Avropa İttifaqından "Google"a tarixi cərimə: Yüzlərlə milyon avro – ÖZƏL
13:41 SiyasətAvropa İttifaqı rəqabət qaydalarını pozduğu üçün "Alphabet" holdinqinə daxil olan "Google" şirkətini yüzlərlə milyon avro məbləğində cərimələməyə hazırlaşır.
Olaylar.az xəbər verir ki, Almaniyanın "Handelsblatt" qəzetinin Avropa Komissiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, yay tətilinə qədər elan edilməsi planlaşdırılan bu qərar, Aİ-nin Rəqəmsal Bazarlar Aktının (DMA) pozulmasına görə tətbiq ediləcək ən böyük cərimə olacaq. 2025-ci ilin martında başlayan rəsmi təhqiqat "Google"un axtarış nəticələrində öz servislərinə üstünlük verməsi və rəqabəti məhdudlaşdırması ilə bağlıdır.
"Google" tərəfi isə Avropa Komissiyası ilə razılığa gəlməyə hazır olduğunu bildirsə də, Aİ-nin mövcud qaydalarını kəskin tənqid edib və bu tələblər ucbatından axtarış sisteminin keyfiyyətinin tarixdəki ən aşağı səviyyəyə endiyini, avropalıların "ikinci dərəcəli xidmət" almağa məcbur qaldığını iddia edib.