Uzaq Çindən Qara dənizə uzanan güc: TDT yeni dünya nizamını necə formalaşdırır? ÖZƏL
17:00 Siyasət"Müasir dünyada reallıq ondan ibarətdir ki, dünya yenidən formatlaşır və qloballaşır. Bu qloballaşma şəraitində eyni soydan olan xalqların hansı mövqedə dayanacağı mühüm məsələyə çevrilir. Artıq dünya siyasəti beynəlxalq hüquq prinsipləri ilə deyil, daha çox güc faktoru ilə tənzimlənir. Bu baxımdan, dünyada eyni kökdən olan xalqlar öz təhlükəsizliyini qorumaq, inkişaf etmək və beynəlxalq münasibətlər sistemində söz sahibi olmaq üçün mütləq şəkildə vahid platformada birləşməyə çalışırlar".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu gün Avropa və Qərb sivilizasiyasının bəşəriyyət üçün təhlükə mənbəyinə çevrildiyi barədə fikirlər də səsləndirilir. İstər Birinci Dünya müharibəsi, istər İkinci Dünya müharibəsi, istərsə də hazırda Ukrayna ərazisində davam edən və faktiki olaraq Üçüncü Dünya müharibəsinin elementlərini daşıyan proseslərin əsas səbəbkarı kimi Qərb sivilizasiyası göstərilir. Bildirilir ki, Qərb dünyası bəzən insanlıq əleyhinə siyasət yürüdür və bəşəri dəyərlərə zidd təşəbbüslər irəli sürür. Belə bir dövrdə türk xalqları və türk dövlətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində bir millət, bir ittifaq halında birləşərək yeni bir sivilizasiyanın əsasını formalaşdırırlar. Bu baxımdan "Turan sivilizasiyası" anlayışı ön plana çıxır. Türk Dövlətləri Təşkilatı artıq dünyada yeni güc mərkəzinə çevrilməkdədir. Türk dövlətləri təxminən 5 milyon kvadrat kilometr ərazini əhatə edir və bu coğrafiyada 200 milyona yaxın insan yaşayır. Bu məkan Uzaq Çindən Qara dənizə qədər uzanır və zəngin yeraltı, yerüstü təbii sərvətlərə malikdir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı fonunda Turan ittifaqının formalaşması istiqamətində mühüm proseslər gedir. Bu birliyin yaranması üçün ilk növbədə mənəvi inteqrasiya vacibdir. Ortaq əlifba məsələsi gündəmə gəlib, ortaq dil vahidinin formalaşdırılması istiqamətində addımlar atılır. Mənəvi inteqrasiyanın güclənməsi üçün ortaq ideologiyanın formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda iqtisadi inteqrasiya da vacib məsələlərdəndir. Ortaq sərmayələrin qoyulması, ortaq ödəniş sisteminin və hətta ortaq pul vahidinin yaradılması kimi məsələlər müzakirə olunur. Siyasi inteqrasiya baxımından isə ortaq parlamentin və ortaq qanunvericilik mexanizmlərinin formalaşdırılması perspektivləri diqqət mərkəzindədir. Bütün bunlar uzunmüddətli və mərhələli prosesdir.
Ekspert qeyd edib ki, son dövrlərdə türk dövlətləri rəhbərlərinin tez-tez görüşməsi, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etməsi də bu prosesin tərkib hissəsidir. İnformasiya mübadiləsinin sürətlənməsi üçün rəqəmsallaşma mühüm rol oynayır. İstər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə rəqəmsal texnologiyaların inkişafı vacib məsələyə çevrilib. Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının forumunda Azərbaycan Prezidenti hərbi sahədə ortaq təlimlərin keçirilməsi və müdafiə sənayesinə birgə sərmayələrin yatırılması məsələlərini də gündəmə gətirmişdi. Bu, təşkilatın gələcəkdə daha koordinasiyalı fəaliyyət göstərməsi baxımından əhəmiyyətli hesab olunur. Türk Dövlətləri Təşkilatının bir millət, bir ittifaq halında formalaşaraq Turan sivilizasiyasını meydana gətirməsi gələcəkdə dünyada yeni güc mərkəzinin yaranmasına səbəb ola bilər. Bu güc mərkəzinin dünyada haqqın və ədalətin qorunmasına töhfə verə biləcəyi qeyd olunur. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxışlarının birində "Dünya beşdən böyükdür" ifadəsini işlətmişdi. Bununla o, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün dünya ədalət sistemini tam şəkildə təmin edə bilmədiyini vurğulamışdı. Bu baxımdan gələcəkdə Türk Dövlətləri Təşkilatının və ya Turan ittifaqının da beynəlxalq qərarvermə mexanizmlərində təmsil olunmasının vacibliyi qeyd edilir. Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda Orta Asiya respublikaları ilə əməkdaşlığını inkişaf etdirir. Türk Dövlətləri Təşkilatının sammitlərində rəqəmsallaşma sahəsində əməkdaşlıq məsələləri də xüsusi müzakirə olunur. Bu, müasir dövrün tələblərindən irəli gəlir.
"Hazırda Azərbaycan üzərindən keçən kommunikasiya layihələri də mühüm əhəmiyyət daşıyır. Xəzər dənizi vasitəsilə Orta Asiyadan Azərbaycana, buradan isə Qara dəniz və Avropaya uzanan yeni kommunikasiya xətlərinin yaradılması gündəmdədir. Eyni zamanda yaşıl enerji layihələri, nəqliyyat infrastrukturu və Orta Dəhlizin əsas hissələrindən biri olan Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə və oradan dünyaya çıxış imkanları genişlənir. Ümumilikdə hesab olunur ki, Türk Dövlətləri Təşkilatı fonunda formalaşa biləcək Turan sivilizasiyası dünyada mövcud problemlərin həllinə və qlobal sabitliyə töhfə verə bilər. Bu sivilizasiya həm Şərq, həm də Qərb elementlərini özündə birləşdirən geniş bir platforma kimi qiymətləndirilir. Bu baxımdan zamanın tələblərinə uyğun layihələrin gecikdirilmədən həyata keçirilməsi zəruri hesab olunur. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin mütəmadi görüşləri də ortaq problemlərin müzakirəsi və qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova