Baltik küləkləri, Qara dəniz dalğaları və Ukrayna səngərləri: Avropanın yeni xəritəsi cızılır – ÖZƏL

"Kremlin geopolitik davranışının yalnız Ukrayna ilə sınırlı olmadığını Avropa getdikcə daha dərindən anlayır. Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva - bugün coğrafi bölgədən daha çox, Qərbin iradə sərhədidir. Ona görə Avropa Birliyinin, NATO-nun verdiyi sərt ismarıclar yeni təhlükəsizlik doktrinasının açıq ifadəsidir. Yəni biz bunu təsadüfi diplomatik ritorika saymamalıyıq".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Yazar bildirib ki, Rusiyanın Baltikyanı ölkələrə yönəlik təhdidləri tammiqyaslı işğal formatında yaxın perspektivdə gerçəklik kimi görünməsə də, "hibrid təzyiq", sərhəd provokasiyası, kiberhücumlar, enerji sabotajı, hava məkanının pozulması, etnik rus faktorunun siyasiləşdirilməsi və informasiya savaşı formatında olduqca realdır. Kremlin əsas məqsədi bəzən torpaq almaqdan çox, qorxu istehsal etmək olur. Necə deyərlər, qorxu da bir geopolitik təsir vasitəsidir. Baltikyanı ölkələr keçmiş Sovet coğrafiyasından çıxaraq Qərb təhlükəsizlik sisteminə inteqrasiya etmiş və Rusiyanın "imperial nostalgiyası"na ən sərt cavabı vermiş ölkələrdir. Kreml üçün bu dövlətlərin NATO içində güclənməsi strateji psixoloji məğlubiyyət kimi görünür. Ursula von der Leyenin Baltikyanı ölkələrə təhdidi bütün Avropaya təhdid sayan ismarıcı, əslində, NATO-nun ünlü 5-ci maddəsinin siyasi-psixoloji təkrarından başqa bir şey deyil. Bu ismarıc praktikada o deməkdir ki, Baltik bölgəsində hər hansı hərbi eskalasiya avtomatik olaraq kollektiv müdafiə mexanizmlərini hərəkətə keçirə bilər. Başqa sözlə, Estoniyanın göylərində baş verən insident artıq Tallinlə yanaşı - Berlinin, Parisin, Varşavanın və Vaşinqtonun da problemidir.

Ekspertin sözlərinə görə, Mark Ruttenin sərt çıxışı da göstərir ki, NATO artıq Rusiyanın "təhdid ritorikası"nı öncəki kimi yalnız diplomatik bəyanat səviyyəsində qəbul etmir. Alyans hazırda Baltik dənizi hövzəsində hava patrullarını artırır, Polşa və Baltik ölkələrində çoxmillətli kontingenti gücləndirir, raketdən müdafiə sistemlərini genişləndirir. Yəni NATO-nun cavabı yalnız bəyanat olmayacaq; o cavab logistik, kəşfiyyat, kibertəhlükəsizlik və operativ hərbi hazırlıq səviyyəsində çoxdan başlayıb. Tərəflər artıq bir-birinin "qırmızı xətt"lərini sınsmağa başlayıb. Bax, bu, yanlış hesablama riskini artırır. Ən təhlükəli məqam da elə budur. Ukraynaya dörd il öncədən baş vermiş yaramaz hücum göstərdi ki, XXI yüzildə böyük savaşlar yanlış strateji illüziyadan da başlaya bilər. Bugünkü Baltik gərginliyi əslində daha böyük bir sualı da doğurur: Yeni "soyuq savaş" artıq bitibmi və dünya "isti sərhədlər dövrü"nəmi keçir?..
Bəli, artıq Avropa təhlükəsizlik memarlığı yalnız diplomatik masalarda qurulmur; bəlkə obrazlı çıxacaq - Baltik küləkləri, Qara dəniz dalğaları və Ukrayna səngərləri də bu memarlığın yeni xəritəsini çəkir...

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31