Üçuşaqlı analara 5 il tez pensiya hüququ verilməlidir - DEPUTAT

"Azərbaycanda qadınlarla kişilər arasında əməkhaqqı fərqi son illər azalıb. Qadınlar və kişilər arasında əməkhaqqı fərqinin aradan qaldırılması istiqamətində qanunvericilikdə həyata keçirilən dəyişiklikləri müsbət qiymətləndirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deputat Əli Məsimli deyib:  "2017-ci ilə qədər qadınlarla kişilər arasında əməkhaqqı fərqi təxminən 54 faiz təşkil edirdisə, 2025-ci ildə bu göstərici 31,5 faizə enib. Bu, müsbət dinamika olsa da, göstəricilər sahələr üzrə fərqlənir.Əgər diqqət etsək, təhsil, səhiyyə və dövlət idarəetməsi sahələrində qadınların orta əməkhaqqısı kişilərin əməkhaqqısının 86-89 faizini təşkil edir. Amma peşə, elmi-texniki fəaliyyət sahəsində qadınların əməkhaqqısı kişilərin əməkhaqqısının 52 faizini, maliyyə sahəsində isə 56 faizini təşkil edir".

Deputat bildirib ki, qadınların əməkhaqqısının artırılması yalnız iqtisadi məsələ deyil: "Bu həm qadının, həm də ailənin gələcəyinin yaxşılaşdırılması kontekstində qiymətləndirilməlidir. Qəbul olunan qanunların icra mexanizmləri də hazırlanmalıdır ki, qadınların əməkhaqqısının kişilərin əməkhaqqına yaxınlaşdırılması prosesi sürətlənsin. Əmək bazarının tələblərinə uyğun olaraq qadınların məşğulluq imkanlarının genişləndirilməsi, onların yüksək maaş verilən sahələrdə çalışmasının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində əlavə tədbirlərə ehtiyac var.
Qadınların pensiya yaşının 65-ə çatdırılması mühüm göstəricidir və erkən pensiya ilə bağlı məsələlərə yenidən baxıla bilər. Hazırda qanunvericilikdə çoxuşaqlı ailə dedikdə 5 və daha çox uşağı olan ailələr nəzərdə tutulur. Çoxuşaqlı ailə anlayışında 5 uşaq əvəzinə 3 və daha çox uşağın nəzərdə tutulması həmin analara 5 il tez pensiyaya çıxmaq hüququ qazandıra bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31