mənada Azərbaycan vasitəsilə təmin olunur. Avropada Azərbaycanın dostlarının sayı getdikcə artır və bunun nəticəsində Avropanın müxtəlif institutlarında - istər qanunverici, istər icraedici orqanlarda - Azərbaycanın mövqeyini müdafiə edən qüvvələrin sayı çoxalır. Müxtəlif dövrlərdə Avropa Parlament Assambleyasında, ATƏT-də və digər beynəlxalq platformalarda Azərbaycana qarşı qərəzli münasibətlərin şahidi olmuşuq. Bu proseslərdə xüsusilə Fransa və Almaniya fəal rol oynayıb. Avropa Parlamentində Fransadan olan bəzi nümayəndələr mütəmadi şəkildə Azərbaycan əleyhinə çıxışlar ediblər. Lakin Azərbaycanın dostlarının sayı artdıqca ölkəmizin reallıqları və haqlı mövqeyi də daha geniş şəkildə müdafiə olunur. Bu həm iqtisadi münasibətlərdən, həm də Azərbaycanın beynəlxalq nüfuzundan qaynaqlanır. Azərbaycan beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən, sabit və etibarlı dövlətdir. Xarici nümayəndələr Azərbaycandakı sabitliyi və inkişafı gördükcə, Avropanın bəzi qurumlarının qərəzli mövqeyinə etirazlarını bildirirlər. Gürcüstanın da müəyyən dövrlərdə Avropa ilə münasibətlərdə məsafə saxlaması bu proseslərin nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan da Avropa Parlament Assambleyasının qərəzli münasibətinə qarşı prinsipial mövqe nümayiş etdirib və parlament səviyyəsində müvafiq qərarlar qəbul olunub. Bu cür yanaşmalar davam edərsə, Azərbaycan öz mövqeyini daha da sərtləşdirə bilər. Buna baxmayaraq, Azərbaycan Avropanın ayrı-ayrı dövlətləri ilə həm iqtisadi, həm də siyasi münasibətlərini inkişaf etdirməkdə davam edir. Çünki iqtisadiyyat və siyasət bir-biri ilə sıx bağlıdır və bu iki amil qarşılıqlı şəkildə bir-birini tamamlayır. Azərbaycan Avropanın ondan artıq dövləti ilə enerji sahəsində strateji əməkdaşlıq həyata keçirir və həmin dövlətlər də Azərbaycanın siyasi mövqeyini müdafiə edirlər. Avropada Azərbaycanın dostlarının sayının artması ilə yanaşı, Azərbaycanın sözünü və mövqeyini müdafiə edən dövlətlərin də sayı çoxalır. Buna baxmayaraq, Avropa Parlamenti qərəzli davranışlarından əl çəkməsə, Azərbaycan həmin qurumla əməkdaşlığı davam etdirməyə bilər. Çünki Azərbaycanı təzyiq altında saxlamaq, onu asılı vəziyyətə salmaq və diktə olunan dövlətə çevirmək cəhdləri qəbuledilməzdir.
"Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan müstəqil və suveren siyasət yürüdən dövlət kimi mövqeyini qoruyur. Ermənistan isə böyük güclərin təsiri altında idarə olunan ölkəyə çevrilib. Gürcüstan da Qərbin təzyiqləri ilə üzləşir. Azərbaycan isə xarici təzyiqlərə qarşı dayanaraq adekvat cavab verir və beynəlxalq tədbirlərə ev sahibliyi etməklə dünya miqyasında öz mövqeyini daha da gücləndirir. Bildiyiniz kimi, Azərbaycan COP29 tədbirinə ev sahibliyi etdi, eyni zamanda şəhərsalma forumu kimi mühüm beynəlxalq tədbirlər keçirdi. Bu tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artdığını bir daha nümayiş etdirdi. Avropa İttifaqının bəzi strukturlarının qərəzli münasibəti isə Azərbaycanı ciddi şəkildə narahat etmir və bu cür addımlara vaxtında cavab verilir. Avropada həm qərəzli yanaşmalar sərgiləyən qüvvələr, həm də haqqı və ədaləti müdafiə edən dövlətlər mövcuddur. Azərbaycanın haqlı mövqeyini müdafiə edən dövlətlərin olması da Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin nəticəsidir", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova