Telefon insanın yaddaşını əlindən alır?
18:10 Sosialİnsan yaddaşı bəşəriyyətin ən mürəkkəb və eyni zamanda ən möcüzəvi mexanizmlərindən biridir. Biz kim olduğumuzu, haradan gəldiyimizi, nə yaşadığımızı və nə öyrəndiyimizi məhz yaddaş sayəsində formalaşdırırıq. Keçmişi xatırlamaq, bu günü dərk etmək və gələcəyi planlaşdırmaq arasında körpü yaradan əsas güc məhz yaddaşdır. Lakin son illərdə texnologiyanın, xüsusilə də smartfonların sürətli inkişafı bu qədim və həssas sistemin davranışını dəyişdirməyə başlayıb. Telefon artıq sadəcə ünsiyyət vasitəsi deyil, insanın yaddaşının xarici "arxivi"nə çevrilib. Bəs bu dəyişiklik bizə nə qazandırır və nələri əlimizdən alır?
Bir vaxtlar insanlar onlarla telefon nömrəsini əzbər bilirdi, yaxınlarının ünvanlarını yadda saxlayırdı, hətta vacib tarixləri və görüşləri belə kağız parçalarına, gündəliklərə və ya sırf zehni yaddaşa etibar edirdi. O dövrdə yaddaş təkcə məlumat saxlamaq funksiyası daşımırdı, həm də insanın düşünmə qabiliyyətini, diqqətini və intellektual çevikliyini formalaşdıran əsas vasitə idi. İnsan beyninin məşq etdiyi sahələrdən biri məhz informasiya saxlamaq və onu lazım gəldikdə geri çağırmaq idi. İndi isə bir telefonun içində minlərlə kontakt, avtomatik xatırlatmalar, xəritələr və qeydlər var. İnsan beyninə düşən yük azalıb, amma bununla yanaşı, yadda saxlamaq vərdişi də zəifləməyə başlayıb. Düşünürəm ki, burada əsas sual "telefon yaddaşı zəiflədirmi?" yox, "telefon yaddaşı necə dəyişdirir?" olmalıdır. Çünki insan beyni tənbəlləşən bir orqan deyil, əksinə, o daim uyğunlaşan və özünü yenidən quran bir sistemdir. Texnologiya bizim xatırlamaq funksiyamızı tamamilə sıradan çıxarmır, lakin onu başqa formaya salır. Artıq insanlar məlumatı beynində saxlamaq əvəzinə, ona necə çatacağını yadda saxlayır. Yəni "nəyi bilirəm?" sualı tədricən "nəyi harada tapa bilərəm?" sualı ilə əvəz olunur.
Yaddaşın insan həyatında rolu isə dəyişməz olaraq qalır. Yaddaş təkcə faktların toplusu deyil, həm də təcrübənin, emosiyaların və şəxsiyyətin formalaşdığı əsas mərkəzdir. İnsan keçmişini xatırlamadan gələcəyini qurmaqda çətinlik çəkər. Bir hadisəni, bir sözü, bir hissi yadda saxlamaq insanın qərarvermə prosesinə, davranışlarına və hətta münasibətlərinə birbaşa təsir göstərir. Yaddaş zəiflədikcə insanın daxili istiqamət hissi də zəifləyir.
Telefonların gündəlik həyatımıza bu qədər daxil olması isə yaddaşın funksional istiqamətini dəyişib. Artıq biz adları, tarixləri və ya nömrələri əzbərləməyə ehtiyac duymuruq, çünki cihazlarımız bunu bizim yerimizə edir. Bu isə bir tərəfdən rahatlıq, sürət və əlçatanlıq yaradır. Digər tərəfdən isə beynin "aktiv yaddaş" funksiyasını azaldır. İnsan daha az xatırlayır, amma daha çox asılı olur. Hər hansı bir məlumatı xatırlamaq üçün telefona müraciət etmə vərdişi zamanla zehni refleksə çevrilir. Bununla belə, yaddaşın zəifləməsi kimi görünən proses əslində bəlkə də onun yenidən təşkil olunmasıdır. İnsan beyni prioritetlərini dəyişir: artıq detalların hamısını saxlamaq əvəzinə, daha çox analiz etməyə, müqayisə etməyə və qərar verməyə fokuslanır.
Mövzu ilə bağlı həkim-nevroloq Qalib Əsədov Olaylar.az-a açıqlama verib:
" Müasir insan gününün böyük hissəsini ekran qarşısında keçirir. Telefon, kompüter və sosial şəbəkələr artıq sadəcə ünsiyyət vasitəsi deyil-onlar işimizin, təhsilimizin, əyləncəmizin və hətta münasibətlərimizin bir hissəsinə çevrilib. Lakin texnologiyanın həyatımıza verdiyi rahatlıqla yanaşı, "rəqəmsal yorğunluq" adlanan yeni problem də yaranıb.
Rəqəmsal yorğunluq nədir?
Rəqəmsal yorğunluq- uzun müddət telefon, planşet və kompüter ekranına baxmaq nəticəsində yaranan fiziki və psixoloji tükənmə halıdır. İnsan daim məlumat axını içində olduqda beyin fasiləsiz işləməyə məcbur olur. Bildirişlər, mesajlar, videolar və sosial şəbəkələr beynin dincəlməsinə imkan vermir. Bu vəziyyət diqqət zəifliyi, əsəbilik, yuxu pozğunluğu, emosional yorğunluq, motivasiya azalması yarada bilər. Sosial şəbəkələrdə insanlar çox vaxt həyatın yalnız "ideal" tərəfini paylaşırlar. Başqalarının uğur və xoşbəxtlik görüntülərini davamlı izləmək isə özünü müqayisə etməyə, narazılığa, təşvişə, depressiv hisslərə səbəb ola bilər. Daim qısa videolar və sürətli informasiya qəbul edən beyində diqqət müddəti də azalır. İnsan uzun məqalə oxumaqda, dərsə və ya işə fokuslanmaqda çətinlik çəkir.
Uzun müddət ekrana baxmaq göz quruluğu, baş ağrısı, boyun və bel ağrıları, yuxu keyfiyyətinin pisləşməsinə səbəb olur. Xüsusilə gecə telefondan gələn mavi işıq melatonin hormonunu azaldaraq yuxuya getməyi çətinləşdirir. Texnologiya insanları bir-birinə bağlasa da, bəzən yaxın münasibətləri zəiflədir. Eyni masada oturan ailə üzvlərinin hərəsinin telefona baxması artıq adi hala çevrilib.
Rəqəmsal asılılıq canlı ünsiyyəti azaldır, emosional yaxınlığı zəiflədir, ailə daxili diqqətsizlik yaradır. Valideynlərin telefona həddindən artıq bağlı olması uşaqlarla münasibətə də təsir edir. Uşaqlar özlərini dinlənilməmiş və diqqətdən kənar hiss edə bilirlər. Telefon bildirişləri beynin diqqət sisteminə də təsir göstərir. İnsan bir işə fokuslanmağa çalışarkən mesaj, sosial media bildirişi, video və reklamlar fikri yayındırır. Nəticədə məhsuldarlıq azalır, yaddaş zəifləyir, dərin düşünmək çətinləşir. Müasir dövrdə insanların uzun müddət bir mövzuya diqqət saxlaya bilməməsinin əsas səbəblərindən biri də budur".
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, həkim Aydın Əliyev Olaylar.az-a açıqlama verib:
" İnsan bədənində qəbul olunmuş rəqəmlər var.
İnsanda təxminən 80-100 milyard arası sinir düyünü var. Həmin sinir düyünləri, yəni sinir hüceyrələri- neyronlar adlanır. Bir neyron eyni vaxtda min, bəzən 10 min digər neyronla əlaqə yaradır. Bir sinir düyünü (neyron) eyni anda ən azı min, bəzən 10 minə qədər digər sinir hüceyrəsi ilə əlaqəyə girir.
Digər bir məsələyə baxaq. Deyirlər ki, insanın iki gözü var. Xeyr, insanın iki gözü yoxdur. İki göz sadəcə çıxışdır, amma əslində görmə sistemimiz daha genişdir. Məsələn, biz bir yerə baxanda yalnız iki hadisəni deyil, yüzlərlə detalı eyni anda görürük: kənarları, uzağı, yaxınlığı və s. Yəni biz iki gözlə yox, çoxsaylı vizual məlumatı eyni anda qəbul edirik. Ona görə də bunu düşünmək lazımdır.
Digər tərəfdən eşitmə. Qulaqlarımız ikidir, amma biz yalnız iki səs eşitmirik. Biz həm yaxın səsləri, həm də uzaqdan gələn səsləri eyni anda qəbul edirik. Yəni Allah insana nə qədər böyük imkanlar verib. İndi başqa bir məsələ: niyə yaddaş zəifləyir? Bu təkcə telefondan deyil. Keyfiyyətsiz su, hava, qida, əsəbilik və gərginlik-bunların hamısı təsir edən amillərdir. Telefon da burada əsas rollardan birini oynayır. Niyə? Çünki dediyim kimi, beynimizdəki müxtəlif mərkəzlər bir-biri ilə əlaqəli şəkildə işləməlidir.
Telefon isə çox vaxt eyni mərkəzləri aktiv edir, digər proseslərə isə imkan vermir. Beyin dar çərçivədə işləməyə başlayır. Buna ümumilikdə adətkarlıq deyilir. Bu gün dünyada texnoloji asılılıq, narkotik asılılığı kimi ciddi problemə çevrilib. Telefon və texnologiyadan düzgün istifadə edilmədikdə beynin bütün mərkəzləri arasındakı əlaqə zəifləyir. Artıq beyində geniş əlaqə deyil, dar fəaliyyət sahəsi qalır. Bu da yaddaşa təsir edir.
Yaddaş təkcə dərs oxumaqla formalaşmır. Əgər insan dərsi müzakirə edirsə, sual-cavab edir, müəllimlə danışır, kitab oxuyur, öyrəndiklərini müxtəlif formada təkrarlayırsa, o zaman məlumat yadda qalır. Amma eyni fəaliyyət təkrarlanırsa və digər mərkəzlər işləmirəmsə, yaddaş zəifləyir. Nəticədə yaddaşsızlıq artır.
Yaddaşsızlıq isə ciddi problemdir: qohumluq əlaqələri zəifləyir, münasibətlər pozulur, əsəbilik və gərginlik artır. Digər tərəfdən bu, orqanizmə də təsir edir. Hətta hüceyrə səviyyəsində, mitoxondriya səviyyəsində belə dəyişikliklərə səbəb ola bilər. Ona görə də texnoloji vasitələrdən düzgün istifadə etməmək bir çox problemlərin yaranmasına səbəb olur. Bundan başqa ekoloji problemlər, radiasiya, müharibələr, keyfiyyətsiz su, qida və hava, həmçinin ayaqüstü yeməklər də insan sağlamlığına mənfi təsir göstərir. İnsan düzgün qidalanmalı və oturaq həyat tərzindən uzaq olmalıdır. Bütün bunların nəticəsində telefonların və texnologiyanın düzgün istifadə olunmaması beynin müxtəlif mərkəzləri arasındakı əlaqəni zəiflədir. Eyni mərkəzlər daim aktiv olur, digər mərkəzlər isə zəifləyir. Buna da adətkarlıq deyilir. Çox sağ olun, vacib məsələlərdir".
Zeynəb Mustafazadə