“Sea Breeze" yarım milyon insan üçün planlaşdırılan "şəhər daxilində şəhər" modelidir - Ena-Kameliya Məlikova
12:35 İqtisadiyyatXəzər dənizinin sahilində həyata keçirilən "Sea Breeze" layihəsi "şəhər daxilində şəhər" konsepsiyası əsasında genişmiqyaslı urban inkişaf modeli kimi formalaşır.
Trend xəbər verir ki, bunu Sea Breeze-in Satış və İnvestisiya direktoru Ena-Kameliya Məlikova Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində "Tətbiqdə şəhər dəyər zənciri: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi" mövzusunda tədbirdə deyib.
O bildirib ki, hazırda layihədə 50 mindən çox sakin yaşayır və ümumi plan üzrə ərazidə gələcəkdə təxminən yarım milyon insanın məskunlaşması nəzərdə tutulur.
"Bu, sadəcə konsepsiya və ya maket deyil, real olaraq həyata keçirilmiş şəhərdir. Hazırda 4 milyondan çox kvadratmetr sahədə inkişaf işləri aparılıb və layihə 5-6 il ərzində aktiv şəkildə genişləndirilib", - deyə o qeyd edib.
Onun sözlərinə görə, "Sea Breeze" Xəzər sahili boyunca 7 kilometrlik ilkin mərhələ ilə başlayıb və ümumilikdə 22-23 kilometr sahil zolağını əhatə edəcək.
Layihə çərçivəsində yaşayış binaları, hotellər, kommersiya obyektləri və müxtəlif infrastrukturların daxil olduğu 30 milyon kvadratmetrdən çox tikinti sahəsi planlaşdırılır.
Nümayəndə vurğulayıb ki, layihə ilkin mərhələdə "Shorehouse" adlı kiçik otel və restoran kompleksi ilə başlayıb, daha sonra "Lighthouse" layihəsi ilə inkişaf mərhələsinə keçib.
"2018-ci ildən sonra biz apart-otel və yaşayış binalarının idarəetmə modelini tətbiq etdik. Bu sistem investorlar üçün böyük rahatlıq yaradır, çünki əmlakın idarə olunması, icarəyə verilməsi və satışı peşəkar şəkildə həyata keçirilir", - deyə o bildirib.
"Sea Breeze" rəsmisinin sözlərinə görə, "Sea Breeze" daxilində süni yarımadalar və iri miqyaslı zonalar yaradılır.
"'Half Moon' adlı 50 hektarlıq süni yarımadada Marriott, Hilton və digər beynəlxalq hotel brendləri fəaliyyət göstərəcək", - deyə o qeyd edib.
Layihə çərçivəsində 323 metr hündürlüyündə "Cipriani Tower" adlı Azərbaycanın ən hündür binasının inşası da nəzərdə tutulur.
O bildirib ki, layihənin memarlıq həlləri beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində hazırlanır.
"Biz Scott Brownrigg, Shaun Killa və digər tanınmış memarlıq büroları ilə işləyirik", - deyə o vurğulayıb.
Ena-Kameliya Məlikovanın sözlərinə görə, "Sea Breeze"də kazino infrastrukturu da nəzərdə tutulur.
"Bu, Avropada ən böyük, dünyada isə beşinci ən böyük kazino olacaq və regionda ilk belə layihədir. Eyni zamanda, 200 hektarlıq "Fire Island" adlı yeni süni ada da planlaşdırılır. Bu ərazidə yaşayış, kommersiya və hotel infrastrukturu yaradılacaq və kompleks şəhər konsepsiyasının bir hissəsi olacaq", - deyə o qeyd edib.
"Sea Breeze" rəsmisi bildirib ki, yaşıllıq və landşaft işlərinə xüsusi diqqət yetirilir.
"Biz ötən il landşaft işlərinə 30 milyon dollar investisiya etdik, 2026-cı ildə isə bu rəqəmin 50 milyondan çox olacağı planlaşdırılır. Artıq 11 milyondan çox bitki əkilib", - deyə o vurğulayıb.
O əlavə edib ki, layihənin idarə olunması üçün rəqəmsal 3D modelləşdirmə və simulyasiya sistemlərindən istifadə edilir.
"Biz "Sea Breeze"i "Unreal Engine" əsasında rəqəmsal model kimi də idarə edirik. Bu, bütün layihəni real vaxt rejimində vizuallaşdırmağa imkan verir", - deyə o bildirib.
Nümayəndə həmçinin layihənin beynəlxalq miqyasda genişləndiyini qeyd edib.
"Biz Özbəkistanda "Sea Breeze Uzbekistan", Monteneqroda isə "Sea Breeze Montenegro" layihələrini həyata keçiririk", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanda və xaricdə həyata keçirilən bu layihələr "şəhər daxilində şəhər" modelinin yeni nümunəsi kimi inkişaf edir və yaşayış, biznes, turizm və xidmət sektorlarını birləşdirir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.