Daşkənddə WUF13 çərçivəsində şəhər inkişafında mədəniyyətin roluna həsr olunmuş seminar təşkil olunub

Özbəkistandakı səfirliyimizin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənd Memarlıq və İnşaat Universitetində "Şəhər inkişafında mədəniyyətin rolu və təsiri: Bakı və Daşkənd modellərinin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində müqayisəli təhlili" adlı seminar-proqram keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, Daşkənd Memarlıq və İnşaat Universitetinin rektoru Baxrom Tolaqanov tədbirin açılışında çıxış edərək seminarın universitetdə keçirilməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, WUF13 çərçivəsində Bakı və Daşkənd şəhərlərinin mədəniyyət, memarlıq irsi və şəhərsalma təcrübəsi baxımından müqayisəli təhlili aktual və əhəmiyyətlidir.

Rektor vurğulayıb ki, bu mövzu tələbələr, tədqiqatçılar və mütəxəssislər üçün həm elmi, həm də praktik baxımdan faydalıdır. O, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirərək belə tədbirlərin Azərbaycan və Özbəkistan arasında elmi-akademik əməkdaşlığın inkişafına, gənc mütəxəssislərin bilik və dünyagörüşünün genişlənməsinə töhfə verdiyini qeyd edib.

Tədbirdə Mərkəzin direktoru Akif Marifli bildirib ki, WUF13 bu günlərdə dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri kimi Bakı şəhərində keçirilir. Forumun əsas mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri"dir. O qeyd edib ki, şəhər inkişafında mədəni irsin qorunması və milli-mədəni dəyərlərin urbanistik proseslərə inteqrasiyası mühüm rol oynayır.

Seminar çərçivəsində Bakı və Daşkənd modelləri müqayisəli şəkildə təhlil olunub.

Tədbirdə memarlıq və şəhərsalma sahəsi üzrə mütəxəssislər, mədəniyyət və elmi ictimaiyyətin nümayəndələri, eləcə də Daşkənd Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Seminar WUF13 çərçivəsində şəhər inkişafına mədəni yanaşmanın əhəmiyyətini vurğulayan, Azərbaycan və Özbəkistan arasında mədəni-humanitar və elmi-akademik əməkdaşlığın genişlənməsinə töhfə verən mühüm tədbir kimi yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31