Dnestryanıda Rusiya vətəndaşlığına maraq artıb
18:43 DünyaDnestryanı bölgəsində Rusiya vətəndaşlığı almaq istəyənlərin sayı kəskin artıb. Dnestryanı Daxili İşlər Nazirliyi bildirib ki, vətəndaşlıq üçün tələb olunan sənədlərlə bağlı müraciətlərin çoxluğu səbəbindən telefon xətləri həddindən artıq yüklənib. Qurumun mətbuat xidmətinin məlumatına görə, son günlər polis arayışları ilə bağlı sorğuların sayında ciddi artım qeydə alınıb. Tələbatın yüksəlməsi nəticəsində 123 nömrəli vahid qeydiyyat xəttində böyük sıxlıq yaranıb və növbələr formalaşıb.
Olaylar.az xəbər verir ki, nazirlikdən TASS agentliyinə bildirilib ki, Rusiya vətəndaşlığının alınması üçün müxtəlif arayış və sertifikatlar tələb olunur. Açıqlamada qeyd edilib ki, bütün vətəndaşlar ilk müraciətdə prosesi tamamlaya bilmir:
"Əməkdaşlarımız gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və mümkün qədər çox müraciəti qəbul etməyə çalışır".
Bundan əvvəl Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov TASS-a açıqlamasında Rusiya Prezidenti tərəfindən Dnestryanı sakinləri üçün vətəndaşlığın sadələşdirilmiş qaydada verilməsi barədə fərmanı "çox vaxtında atılmış addım" adlandırmışdı. O, bunu Kişinyovun bölgəyə artan təzyiqi ilə əlaqələndirib.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Moldovada qüvvəyə minən yeni qanun Dnestryanı sakinlərinin Moldova vətəndaşlığından məhrum edilməsinə imkan yaradır.