İsveçdə mobil telefonlar üçün fövqəladə xəbərdarlıq sistemi istifadəyə veriləcək
18:39 Dünyaİsveçdə vətəndaşların mobil telefonlarına xüsusi tətbiq quraşdırılmadan birbaşa səsli siqnallar və xəbərdarlıqlar göndərməyə imkan verən yeni "SE Alert" fövqəladə xəbərdarlıq sistemi tətbiq olunacaq.
Olaylar.az xəbər verir ki, İsveç Mülki Müdafiə və Hazırlıq İdarəsi, həmçinin İsveç Poçt və Telekommunikasiya İdarəsi tərəfindən hazırlanan sistem "cell broadcast" texnologiyası əsasında qurulub və iyulun 1-dən mərhələli şəkildə tətbiq edilməyə başlanacaq. Gələn həftə hakimiyyət orqanları əhali üçün genişmiqyaslı məlumatlandırma kampaniyasına start verəcək.
Mülki müdafiə naziri Karl-Oskar Bolinin sözlərinə görə, yeni texnologiya təhlükə barədə əhalini bir neçə saniyə ərzində xəbərdar etməyə imkan verəcək. Cihazları nisbətən yeni proqram versiyasına qədər yenilənmiş mobil telefon istifadəçilərinin təxminən 95 faizinin bu bildirişləri qəbul edə biləcəyi bildirilir. Xəbərdarlıqlar həm bütün əhaliyə eyni vaxtda, həm də ayrıca müəyyən coğrafi ərazidə yaşayan insanlara göndərilə bilər.
Sistemin hazırlanmasına səbəb Höteborqdakı "Oceana" akvaparkında baş vermiş yanğın zamanı kütləvi SMS göndərişi ilə bağlı yaranan problemlər olub. Həmin vaxt bəzi insanlar xəbərdarlıqları yalnız bir sutkadan sonra alıblar. Yeni sistem mövcud VMA xəbərdarlıq sistemi və "Hesa Fredrik" sirenasını əvəz etməyəcək, onlarla paralel fəaliyyət göstərəcək.