"Rusiya Baltikyanı ölkələrlə ikinci cəbhə açacaq vəziyyətdə deyil" – ÖZƏL
17:32 Siyasət"Rusiyanın Baltikyanı ölkələrlə münasibətləri Sovet İttifaqının dağılmasından sonra heç vaxt tam rahat olmayıb. Ancaq bu o demək deyil ki, bugünkü şəraitdə Rusiyanın Baltikyanı ölkələri genişmiqyaslı şəkildə işğal etməsi və ya belə bir addım atması real görünür. Çünki Rusiya artıq Ukrayna müharibəsində çox ciddi resurslar itirib və ikinci bir cəbhə açacaq vəziyyətdə deyil".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Latviya, Litva və Estoniya isə hər zaman Rusiyadan gələn mümkün təhlükələri nəzərə alaraq təhlükəsizlik məsələsini ön planda saxlayırlar. Bu ölkələr NATO üzvüdür və NATO-nun 5-ci maddəsinə əsasən, üzv ölkələrdən birinə hücum olarsa, bu, bütün alyansa qarşı hücum hesab edilir. Yəni Baltikyanı ölkələrə hər hansı müdaxilə NATO ilə Rusiyanın birbaşa qarşı-qarşıya gəlməsi demək olar ki, bu da hazırkı şəraitdə real görünmür. Rusiyanın əsas strategiyası daha çox bu ölkələri hibrid müharibə üsulları ilə təzyiq altında saxlamaqdır. Buraya kiberhücumlar, sərhəd gərginlikləri, informasiya təzyiqləri və müxtəlif siyasi mesajlar daxildir. Ancaq hazırda Baltikyanı ölkələrə qarşı genişmiqyaslı hərbi eskalasiya ehtimalı yüksək deyil. Çünki bu, Rusiyanın NATO ilə açıq qarşıdurmaya girməsi demək olardı. Digər tərəfdən, NATO da həmin ölkələrdə hərbi mövcudluğunu artırmağa davam edir. Rusiya rəsmiləri, o cümlədən Vladimir Putin və digər rəsmilər tez-tez bildirirlər ki, NATO-nun sərhədlərə yaxınlaşması Rusiyanın təhlükəsizlik strategiyasına təhdid yaradır. Buna görə də Moskva bu cür açıqlamalarla həm NATO-nun gələcək addımlarına mesaj verməyə, həm də qabaqlayıcı siyasi mövqe nümayiş etdirməyə çalışır. Baltikyanı ölkələrin rəhbərlərinin və rəsmilərinin çıxışları isə əsasən iki məqsəd daşıyır: birincisi, daxili auditoriyaya təhlükəsizlik mesajı vermək, ikincisi isə NATO ilə əməkdaşlığın və alyansın bölgədəki iştirakının vacibliyini ön plana çıxarmaqdır. Onlar hesab edirlər ki, NATO ilə yaxın münasibətlər Rusiyadan gələn mümkün risklərə qarşı əsas təminatdır.
"O ki qaldı Rusiya-Ukrayna müharibəsinə, müharibənin davam etməsi Avropa İttifaqını, NATO-nu və xüsusilə Baltikyanı ölkələri narahat etməyə davam edir. Buna görə də həmin ölkələr Rusiyanın gələcək addımlarının qarşısını almaq üçün davamlı şəkildə siyasi bəyanatlar verir, təhlükəsizlik məsələlərini gündəmdə saxlayırlar. Rusiya isə öz növbəsində bildirir ki, əgər onun təhlükəsizliyinə təhdid yaranarsa və ya özünə qarşı hansısa addımlar atılarsa, cavab vermək hüququnu özündə saxlayır. Yəni tərəflər arasında əsas mübarizə hazırda daha çox siyasi mesajlar, təhlükəsizlik ritorikası və hibrid təzyiq üsulları üzərindən davam edir", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova