Etik problem, yoxsa, akademik saxtakarlığı? - ÖZƏL

"Elmdə ad və titul məsuliyyətdir, şəxsi reklam vasitəsi deyil. Fəlsəfə doktoru elmi dərəcəsi olmadan illərlə rəsmi sənədlərdə özünü "PhD" kimi təqdim edən, indi isə heç bir hüquqi və akademik əsası olmadan "professor" titulunu yazan şəxslər əslində yalnız öz nüfuzlarını deyil, bütövlükdə elmi mühiti nüfuzdan salırlar". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim Zahid Məmmədov deyib: "Bu, sadəcə etik problem deyil - akademik saxtakarlıqdır. Çünki "PhD" və "professor" ifadələri şəxsin şəxsi arzusu ilə deyil, dövlət tərəfindən təsdiq olunmuş elmi prosedurlar və rəsmi qərarlar əsasında verilir. Elmi dərəcəsi olmayan birinin özünü "PhD" kimi təqdim etməsi necə aldadıcıdırsa, professor adı yazması da eyni dərəcədə məsuliyyətsiz və biabırçı davranışdır.
Təəssüf doğuran məqam odur ki, bəzi insanlar elmi fəaliyyətlə deyil, titul kolleksiyası ilə məşğuldurlar. Elmi məqalə yazmadan alim görünmək, tədqiqat aparmadan professor olmaq, auditoriyaya daxil olmadan müəllim obrazı yaratmaq istəyirlər. Belələri üçün elm zəhmət deyil, vizit kartında yazılan statusdur. Halbuki həqiqi alim adını özü yox, cəmiyyət və elmi ictimaiyyət verir.
Ən təhlükəlisi isə odur ki, belə saxta akademik obrazlar gənclərdə yanlış təsəvvür yaradır. Gənc tədqiqatçı görür ki, illərlə dissertasiya üzərində çalışanla, heç bir elmi mərhələ keçmədən özünə titul yazan eyni masada oturur. Bu isə elmə inamı sarsıdır, akademik ədaləti məhv edir.
Elm saxtalığı qəbul etmir. Saxta titul daşımaqla insan bir müddət ətrafı aldada bilər, amma elmi ictimaiyyəti aldada bilməz. Çünki həqiqi professorun arxasında məktəb, tədqiqat, tələbə, ideya və əsər dayanır. Saxtanın arxasında isə yalnız şişirdilmiş ego və boş ambisiya qalır.
Akademik mühitin ən böyük problemlərindən biri də məhz budur: bəzi şəxslər elmi pillələri keçmədən zirvədə görünməyə çalışırlar. Halbuki elmdə lift yoxdur - yalnız pillə var. O pillələri isə zəhmətlə qalxmayanların "professor" sözü qarşısında dayanmağa mənəvi haqqı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31