XALQ YAZIÇISI ELÇİNİN “MƏNİM SEVİMLİ DƏLİM” ƏSƏRİNDƏ İNSANIN FACİƏSİ

III yazı

Xalq yazıçısı Elçinin 1996-cı ildə qələmə aldığı və trilogiyanın ikinci həlqəsinə daxil olan "Mənim sevimli dəlim" əsəri müstəqillik dövrü Azərbaycan dramaturgiyasının ən yaxşı əsərlərindəndir. Bu əsərin bir özünəməxsusluğu da ondadır ki, onu "xarakterlər dramaturgiyası" adlandırmaq çətindir. Çünki burada iki qütbdə - iki məkanda ayrı-ayrı personajların timsalında fərqli mənəvi-psixoloji xüsusiyyətlər, fərqli patoloji əksikliklər, düşüncələr öz əksini tapır. SSRİ KQB-sinin əfsanələşmiş və illüziyalaşmış düşüncələri fərqli personajlarda öz təzahürünü tapır. Bunu eyni əfsanənin müxtəlif fərdlərdə təzahürünü tapan fərqli əksləri kimi baxmaq və qiymətləndirmək olar. Əgər birinci əsərdə ağlın - oyanıq düşüncənin mühitə müdaxiləsilə xəstə düşüncələr təşrih edilirdisə, burada məsələ bir az fərqlidir, yəni burada artıq müəllif dəlilərin "dəli axtarıcılığı" vasitəsilə ictimai həqiqəti əks və ifadə edir. Məryəm Əlizadə yazır: ""Mənim sevimli dəlim" komediyasının fabulası qovalamaca olduğundan elə başlandığı andan müəllifə çağdaş "dəlilər qalareyasını" əngəlsiz təsvir etməyə geniş imkanlar yaradır. Dəlixanadann bir dəli qaçır, amma bu, adi dəlilərdən deyil - Professorun sevimli dəlisidir, çünki onun üzərində apardığı "elmi iş" çox dəyərli nəticələrə gətirib çıxaracaqdı".

Müasir dövrdə absurd teatrın inkişafında Elçinin trilogiyasının üçüncü həlqəsinə daxil olan, 1998-ci ildə yazılmış "Mənim ərim dəlidir" əsəri də mühüm rol oynamış pyeslərdən biri kimi maraq doğurur. "Mənim ərim dəlidir" komediyası ictimai əhəmiyyətinə görə dramaturqun dəlilik anlayışını ehtiva edən əvvəlki pyeslərinin yekunu təsiri bağışlayır". Ümumiyyətlə, Elçin yaradıcılığında xüsusi məna kəsb edən, bütün məzmunu, bədii-estetik əhatəsi, ictimai-pataloji xüsusiyyətləri və s. ilə "dəlilik" aparıcı yer tutur, konkret dövrün ictimai-mənəvi mənzərəsini təhlil və əks etdirmək baxımından əhəmiyyət qazanır. Əsərdən əsərə dəlilik yeni məzmunla, yeni ictimai xüsusiyyətlə, yeni pataloji səciyyə və təzahürlə ədəbi-estetik yer tapan "dəlilik" dərin ictimai mətləblərin aşkarlanmasında ciddi rol oynayır. Akademik İsa Həbibbəylinin yazdığı kimi isə, Elçinin bu əsəri "sanki yeni dövrün "dəli yığıncağı"ndan ibarətdir".

Bu da maraq doğurmaya bilməz ki, Elçin əsərə epiqrafla başlayır, əlavə olunan bu epiqraf əslində əsərin məzmunu və mahiyyətinin anlaşılmasında az qala yarıbayarı əhəmiyyətli rol oynayır. Əsərə "Ağıllı olub dərd çəkincə, dəli ol, qoy sənin dərdini çəksinlər" kimi epiqrafın seçilməsi kifayət qədər istiqamət verir ki, əvvəlki əsərlərdən fərqli olaraq bu əsərdə çəxsi məqsədlərlə dəlilik donuna girmiş, və yaxud özünü dəliliyə qoymanın ictimai-mənəvi, patoloji səciyyəsindən bəhs ediləcəkdir. Çünki əvvəlki əsərlərdə ya anormal ictimai mühit ağıllı insanı dəli olmağa məcbur edirdi, başqa mənada ictimai mühitin fərdlərində təzahür edən ayrı-ayrı anormal düşüncə və xarakter keyfiyyətləri təsvir edilir, "dəliliyn faciəsi" təsvirini və problem səciyyəsini tapır, ya da dəlilər mühiti ağıl sahibi olan insanı aralarında dəli olmağa məhkum edir, "ağlın faciəsi" problemi qoyularaq ciddi ictimai məzmun əhatəliliklə təsvir edilirdi. Trilogiyanın üçüncü həlqəsinə daxil olan "Mənim ərim dəlidir" əsərində isə vəziyyət bir az fərqlidir, daha doğrusu, bu əsərdə əvvəlkilərlə üst-üstə düşən cəhətlər də olsa da, fərqli məna və məzmun kəsb edən xüsusiyyətlər daha çoxdur. Burada da fərdi xarakterlərin ciddi təsvirindən bəhs etmək o qədər də yetərli deyil. Absurd teatrın səciyyəsinə uyğun olaraq burada da  mübhəmlik, ümumilik, mücərrədlik aparıcı yer tutur. Ona görə də burada konkret fərdlər və onların xarakteri, səciyyəsi məsələsi aparıcı əhəmiyyət kəsb etmir. Bu əsərdə də ictimai mühitin obrazı yaradıldığını, ictimai mühitə aid xarakterin əks edildiyini tam qətiyyətlə deyə bilərik. Lakin, əlbəttə ki, bu xarakter keyfiyyətləri ayrı-ayrı fərdi keyfiyyətlərin hesabına ərsəyə gəlir, ümumi olana qoşularaq ümumi-ictimai mahiyyət kəsb edir. 

Elçin dramaturgiyasını və onun dram sənətkarlığını səciyyələndirən İvtixar Piriyev yazırdı: "Elçin yaradıcılığına xas olan cəhətlər - dərin psixologizm, parlaq tipajlar qalareyasının özünəməxsusluğu, obrazların daxili aləmindəgörünməyən qatlar, dramaturqun qələmini səciyyələndirən incə, bir çox məqamlarda acı yumor, aşıladığı fikir və qayılır yazıçı-dramaturqun komediya yaradıcılığında özünü daha çox büruzə vermişdir". Elçinin bu əsərdəki mühüm nailiyyəti elə problemin qoyuluşndadır: bu əsərdə ənənəvi "ağllının dəli axtarmağı" deyil, "dəlinin dəli axtarmağı" mühüm ictimai-mənəvi problem olaraq qoyulmuşdur. Burada "dəli axtaran" dəlilər ağıllını da dəli edirlər. Cəmiyyətdə, ictimai mühitdə faciənin dəhşətini məhz bu kontekst, bu problem müəyyənləşdirir. Ağlı yerində olan bir insanı xəstə təfəkkürlü fərdlər nəhayətində dəliyə çevirməyə nail olurlar. Maraqlı burasıdır ki, bu dəfə müəllif tərsinə məntiq yürütməklə əslində cəmiyyətin hər təbəqəsində, hər idarəsində, peşəsində ağıllı axtarır, amma "dəli"yə, yəni təfəkkürü, düşüncəsi patologiyaya və ya funksional pozğunluğa uğramış fərdlərə rast gəlirdi. Müəllifin Yazıçılar Birliyində də "dəli"lərin yer aldığına işarəsi maraq doğurmaya bilməz. Müəllif əsərdə SSRİ-nin dağılmasından sonra milli ictimai mühitdə rast gəlinən düşüncə tərzi və stereotiplərə yer verdiyi, münasibət göstərdiyi aydın görünür. Cəmiyyətdə mənəvi böhranın yaşandığı bir vaxtda müəllif şüur cayması, düşüncə qıtlığı kimi mənəvi-psixoloji problemləri işıqlandırır, yayılan eyforiyaları əsərdə tənqid və təsvir həədəfinə çevirir. Fərqli fərdlərdə, fərqli şüurlarda, fərqli peşələrdə təzahür edən şüur caymaları maraq doğurur. Hər kəsin özünü fərqli şəkildə təzahür etdirməsi isə onun yaşadığı sosial-mənəvi şəraitlə bağlıdır. Professorun özünü Musa peyğəmbər hesab etməsi hadisəsi isə məhz 90-cı illərdə böhranın yaşadığı dövrdə özünü cəmiyyətə "lider", "rəhbər" kimi sırımaq istəyən adamlara olan işarəsi və tənqidi yanaşmasıdır. Professorun ağzından çıxan "palata" əvəzinə "kamera" ifadəsi də fərqli, müstəqil və azad düşüncə sahiblərinin məruz qoyulduğu təqib və təzyiqləri nümayiş etdirir. Baş redaktorun əsərin sonuna doğru təqib edilməsi, palataya, yəni kameraya salınaraq orada "a-a-a..." deyə bağırtısının əks edilməsi də azad düşüncə sahiblərinə verilən cəza kimi də ictimai məzmun daşıya bilər. Məryəm Əlizadənin yazdığı kimi: "Elçin "çağdaş dəliliyin" satirik əksini yarada bildiyi bu komediyada bizləri yenidən əbədi bir mövzu ətrafında düşünməyə vadar edir".

Hadisələr Kişinin evində, onun ailəsində baş verir. Remarka hissəsində də müəllif məqsədli olaraq Kişinin səciyyəsini, onun təsvirini vermir. Onu rejissorun və ya quruluşçunun öz ixtiyarına buraxır. Kişinin ailəsi və burada baş verən hadisələr, ortaya çıxan münasibətlər, əlaqələr ictimai məzmun kəsb edərək daha geniş anlamda ictimai mühiti özündə ehtiva edir. Arvad ancaq evin zənginliyi, bəzəyi, rahatlığın təmini, yeməyə nəyin olacağı kimi qayğılarla gündəmə gəlir. Onu düşündürən, beynini məşğul edən yeganə şey yemək, geymək və zənginlikdir. Bəlkə də bu xüsusiyyətlərini nəzərə alaraq düşünmək olar ki, Elçin bu obrazın altında xalqı təmsil etmək istəmişdir. Müəyyən mənada Kişini rəhbər olaraq da görmək olar. Onun əlaqə və münasibətləri bu cür düşünməyə imkan verir. Çünki əsərdə təsvir olunan bütün obrazlar ondan bir şey istəyir, yaxud tələb edirlər. Hərənin ağzından bir tələb çıxan mühitdə Kişi divara dirənir, çəkə bilməyəcəyi yükün altına düşmüş olur. Ailə - Arvad, Qız, Oğul bir tərəfə, bir yandandan da Professor, Dost, Qonşu, Partiya lideri Kişini lap abırdan salırlar. Elçin dəliləşmə zərurətinə də məlum üsulla aydınlıq gətirir: hər gün eyni fərdlərin eyni tələb və istəklərini eyni cür ifadə yolu ilə bezikdiricilik yaradır. Kişi məhz hər gün eyni adamlardan eyni tələbləri eşidir, eyni həyat, yaşantı, mühit, hadisə Kişini təbdən çıxarır və dəliləşmə zərurəyi yaradır. Çünki əsərin epiqrafında da deyildiyi kimi: "Ağıllı olub dərd çəkincə, dəli ol, qoy sənin dərdini çəksinlər". Buna görə də Kişi bu qayğılardan canını qurtarmağın yolunu dəli olmaqda görür və özünü dəliliyə qoyur. Maraqlıdır ki, bu dəlilik Kişini nəinki qayğılardan xilas edir, həm də həmin qayğıların həllinə çarə də edir. Bu tələblər, qayğılar Kişinin dəliliyinin səciyyəsini verməyə, məzmun keyfiyyətlərini açmağa da şərait yaradır. Kişi necə ağıldan bəlaya düçar olursa, eyni zamanda mühit də, onu təmsil edən ayrı-ayrı fərdlər də öz xarakter keyfiyyətlərini, mənəvi keyfiyyətlərini bu cür şəkildə ortaya qoyur, özlərini ifadə edirlər. Əslində mühit - ayrı-ayrı fərdlərin səciyyəsi bu dəliləşmənio xarakterizə edir: Arvad hər gün səhərdən axşama kimi "lüstur, göyərti, çörək, təmir" - deyə öz isteriyalarını sayaqlayır. Qızın isterik tutması, şizofrenik sayıqlaması, sözünün başı-ayağı "Suzik"dir. Oğul "Lenin! Lenin! Kapital! "Kapital" bəşər dühasının ən böyük əsəridir! Mən hər dəfə "Kapital"ı oxuyanda yeni kəşflər edirəm" - deyə sayıqlamaları ilə özünü ifadə edir. İllərdir "Kapital"ın 9-cu səhifəsindən  o yana keçə bilməyən Oğlan bolşevik xarakterli, kommunist ideyalı bir isterik-şizofrenikdir. "Qorbaçov beynəlxalq imperializmin şpiyonunudr! Mən Siyasi Büronun iclasına tələsirəm! Hamının maşını var, məndən başqa!" bu kimi tələblərlə sayıqlamaq onun kimliyini, xarakterini səciyyələndirir. Vaxtilə köhnə partkom olan, kommunizmə xidmət edən, özünü dəridən-qabıqdan çıxaran, başqalarını kommunizm düşməni, türk təsiri altında olan adam kimi şərləyən Dost indi Kişiyə türkçülükdən dərs deyir, türkçülük moizələri edir. "Biz türksoylu insanlarız!" kimi şüarla özünü ictimai mühitə türkçü kimi sırımağa çalışan bu "siyasət adamı"nın şizofrenik moizəsi də maraq doğurmaya bilməz: "Əvət! Zatən vodka da bizxim türkçülüyümüzə ziyan vura bilmədi. Mən yalnız şimdi başa düşürəm ki, vodka da Moskvanın bizim türklüyümüzə qarşı bir təxribatı imiş! Əvət! Millətin vodkaya aludəçilyini KQB təşkil etmişdi! KQB istəyirdi ki, bizi içirdib türk yaddaşımızı pozdursun! Ancaq bunu bacarmadılar. Çünki biz Atilla nəsliyik! Biz Çingizik, Əmir Teymuruq! Fateh bizik, Şah İsmayıl bizik, Nadir bizik, Qacar bizik! Mən şimdi sənədlər əldə edirəm ki, Bethoven də türk olub". Belə şizofrenik moizələri dinləyən adamda ağıl necə qala bilər? Hələ Dost "Təşkil elə, qəzetlərdən birində məni qatı türkçü kimi ifşa etsinlər!" deyəndə Kişi adamlıqdan çıxmaq, dəli olmaq dərəcəsinə gəlir. Sən demə, İstanbulda elmi iş götürmək üçün özünü "türk cəfakeşi imiciylə" təqdim etmək, qatı türkçü olaraq qəbul etdirmək ən sağlam, etibarlı yol imiş. "Özüm oturub yazardım e, məndə çıxmır! Özüm özümü tənqid edə bilmirəm. Yazıram, tərif çıxır" fikirlərinin məntiqi yekunu "Vallah, mən dəli olacam! Billah, dəli olmaq yüz dəfə bundan yaxşıdı!" təlqini və özünüifadəsindədir. Artıq əsərin əvvəlindən bu kimi detallar düşünməyə əsas verir ki, bu gediişat Kişinin əqlini sarsldacaq, onun ağlını itirməsilə yekunlaşacaq.

Qonşunun Kişidən üç min dollar verib Sevgilisinə hədiyyə vermək üçün bilərzik aldırmaq xahişi bir az da vəziyyəti gərginləşdirir.

"Qonşu: Soruşmazlar ki, ya, xalaoğlu, sosiska düzəldən babasan, özün də deyirsən ki, bir qəpik qazancım yoxdu, bəs hardandı səndə bu qədər pul?

Kişi. Kim soruşacaq?

Qonşu: ehtiyat igidin yaraşığıdı. Dünyanın işlərini bilmək olmaz.

Kişi. İndi bazar iqtisadiyyatıdır. Sovet hökuməti getdi!

Qonşu. Bəs birdən qayıtdı?" kimi dilaoq da imkan verir ki, bu məntiqlə Kişinin ağlını itirəcəyinə inanasan.

Elə Professor da adam olaraq eyni olsa da, əqidə və məslək baxımından əvvəlkinin tam tərsidir. Bütün fəaliyyəti boyu elmi ateizmdən dərs deyən, Allahsızlar Şurasının sədri olan, din əleyhinə qalaq-qalaq əsərlər yazan Professor "Bismillahirrəhmanirrəhim... Allah deyib durmuşam" deməklə Kişini ağlından etməzmi?

Kişi. Profes-s-sor!.. Bu, doğrudan, sizsiz?

Professor. Allah qoysa, mənəm.

Kişi. Axı siz...siz bizə elmi ateizmdən mühazirələr oxuyurdunuz... Siz qırx il Universitetdə ateizmdən dərs demisiz... Vaxtilə Allahsızlar Şurasının sədri olmusuz... Dinin əleyhinə o qədər məqalə, kitab yazmısız...

Professor. Eh... Ey mənim keçmiş tələbəm! Sənin nə işinə qalıb, sandığı açıb köhnə tuman-köynəyi eşələyirsən? Dünən dünən idi, bu gün, şükür rəbbimizə, bu gündü, sabah da, inşaallah, Allah-taala qismət eləsə, sabah olacaq! Mən indi Allah bəndəsiyəm! Gündə üç dəfə namaz qılıram.

Kişi. Oruc da tutursuz?

Professor. Əl-əlbət, tuturam. Əl-əlbət...

Kişi. Vallah belə şeyləri görəndə az qalır adamın başı xarab olsun.

Professor. Namaz qıl, dua elə, başın da xarab olmasın. Bax, mənim kimi. Yoxsa mən indi dəlixanada padşahlıq edirdim.

Bu mükalimədən də aydın görünür ki, buqələmum kimi əqidə və məsləklərini ictimai-tarixi şəraitə görə dəyişən adamlar indi tam tərsi olmaqla, həqiqətən də, inanılmaz, adamın ağlını başından alan bir vəziyyət gətirib çıxarıblar. Vaxtilə sovet ideyalarının qabağında gedən, Leninə proletariatın dahi atası kimi səcdə edən, Bakının adını dəyişib Brejnevabad qoymağı təklif edən adamlar yeni cəmiyyətdə partiya lideri olub, yeni dövlət qurulması istiqamətində "mübarizəyə" qoşulub, müstəqil, azad respublika yaratmaq idealları ilə yaşayır. Bu mükalimədə də maraqlı psixoloji, mənəvi anlar yaşanır, Partiya liderinin kimliyinin dərininə enən, onun əsl simasını müəyyənləşdirən bir situasiya ortaya çıxır:

Partiya lideri. Bəs millət? Bəs respublikamızın taleyi? Mən xalqımın rifahı naminə siyasi mübarizəyə qalxmışam. Bizim müstəqil respublikamız...

Kişi (onun sözünü kəsir). Yaxşı!... Mənə yox də!..

Partiya lideri. Bu nə sözdü? Sən mənim milli hissimə toxunursan!.. Mənim vətəndaşlıq prinsiplərim buna dözə bilməz!

Kişi. Bəsdi, sən Allah! (Yamsılayır). "Mənim milli hissimə toxunursan... Mənim vətəndaşlıq prinsiplərim..." Bəs sən deyildin sovet vaxtı təklif edən ki, Bakının adını dəyişdirib Brejnevabad qoyaq?!

Prtiya lideri. O zaman mən kommunizm ideallarına inanırdım! Leninə inanırdım!.. Brejnevə inanırdım!...

Kişi. Yenə başladın? Hərdən xudmani məclislərdə bir az vuran kimi sən deyildin Brejnevdən biədəb anekdotlar danışan?

Prtiya lideri. Mən axmaq da düşməni gedib o biri siyasi partiyalarda axtarıram... (Kişiyə baxır və iki əli ilə də onu göstərir) Bud-e-e... ...bir nəfər müxbir gəlib oturub bunun dediklərini yazsa, kimdi seçkilərdə məni müdafiə edən?! Hə?! (Kövrəlmiş halda) Mən isə...mən isə...müstəqil respublikamızın gələcəyi naminə sənə...bu qədər ümidlər bəsləyirdim!...

Kişi. Olmadı də!.. Mən axı sənin dabbaqda gönünə bələdəm, mənimlə bu dildə danışmadə! Sən ad günü eləyib partiya yaratmadın? Qonaqlığa gələn qohumların indi də elə bilirlər ki, o vaxt zarafat eləyib onlara protokol imzalatdın ki, guya sənin ad günün yox, təşkilat komitəsinin təsis iclasıdı...

Partiya lideri. Sən...sən...sən demokratiyanın əleyhinəsən! Bizim müstəqil respublikamız...

Kişi. (onun sözünü kəsir) Onda mən getdim.

Mükalimə tərəflərin xarakter, mənəvi keyfiyyətləri, əqidə və məsləklərini kifayət qədər aydın əks etdirə bilir. Vaxtilə yalançı ideologiyaya sığınıb onun liderlərindən biri kimi özünü öndə tutan bu şəxs indi də camaatın gözündə özünü millət, vətən, respublika naminə fədakar, mübariz lider kimi sırımaq, böyütmək istəyir. Müəyyən mərhələdə müəllif onun kimilərin iç üzünü kişinin vasitəsilə açıb tökür. Yalançı adamlara, yalançı təqdimatlara qarşı doğrucul münasibət tutan Kişi öz şəxsiyyəti ilə mühitin və həqiqətlərin təzahür olunan güzgüsünə çevrilir. Məhz onun qırımızıca sözü üzə deməsi belə yalançı münasibətlərin aşkarlanmasına imkan və şərait yaradır. Bu baxımdan, məhz bu təzadlı münasibətlər, kontrastlar müstəvisində dəlilik mütləq təzahür etməli olaur: yalançı adamlar tərəfindən baxanda dəli görünən Kişi, onun tərəfindən baxanda isə dəlilər məhz Arvad, Oğul, Qız, Professor, Partiya lideri, Dost, Qonşudur. Hərəsi bir yalan gizlədən, başqa bir yalan ifadə edən belə adamlar arasında doğrucul olmaq Kişiyə yeni bir şans qazandırır: sirlərinin, yalanlarının üzə çıxmamasını istəyən hər bir kəs Kişinin ağzını yumması üçün ona rüşvət vermək məcburiyyətində qalırlar. Çünki onsuz da steretipləri sürətlə dəyişən ictimai mühitdə Kişinin onlara məxsus yalanları açıb-tökməsi cəmiyyətdə onları heç də yuxarıda, doğruların üzərində göstərməyəcək. Buna görə də bu yalanları, gizlinləri saxlamaq, camaatın qulağından gizlətmək nəyin xətrinə olursa olsun, yalançılar üçün vacib və zəruridir. Bu səbəbdən də Qonşu maşın alıb onu susdurmaq, Dost lüstur alıb ağzını yumdurmaq və s. istəyir.

Əsərdə Falçı Ağabacının hər bir kəsə ayrılıqda yanaşıb onu dəli ehtimal etməsini də müəllifin məqsədli yanaşması kimi qiymətləndirmək lazımdır. Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərində Doktor Lalbyuz hacı və kərbalıyalara yanaşaraq onları öz hərəkətləri, davranışına görə "dəli" adlandırmasının bənzəri olaraq Elçinin də "Mənim ərim dəlidir" əsərində finala doğru Falçı Ağabacı fərdlərə yanaşaraq onları dəli ehtimal edir və axırdan axıra Kişinin etirafı ilə bu axtarış sonlanır. Bizim üçün maraqlı cəhətlərdən biri də Arvadın xaraktercə özünü büruzə verməsi anıdır. Ərinin dəli olduğunu biləndən sonra ah-zar edən Arvad evinə rüşvətlər, hədiyyələr gəldikcə artıq bu dəliliyin bitməməsi, müalicə olunmamasına can atır. Bir ömür yaşçadığı qadının əsl siması məhz bu məqamda özünü tam aydınlığı ilə üzə çıxarır: Kişi daha dəli olmadığını deyəcəyini bildirəndə Arvad narahatlıq keçirir.

Arvad. Yox! Yalvarıram sənə. Heç kimə heç nə demə.

Kişi. Heç nə deməyim?

Arvad. Yox! Demə! Qoy hamı elə bilsin ki, dəlisən! Sən elə yaxşı, elə yaxşı dəlisən! Mənim əzizim! Elə bil ki, mən sənə təzədən vurulmuşam.

Kişi. Təzədən mənə vurulmusan?

Arvad. Hə? Mənim əzizim. Mənim sevgilim. Mənim dəli ərim!

Kişi. Axı, mən yorulmuşam. Mən daha dəli ola bilmirəm.

Arvad. Ol! Mənim əzizim!

Artıq Kişinin dəliliyindən evinə gələn sərvət Arvadı bu dəliliyn bitməz olduğunu arzulayır. Çünki onu düşündürən sərvətdir, Kişinin sağlamlığı deyil. Çünki məhz bu dəlilik hesabına gündə yemək-içmək, Oğula maşın, evə lüstur alınıb. Hamam, ev təmir edilir. Hərəsi də bir dəlidən doğru xəbərin sayəsində mümkün olur. Bu da Arvadın Kişiyə qarşı "əbədi və tükənməz" sevgisinin əsl mahiyyətini açıqlayır, onun hansı sədaqətdə, vəfada, sevgidə bir qadın olduğunu ortaya qoyur. Əsər də məhz bu dəliliyin Kişi üçün bitməz olduğunu anlaması, elə bu dəlilik içində qalması zərurətini başa düşməsi və qoyun kimi mələməsi sonluğu ilə bitir. Əsərin başlanğıcında sükutu və rahatlığı olmayan bir ailəyə əsərin sonunda dəliliyin gətirdiyi xoşbəxtlik və rahatlıq diqqəti cəlb etmiş olur. Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərində Molla Abbasın sevgi ilə, arvadı Pırpız Sonanı dəlilər arasında, nankor şeyxlər, hacılar əlindən canını qurtarması üçün özünü dəli kökünə saldığı anlaşılır və insanın, şəxsiyyətin faciəsini təzahür etdirir. Amma Elçinin "Mənim ərim dəlidir" əsərində arvadın, oğulun, qızın, qonşunun, dosun, və başqlarının əlindən özünü dəliliyə qoyan və öz əvvəlki ağıllı vəziyyətinə qayıda bilməyən bir insanın, bir şəxsiyyətin faciəsi təsvir edilir. Bütün bunlar isə özündə, ümumilikdə, mühitin dəli obrazını səciyyələndirmiş olur və onu üzə çıxarır.

Ümumiyyətlə, Elçinin adıgedən dram əsərləri milli dramaturgiyamızın 90-cı illərdən sonra son 25 ildə qıtlıq çəkdiyi, böhran yaşadığı bir zamanda ona can, nəfəs verdi. Və itirilmiş illər kimi səciyyələnən bir dövrün həm mənzərəsini, həsb-halını, həm də daramaturgiyasını yaratmış oldu. Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin yazdığı kimi: "Ah, Paris, Paris!", "Mənim sevimli dəlim" və "Diaqnoz D" ("Mənim ərim dəlidir") komediyalarını şərti olaraq "Kimdir dəli?" adı altında birləşdirən vahid mövzunu "gerçəklik və mənəvi-əxlaqi sağlamlıq" problemi kimi qəbul etsək, məsələnin inkişaf istiqamətini aşkarlaya bilərik: "dəliliyə, şizofreniyaya oxşar gerçəklik" ("Ah, Paris, Paris!"), "patoloji dəlilik və onun gerçəklikdə inikası" ("Mənim sevimli dəlim"), "patoloji gerçəklik və onun sağlam olanlarda inikası" ("Diaqnoz D" və yaxud "Mənim ərim dəlidir")". Tənqidçi Vaqif Yuisiflinin də bu fikirləri maraq doğrumaya bilməz ki, ""Ah, Paris, Paris!", ..."Mənim sevimli dəlim", "Mənim ərim dəlidir" ... bunlar Elçinin bir pyes kimi doğulan, sonra səhnədə də öz ömrünü yaşayan sırf dram əsərləridir".

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya elmləri doktoru, dosent

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31