ELÇİNİN “AH, PARİS, PARİS” ƏSƏRİNDƏ İNSAN VƏ İCTİMAİ MÜHİT MƏSƏLƏSİ

II yazı

Azərbaycan dramaturgiyasının inkişafı və zənginləşməsində Xalq yazıçısı Elçinin xidmətləri çoxdur. Onun Azərbaycan ədəbiyyatına orijinal və sanballı xidmətlərindən biri də odur ki, artıq qəlibləşmiş, əzbərə çevrilmiş məsələləri ideya, firma və məzmunca aşmağa cəsarət göstərmiş, novatorluğu ilə səciyyələnmişdir. Akademik İsa Həbibbəyli Xalq yazıçısının bu xidmətlərini qiymətləndirərək yazır: "Xalq yazıçısı Elçin əfəndiyevin (1943) başlıca xidməti ədəbiyyatı ideoloji buxovlardan xilas edib, onu həyata, insanlara, mənəviyyata yaxınlaşdırmasından, daha doğrusu, ədəbi fikrin real həyat hadisələri ilə qaynayıb-qarışmasına nail olmasından ibarətdir". Bu baxımdan yaradıcılığı ilə Azərbaycan dramaturgiyasını da zənginləşdirən Elçinin əsərləri arasında "Ah, Paris, Paris" dram əsərinin də özünəməxsus yeri var. Müasiri olduğu ictimai mətləbləri bu əsərində də bədiiləşdirən Elçin sanballı əsər və ciddi problemlər ortaya qoymuşdur. Yaşanan dövrün ictimai problemlərinin öyrənilməsi və dərki baxımından bu əsərin əhəmiyyəti böyükdür. Müəllif özü əsəri yazması ilə bağlı reallığı bu cür izah edir: "1990-cı ilin Yanvar hadisələrindən sonra heç nə yaza bilmirdim ...Başladım oxuduğum kitabları bir də oxumağa. O kitabların içində Molyerin komediyaları da vardı və birdən-birə özüm də gözləmədən Molyeri azərbaycan dilinə tərcümə eləməyə başladım. ... "Azərbaycan səhnəsi və Molyer" mövzusunu işlədim, sonra Mirzə Cəlili, Sabiri, Haqverdiyevi, N.Vəzirovu təzədən mütaliə etdim. Və bütün bunlardan sonra özüm üçün də gözlənilməz bir hadisə baş verdi: oturub komediya yazmağa başladım: "Ah, Paris, Paris..!""

Məryəm Əlizadə yazıçının adıgedən əsəri haqqında yazır: "Elçinin "Ah, Paris, Paris!.." komediyası absurd pyeslər cərgəsində özünə layiqli yer tuta bilir". Bu baxımdan Elçinin "Ah, Paris, Paris" əsəri Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsəri ilə müqayisədə olduqca doğmalığa sahibdir. "Ah, Paris, Paris" əsərindəki Fransadan gələn Əhməd bəy surəti "Dəli yığıncağı"ndakı Doktor Lalbyuzu xatırladır. Əhməd bəy əsərdə hadisələri, prosesləri əlaqələndirməyə, istiqamətləndirməyə  və ideyanı ortaya çıxarmağa xidmət göstərir. O, gəldiyi mühitdə adamları başa düşmədiyi kimi, bu mühitin adamları da onu başa düşə, anlaya bilmirlər. Amma onun şəxsiyyəti, varlığı burada olan ayrı-ayrı adamların xarakterlərinin ortaya çıxmasına, mövqelərin, niyyətlərin müəyyənləşməsinə təkan verir. Bu zaman biri-birindən maraqlıl, özünəməxsus, tipik olan xarakterlər ortaya çıxmış olur. İsgəndərzadə, Əsədulla Bəbirzadə, İvan İvanoviç və Vera Nikolayevna məhz belə xarakterlərdir.

İsgəndərzadə Cəlil Məmmədquluzadənin "Bəlkə də qaytardılar" düçüncəsilə yaşayan tiplərini andırır. SSRİ-nin dağılması, ideologiyanın süqutu, Leninizmin puçluğu ictimai cəhətdən reallığa çevrilsə də, hələ də İsgəndərzadə bu ideologiya və onun prinsiplərindən qopa bilmir. Partokrat, inzibatçı, bürokrat, iclasçı, rəsmiyyətçi bir tip olaraq özünü təzahür etdirən İsgəndərzadə bir-birini tamamlayan öz danışığı, davranışı və ədası ilə də maraqlı tip, xarrakter olaraq özünü doğruldur. O, ailə daxilindəki davranışı, düşüncəsi, sözü-söhbəti ilə də sübut edir ki, o təkcə kənarda, ictimaiyyət arasında. İşində deyil, ümumiyyətlə ailədə, məişət də də rəsmiyyətçi, ictimai standartlaı tam əks etdirən bir tip, orijinal, canlı bir xarakterdir. O, bu cəhətdən böyük ustad Mir Cəlalın məşhur "iclasbaz" obrazlarını da xatırladır.  Elçin onun simasında hələ köhnə ideologiyadan qopa bilməmiş, bütün düşüncəsi, məntiqi, təhlili leninist ideyalar və prinsiplərlə müəyyənləşən insanların taleyini ümumiləşdirmiş, ictimai mühitdə, xüsusilə milli özgürləşmə dönəmindəki mövqelərini əks etdirmişdir. Onun üçün Əhməd bəy kapitalist ünsürüdür, yad ideologiya nümayəndəsidir. Bütün olan hadisələrə qarşı ehtiyatla davranan İsgəndərzadə öz qəlibindən kənara çıxmayan, hələ də patokrat kimi davranan bir tip olaraq qılaflı adam tipini də xatırladır. Yalançı ideologiyanın saxta prinsip və tezislərini özündə cəmləşdirən İsgəndərzadə həyat-məmat məsələsində ictimai-tarixi hadisələrin verdiyi imkanlardan da bəhrələnməyə çalışır. Lenini özünə ideal və nümunə kimi qəbul edən bu ictimai-ideoloji standart tip Fransaya da kapitalist ölkəsi olmasına baxmayaraq öz prinsiplərindən çıxış edərək yanaşır. Çünki vaxtilə onun ideoloqu olan Lenin də Fransaya getmiş, bəzi görkəmli nümayəndələrlə orada görüşmüş, orada püxtələşərək geri qayıtmışdır. Müəllif öz tiplərini daha da tipikləşdirmək, daha canlı, tam şəkildə yaratmaq, xarakter olaraq səciyyələndirmək üçün olduqca həssas yanaşır, onları öz düşüncələri, daxili-mənəvi, hissi xüsusiyyətləri, davranışı, ədası, vərdişləri, və əlbəttə, danışığı, nitqi ilə birlikdə canlandırmaq, əks etdirir. Bu üzdən onların dilinə məxsusi ifadələr, danışıq və ifadə tərzi də vermiş olur.  "Ah, Lenin, Lenin", "Görəsən, doğrudanmı, partiyanın axırı çatıb?", "Leninizm marksizmdir, bəs marksizm nədir?", "Görəsən, Lev Nikolayeviç Tolstoy doğrudanmı rus inqilabının güzgüsüdür?" və b. bu kimi tezisvarı məxsusi suallar və fikirlər onun xaraketirinin, şəxsiyyətinin ideoloji səciyyəsi kimi ortaya çıxır və onu tamamlayır. İsgəndərzadə tipoloji xüsusiyyətləri ilə fərdi olaraq deyil, aiəlisi ilə birlikdə bu ümumi tipoloji xüsusiyyəti və düşüncəni təmsil edir və əslində sual tiplərinə görə siyasi görüşlə şizofrenik düşüncəni birləşdirmiş olur.

Əsərin maraqlı xarakterlərindən biri də Əsədulla Bəbirzadədir. Əsədulla Bəbirzadə həm fərdi, həm də ailəsi ilə birlikdə ümumi tipik xüsusiyyətləri lə maraq doğruran bir qəhrəmandır. O, rüşvətxor bir insandır, vaxtilə dövlət əmlakını talaması və rüşvətlə yığdığı qazanc indi onun kapitalist kimi yeni status, ictimai mövqe qazanmasına kömək edə bilər. Onun üçün qazanc, pul, sərvət hər şeydən üstündür. Onun aləmində insanın hörməti, nüfuzu, şərəfi, ləyaqəti sərvət, pul təyin və təmin edir. Ümumiyyətlə, pul, para, qazanc, kapital onun səciyyəvi, xarakterik xüsusiyyəti kimi çıxış edir. Onun mənəvi xüsusiyyətləri ilə ictimai keyfiyyətləri, idealı ilə yaşantıları kapitalda - kapitalist düşüncəsi və sərvət ehtirasında birləşir və təzahür edir. Onun dilindən deyilən "Bilmirsən yuxarının sözünə baxasan, yoxsa aşağının? Bilmirsən kimə hörmət edəsən ki, mayon batmasın. Alə, belə də zəmanə olar?! Rüşvəti də bilmirsən kimə verəsən?!", yaxud "Bəs bizim pulumuz nolacaq? Bu boyda imarət düzəltmişəm, day Bakıda adam qalmayıb rüşvət verməyim, bəs bunlar kimə qalacaq, nolacaq?" kimi düşüncələri və tezisləri onu ictimai mövqeyinə görə səciyyələndirən tipik mənəvi-psixoloji keyfiyyətlər olaraq müəyyənləşir və müəyyənləşdirir. Əsədulla olduqca savadsız və mədəniyyətsiz bir adamdır. Kobudluq onun həyat trzindən və xarakterindən, mənəvi biçimindən irəli gəlir. İdeya və ieologiya onun üçün yaddır. Onun mənəvi dünyasında kapitaldan o yana heç bir dəyərli şey görünmür. Hər şeyin başı da, ayağı da puldur onun üçün. Buna görə də Əhməd bəy onun gözünə yeriyən kapital kimi görünür. Qızını Əhməd bəyə vermək Əsədulla üçün bir rüşvət vermək kimi sadə və qazanclı bir iş kimi görünür. O özündən asılı adama qarşı heyvərə və kobud, zalım və qaniçəndir, işi düşən adamın yanında isə yumurta yükü aparırmış kimi "nəcib" və "mehribandır". Köməkçisi Eynşteynə qarşı ağalıq hissi tutanda qəddar və amansız olur, amma elə ki Eynşteyndən işi aşır, quzuya dönüb hətta ona rüşvət verib başını piyləyir.

Əsədulla həm də, deyildiyi kimi, mədəniyyətsiz adamdır, özü də sözün əsl mənasında. Müəllifin yaratdığı situasiya özü bunu meydana çıxarır. Belə ki, Eynşteyn vasitəsilə Əhməd bəyi evinə dəvət edən Əsədulla söhbət əsnasında yol verdiyi anlaşılmazlıqlara bu fikrə yol açır. Xüsusilə Əhməd bəyin tez-tez operaya gedəcəyini xatırladıb vaxtı olmadığını dedikcə, operadan heç zaman xəbəri olmayan Əsədulla onu evinə, yeməyə, evlənmək barədə söhbətə dartır.

"Ah, Paris, Paris" əsərinin maraqlı xarakterləri arasında Azərbaycanda yaşamağı taleyinə çevirmiş İvan İvanoviç və Vera Nikolayevna kimi aktyorlar da vardır. Onlar SSRİ dönəminin ən nüfuzlu, hörmətli sənət adamları olublar. İndi dünyanın əyilən vaxtında onları heç "it yerinə qoyan" da yoxdur. Kartof qızartması sön ümidləri olan yeməkdir. Əhməd bəyin mühitə daxil olması onları da bu məşəqqətli həyatdan canlarını qurtarmaq fikrinə salır və bu onların əslində hansı yuvanın quşu olduqlarını təyin etməyə imkan verir. İvan İvanoviçin ağlına gələn və Vera Nikolayevnanın da razılığını tapan "ideya" onların mənəvi simasını astarı və üzü ilə birlikdə göstərməyə müvəffəq edir. İvan İbanoviç vaxtilə öz dövrün üçün səhnədə "Lenin" obrazını yaradan bir nüfuzlu sənət adamı, aktyor olmuşdur. Həyat yoldaşı Vera İvanovna da məşhur Krupskaya obrazı ilə sənətdə özünü təsdiqləmiş nüfuzlu aktrisalardan biri olmuşdur. Lakin indi dövran başqadır: bütün sahələr sarsıldığı kimi ideologiya və sənət də sarsılmışdır. İndi Lenin, Krupskaya dönəmi deyil. Əksinə. Onların obrazını məhəbbət və məharətlə yaratmış sənət adamları kimi İavn və Vera cütlüyü də məhrumiyyətlərə düçar olumuşdurlar. Hamı kimi onlar da yoxsulluqdan əziyyət çəkir, ümidsizlik içində itib batırlar. Lakin Əhməd bəyin mühitə gəlməsi onların da qəlbində Fransaya getmək arzularını oyadır. Amma onların nə Əsədulla Bəbirzadə kimi, nə də İsgəndərzadə kimi Əhməd bəyə verə biləcəkləri qızları yoxdur. Elə bu xüüsusi maraq doğrur ki, İvan İvanoviçin ağlına qeyri-adi bir ideya gəlir və bu ideya əvvəlcə arvadı Vera İvanovnanı da heyrətləndirir. Maraqlıdır ki, İvan İvanoviç Əhməd bylə münasibət qurmağın çıxış yolunu arvadı Vera İvanovnanı Əhməd bəyə ərə verməkdə görür. O qəti olaraq bu fikirdədir ki, Fransaya gedə bilməyin yeganı çıxış yolu arvadı Vera İvanovnanı Əhməd bəyə ərə verə bilməklə mümkün ola bilər. Fikrimizcə, müəllif bununla rus təfəkküründəki məqsəd naminə hər şeydən istifadə etmək və qadına əhəmiyyətsizliyi ümumiləşdirmək istəmişdir.

Müəllif müxtəlif xarakter-tiplərin Əhməd bəyə yanaşma vasitəsini və niyyətini təqdim etmişdir. Yanaşmalar, münasibət yaratma vasitələri və niyyətləri bir-bilərilə həm fərqli, həm də oxşarlıqları ilə diqqəti cəlb edirlər. İsgəndərzadə və Bəbirzadə qızlarının Əhməd bəyə verməklə onunla qohum olmaq, onun kölgəsinə sığınıb Fransaya getmək istəyirlər. Amma rus aktyor İvan İvanoviç Əhməd bəyə verəcək qızı olmadığından bu niyyətini arvadı Vera Nikolayevnanı ona ərə getməyə razı salmaqla öz məqsədinə çatmaq, Fransaya köçüb Əhməd bəyin varidatını yeməklə gününü savmaq istəyir. Məhz bu fərq oxucunun və ya tamaşaçının diqqətini çəkməyə bilməz. Bu kimi səciyyəvi xüsusiyyətləri təqdim olunan adıgedən obrazların hər biri mükəmməl bir tip, səciyyəvi bir xarakter olaraq müəyyənləşirlər. Elçin dramaturgiyasını tədqiq edən S.Eyvazov yazır: "Yazıçının (dramaturqun) təqdim etdiyi komediyanın gülüşləri arxasında fəci kolliziya dayanır: Özünü itirmiş insanın faciəsi. İctimai-siyasi quruluşun süni strukturlarının insan taleyindəki faciəsi. Bu, bir insanın faciəsi deyil, bəlkə, insanların faciəsi arxasında sistemin faciəsidir. Kompası, cihazları, gücdən düşmüş, həyati dəyərdən məhrum gəminin və bu gəmiyə inanaraq minmiş insanların faciəsi... Təəssüf insanı bürüyür: gör kimlərə inanmışıq, kimlər cəmiyyəti idarə edirmiş? Tutduğu vəzifəyə, əqidəsinə inanmayan, oynadığı rola inanmayan və s. insanlara. Elə Əsədulla Bəbirzadəni də bu, qorxudur: o da yığdığı pula inanmır - çünki onun əqidəsi, varlığı elə puldur. Dramaturqun məharəti ondadır ki, öz əsərini siyasi intriqalar dramı kimi yox, bədii məziyyətlər dramı kimi təqdim edir. Surətlərin dilindəki bədii deyimlər də bu keyfiyyətləri zənginləşdirir".

Əsərdə xarakterlərin müəyyənləşməsi, onların əsl simalarının ortaya çıxması üçün sanki üç etap - üç mərhələ, üç situasiya müəyyənləşib. Birinci mərhələ Əhməd bəy haqqında yayılan yekə-yekə fikirlərə aludə olub ona yaxın olmaq mərhələsidir ki, xarakterlər bu mərhələdə bir cür, yəni Əhməd bəylə yaxın olmaq üçün namusu belə gözə aldıqlarını ifadə edirlər. İkinci mərhələ, ikinci situasiya şübhə mərhələsidir. Əhməd bəyin milyoner olmadığı haqda fikirlər, söz-söhbətlər başlayanda onunla yaxın olmaqdan ötrü qızından-arvadından keçmək istəyən həmin adamlar indi tamam başqa cür davranır, Əhməd bəyi aşağılayır, qarasınca geninə-boluna danışır, özlərini çəkib dağ başına qoyurlar. Əsədulla: "Mənə deyən lazımdı ki, ay axmaq, ay maymaq oğlu maymaq, Fransadan gələndə nolar? Görmürdün ki, adam dilində iki kəlmə danışa bilmir?! Görmürdün ki, ay axmaq, ay ağlı dabanında, ləvəngili kütümü burda qoyub "opera-opera" deyə-deyə mələyirdi? Alə, belə adamdan da milyoner olar? Alə, ay gic, milyoner də Fransadan basa-basa gəlib burda şoferin evində qalar?!" və s. danışa-danışa öz səviyyəsinin alçaqlığını, mənəviyyatsızlığını, üzüdönüklüyünü açıq şəkildə ortaya qoyur.

İsgəndərzadə ondan da artıq bir tövr göstərərək əsl partokrat düşüncəsi və xarakterini çılpaqlığı ilə meydana qoyur. İsgəndərzadə canü-dildən özünü mühakimə edərək: "Bəs, mənim sinfi sayıqlığım harda idi?! Hə?! Necə oldu ki, mən o antipod əsədullanın səviyyəsinə endim? Bunu tarix mənə bağışlayacaqmı? Eh, yoldaş İsgəndərzadə! Kapitalist aləmindən gəlmiş avaranın birini milyonçu qəbul etmək?! Hətta onunla qohumluq barədə fikirləşmək?! Məgər marksizm-leninizm klassikləri sübut etməyiblər ki, kapitalist aləmi başdan-başa əxlaq pozğuluğu içindədir?! Nə tez unutdun bu böyük təlimi, yoldaş İsgəndərzadə, hə? Nə üçün sənin sinfi sayıqlığın bu dərəcədə korlanıb?...Belə getməyəcək! Bizimkilər qayıdacaq! Qayıdacaq! Kremlin qülləsində qızıl bayraq hələ çox dalğalanacaq!...Gələcək o gün! Qorbaçov bütün Siyasi Büro ilə birlikdə müttəhimlər kürsüsündə oturub tarixin qarşısında cavab verəcək! O zaman mən də öz qırmızı pasportumu bütün opportinistlərin gözünə soxub deyəcəm: Alın ha!... Yana-yana qalın, ha!.. Mən Sovet vətəndaşıyam!.."

Əsərdə ictimai mühitin (Elçin sanki ictimai mühiti də mücərrəd ümumi təqdim etməklə bərabər ona xarakter səciyyəsi verir. Az-az görünmələrinə baxmayaraq ictimai düşüncəni, davranışı göstərən ayrı-ayrı fərdi surətlər ictimai obraz yaradır. Belə ki, Süpürgəçi kişi, oğlanlar və qadınlar, hətta Pıçapıç adlanan mücərrəd obraz məhz ictimai obraza, hətta ictimai xarakterə xidmət edir. Diqqətlə baxılarsa, Əhməd bəy haqqında düşüncə dəyişikliyi ictimai mühitdə də dəyişdikcə söz-söhbət və münasibət də ona görə dəyişir. Əvvəlcə Əhməd bəyi milyoner haqqında həzm edən ictimai mühit onun milyonları, maddi sərvəti haqqında olmayan söz-sav yaradıb ortaya çıxarır. Amma elə ki, Əhməd bəyin nitqindən bir şey anlamayan adamlar onun milyoner olmadığı qənatinə gəlirlər, hətta Süpürgəçi kişi, oğlanlar və qadınlar, Pıçapıç Əhməd bəyə saymazyana, etinasız yanaşırlar. Müəllifin təqdim etdiyi bu remarka da deyiləni tam təsdiq edir. Remarkada deyilir: "Süpürgəçi kişi birdən-birə başını aşağı salıb ciddi-cəhdlə həyətin tozunu-torpağını Əhməd bəyin üstünə tolazlamağa başlayır.

Əhməd bəy (heyrət içində). Siz na? Siz na edir?..

Süpürgəçi kişi elə bil ki, onu eşitmir və eyni ciddi-cəhdlə süpürgəni oynada-oynada həyətin tozunu Əhməd bəyin üstünə tolazlayır.

Əhməd bəy. Sizda tarbiya yok!..

Süpürgəçi kişi eləcə tozu-torpağı Əhməd bəyin üstünə tolazlaya-tolazlaya uzaqlaşıb qaranlıqda yox olur.

Əhməd bəy (çaşmış halda ayaqqabılarınıa, şalvarının balaqlarına baxır). O batdı! (Başını bulayır.) Ay-yay-yay!.. Şalvarımı batırdı!".

Əsərdə bu məqsədlə eyni zamanda Xor obrazı da var və əlbəttə, bu, da ictimai xarakteri əks etdirən bir obraz olaraq çıxış edir. Xor "İstefa. Azad Azərbaycan. Azadlıq ya ölüm!" kimi şüarlarla ictimai-tarixi şəraiti, mənəvi-psixoloji mühiti nümayiş etdirir. Lakin elə həmin Xor ictimai obrazının yaradıcılarından olan Süpürgəçi kişi, oğlanlar və qadınlar, Pıçapıç Əhməd bəyə münasibət kontekstində heç də ideal obraz kimi görünmür. Bu isə, görünür kütlə psixologiyası və ictimai xaraketini təzahür etdirmək məqsədinə xidmət edir. Kütlə özünəməxsus əhval-ruhiyyə iulə davranaraq rasional düşüncədən kənar davranışını məhz deyilən bu kontekstlərdə açıq nümayiş etdirir. Əlbəttə, əsərin sonundakı vəziyyət ictimai düşüncənin də dəyişdiyi qənatinin çox tutarlı göstərgəsidir. Artıq jurnalistlərin səhnəyə daxil olması ilə məlum olanda ki, Əhməd bəy, həqiqətən milyonerdir, öz xalqı üçün nə qədər geniş maddi sərvətlər xərc edib, o zaman ayrı-ayrı xarakterlər kimi, ictimai xarakteri təzahür etdirənlərdən olan Süpürgəçi kişi də Əhməd bəylə qohum olmaq sevdasına düşərək öz xalasını ona ərə vermək üçün təkliflərdə olur və əlbəttə, öz qərarsızlığı, ictimai-mənəvi səviyyəsizliyini təzahür etdirmiş olur. Bununla da, əlbəttə, müəllif, konkret maddi məqsədlərlə öz övladına, fərdinə münasibət göstərən kütləni-xalqı, ictimaiyyəti tənqid etmiş olur. Yaşanan problemlərin səbəbini məhz ictimaiyyətin özündə, kütlənin düşüncəsində olduğunu göstərir.

Əsərdə Əhməd bəyi başa düşən, bu kütlənin, ictimai mühitin, ayrı-ayrı fərdlərin konkret səviyyəsinin müyəyyənləşməsinə, iç üzünün, məqsədi və niyyətinin açılmasına səbəb olan obraz Əhməd bəydən başqa Mehdiqulu bəydir. Çox uzun zaman ana vətənindən uzaq olan Əhməd bəyin öz vətənində dilsiz-ağızsız olması qınana bilər. Lakin bu belə olmasa idi, süjetin açılması, xarakterlərin bəlli olması, niyyətlərin açılması da mümükün ola bilməzdi. Doğrudur, bu missiyanı Mehdiqulu bəy də həyata keçirə bilərdi. Onun münasibətilə kimin nə yuvanın quşu olduğu bəlli edilə bilər, xarakterlər, daxili-mənəvi niyyətlər aşkarlana bilərdi. Lakin bu da obyektiv deyil, subyektiv ola bilərdi. Bu zaman yaxşı və pis Mehdiqulu bəyin subyektiv münasibətilə müəyyən oluna bilərdi ki, bu da əsərə canlılıq gətirməzdi. Amma hadisələrin, süjetin inkişafı, düyünün yaranması və açılması, xarakterlərin, niyyətlərin bəlli olması çox canlı, obyektiv bir planda baş verir. Yəni mühit üçün dərk edilməyən, ünsiyyətə girilməsi mümkün olmayan Əhməd bəyin mühitə, hadisələrin içinə girməsi ilə xarakterlər və niyyətlər bəlli olur, yaxşı və pis də öz-özünə aşkar olunur. Hər kəs özünün kim olduğunu, nə məqsədə, düşüncəyə, niyyətə malik olduğunu tam obyektiv, canlı bir planda ortaya qoymuş olur. Bu cəhətdən Əhməd bəyin dilsiz-ağızsızlığı Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərindəki Doktor Lalbyuz obrazını xatırlatmaqla onun missiyasını yerinə yetirmiş olur: məhz bu obraz bu üzdəki ictimai mühitdə dilsiz olması ilə hər kəsin xarakter və niyyətlərinin aşkarlanmasına, tərəflərin yaxşı və pis olmasına aydınlıq gətirmiş olur. Bu mənada Əhməd bəyin bu torpağın oğlu olmasına baxmayaraq dilsiz təqdim olunmasını bədii şərtilik və məqsədin ifadəsi olaraq təbii, mühakiməsiz qəbul etmək lüzumu görünür.

Beləliklə, Xalq yazıçısı Elçinin absurd teatrımızı zənginləşdirən əsərlər qalareyasında "Ah, Paris, Paris" əsəri də xüsusi yer qazanır. Ortaya qoyduğu maraqlı obrazlar vasitəsilə bədiiləşən ictimai mətləblər əsərin yaddaqalan olmasını şərtləndirir. Xalq yazıçısı Elçinin dramaturgiyasını tədqiq edən müəlliflərdən biri kimi İvtixar Piriyev də bu əsəri səciyyələndirərkən haqlı olaraq onun haqqında yazmışdır: "Ah, Paris, Paris" əsəri "həm satqınlığa, zəlalətə, həm də düşkünlük əhval-ruhiyyəli ictimai münasibətlərə qarşı bir ittiham kimi səslənir".

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya elmləri doktoru, dosent

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31