“Pozucu ifadələrlə özlərini ifşa edirlər”- Politoloqdan açıqlama- ÖZƏL
13:57 SiyasətAzərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov mediaya müsahibəsində Türkiyə-Ermənistan sərhədinin Ermənistan seçkiləri və mümkün Konstitusiya dəyişikliyindən sonra açıla biləcəyini bildirib. Bu açıqlama bəzi anti-Azərbaycan və marjinal dairələrin tənqidinə səbəb olub.
Tənqid edənlər arasında özünü ekspert kimi təqdim edən Aydın Sezer və keçmiş səfir Fatih Ceylan yer alıb. Fatih Ceylan vaxtilə erməni terrorunu sərt tənqid etməsinə baxmayaraq, indi Azərbaycan səfirinə qarşı çıxış edib.
Anti-Azərbaycan dairələrinin reaksiyasının səbəbi nədir? Bu dairələrin məqsədi nədir? Onlar "kim"lərə xidmət edir? Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Doğrudur, Türkiyə və Ermənistan sərhədlərinin açılması məsələsində Ermənistan - Azərbaycan arasındakı sülh müqaviləsinin rolu əsasdır. Türkiyə keçmiş Qarabağ münaqişəsi başlayandan bəri Ermənistan ilə əlaqələri məhdudlaşdırıb, sərhədi bağlayıb. İran isə bunun əksini etmişdi. Həmçinin Qarabağın azad edilməsində Türkiyənin dəstəyini unutmaq olmaz. İndi də sərhədləri açmaq iqtidarında olduğu halda Azərbaycanla sülhün rəsmiləşməsini bir növ Ermənistana şərt qoyub. Ermənistanda da hazırda seçki prosesi davam edir. İndiki hökumət seçkidən sonra konstitusiyaya müvafiq dəyişikliklər etməlidir. Ona görə ki, orada Türkiyə əleyhinə də bəndlər var. Torpaq iddiası kimi sərsəm müddəalar münasibətləri pozan amillərdəndir. Bütün hallarda Türkiyə Azərbaycanla birgə addım artır, Ermənistanla münasibətlər məsələsi koordinasiyalı siyasətlə istiqamət alır. Lakin bu proseslərə birmənalı baxmayanlar da var. Türkiyədə hətta münaqişə dövründə də sərhədin bağlı qalmasına etiraz edənlər tapılırdı. Ancaq belə çıxışları Türkiyənin rəsmi mövqeyi ilə qarışdırmaq olmaz. Əsassız tənqid edənlər xarici maraqlara xidmət edir. Hətta Ermənistanın özünün belə bu prosesi təbii qarşıladığı halda ermənidən daha betər ermənilik edənlər İranda olduğu kimi Türkiyədə də var. Anti-Azərbaycan dairələrin narahatlığı Azərbaycan - Türkiyə - Ermənistan arasında sülhdən sonra daha sıx əlaqələrin qurulmasına görədir. Daima münaqişə və xəyanət yolunu seçənlər zamanla həmişə olub. Məlumdur ki, Rusiya və Fransa kimi bəzi dövlətlərin bu prosesləri öz maraqlarına uyğun məcraya döndərmək niyyətləri baş tutmur. Beləcə, Ermənistandakı seçki ərəfəsində təxribat və pozuculuq istiqamətində iş aparırlar. Çünki gedişat göstərir ki, Ermənistanda seçkilər normal keçirilib başa çatandan sonra yerdə qalan öhdəliklər həll edilməli, sülh rəsmiləşib sərhədlər delimitasiya və demarkasiya edildikdən sonra Türkiyə ilə də açıla bilər. Bu ərəfədə Azərbaycanla Türkiyənin birgə maraqlarını deyil, yalnız xidmət etdikləri ölkələrin maraqlarını müdafiə edənlər nigaran qalırlar. Ola bilsin Rusiya və Fransanın xüsusi dairələrinin ələ aldığı şəxslər bu cür pozucu ifadələr işlətməklə elə özlərini ifşa etmiş olsunlar".
Zeynəb Mustafazadə