Diplomdan əlavə qazanc: Könüllülük təcrübəsi

Son illərdə "könüllülük" anlayışı gənclərin həyatında xüsusi yer tutmağa başlayıb. Əvvəllər yalnız müəyyən tədbirlərdə yardımçı fəaliyyət kimi qəbul olunan könüllülük bu gün artıq gənclərin inkişaf platformasına çevrilib. Təhsil layihələrində, beynəlxalq tədbirlərdə, sosial aksiyalarda, ekoloji kampaniyalarda və humanitar fəaliyyətlərdə minlərlə gənc könüllü kimi iştirak edir. Bu iştirak isə sadəcə bir tədbirdə kömək etməkdən ibarət deyil. Könüllülük insanın dünyagörüşünü dəyişən, onu cəmiyyətə daha yaxın edən və həyata hazırlayan mühüm məktəbdir. Məncə, könüllülüyün əsas gücü insanı dəyişdirməsindədir. Çünki könüllü fəaliyyət insanı yalnız başqalarına yardım etməyə yox, həm də özünü tanımağa sövq edir. Bir çox gənc ilk dəfə məhz könüllü proqramlar vasitəsilə kollektivdə işləməyi, məsuliyyət daşımağı və insanlarla düzgün ünsiyyət qurmağı öyrənir.  Bu gün dünyada inkişaf etmiş ölkələrin əksəriyyətində könüllülük cəmiyyətin ayrılmaz hissəsi hesab olunur. Çünki könüllülər sosial problemlərin həllində dövlət qurumlarına və ictimai təşkilatlara ciddi dəstək verirlər. Xüsusilə təbii fəlakətlər, humanitar böhranlar və böyük tədbirlər zamanı könüllülərin rolu daha açıq görünür. Onlar insanların yanında olur, yardım göstərir və həmrəylik nümunəsi yaradırlar. Düşünürəm ki, məhz bu səbəbdən könüllülük təkcə fəaliyyət deyil, həm də vətəndaş məsuliyyətidir.
Azərbaycanda da son illərdə könüllülük hərəkatı sürətlə inkişaf edir. Xüsusilə beynəlxalq tədbirlərin keçirilməsi bu sahəyə marağı artırıb. Formula 1 yarışları, müxtəlif forumlar və mədəni tədbirlərdə iştirak edən könüllülər həm ölkələrini təmsil edir, həm də böyük təcrübə qazanırlar. Bu tədbirlərdə iştirak edən gənclər müxtəlif xalqlarla ünsiyyət qurur, xarici dillərini inkişaf etdirir və yeni bacarıqlar əldə edirlər. Ən önəmlisi isə onlar özlərini cəmiyyətin faydalı üzvü kimi hiss etməyə başlayırlar. Könüllü fəaliyyət gənclərin şəxsi inkişafında da mühüm rol oynayır. Bir çox işəgötürən artıq gənclərin yalnız diplomuna deyil, sosial fəaliyyətinə də diqqət yetirir. Çünki könüllülük insanın aktivliyini, təşəbbüskarlığını və komandada işləmək bacarığını göstərir. Könüllü proqramlarda iştirak edən gənclər daha çevik düşünməyi, problemləri operativ həll etməyi və liderlik etməyi öyrənirlər. Düşünürəm ki, bəzən könüllülük məktəbi insanı universitetdən daha çox həyata hazırlayır. Bu gün sosial şəbəkələrdə tez-tez uğur hekayələri paylaşılır. Lakin həmin uğurların arxasında çox vaxt könüllü fəaliyyət dayanır. Çünki könüllülük insanlara çevrə qazandırır, yeni imkanlar yaradır və onları həyata daha hazırlıqlı edir. Bir çox gənc məhz könüllü proqramlarda iştirak etdikdən sonra gələcək peşəsini müəyyənləşdirir və ya öz potensialını kəşf edir. Məncə, cəmiyyətin inkişafı üçün yalnız savadlı insanlar yox, həm də vicdanlı və faydalı insanlar lazımdır. Könüllülük isə məhz bu keyfiyyətləri formalaşdıran mühüm vasitələrdən biridir. Bu fəaliyyət insanlara birlikdə işləməyi, başqalarının problemlərinə həssas yanaşmağı və cəmiyyət qarşısında məsuliyyət hiss etməyi öyrədir.
Könüllülük təcrübəsi universitet təhsilini tamamlayan bir "praktik məktəb" kimi dəyərləndirilə bilərmi?Bu proqramlarda iştirak edən gənclərdə liderlik və məsuliyyət hissi necə formalaşır?Təhsil sistemi könüllülük fəaliyyətini kifayət qədər dəstəkləyir və tanıyırmı? Bu suallara cavab tapmaq üçün, mövzu ilə bağlı daha ətraflı təhsil eksperti Ramin Nurəliyev Olaylar.az- a açıqlama verib: 
" Bu gün ali təhsil müəssisələrinin əksəriyyətində təcrübə proqramları arzuolunan səviyyədə deyil. Xüsusilə də mühəndislik ixtisaslarında bir çox ixtisaslarda deyə bilərəm ki, demək olar ki, təcrübə proqramları bir semestr həyata keçirilir və bir semestr olan praktika həqiqətən də tələbənin əmək bazarına qoşulması üçün yetişmiş bir kadr kimi formalaşmasına müsbət təsir göstərmir. Biz beynəlxalq təcrübəyə baxdığımız zaman beynəlxalq təcrübədə praktika təhsil müddətinin üçdə birini əhatə edir. Amma bizdə isə bu həm azdır, həm də arzuolunan səviyyədə deyil. Niyə arzuolunan səviyyədə deyil? Çünki praktikada, misal üçün, mühəndislik ixtisasları üzrə praktikada iştirak edən tələbələrin əksəriyyəti demək olar ki, sadəcə praktika keçirlər. İnşaat mühəndisliyində arzuolunan o olur ki, həm universitetin daxilində müəyyən qədər inşaat sektoruna aid olan maddi texniki baza təmin olunsun və bununla yanaşı lazımi inşaat belə deyək şirkətlərinə gedib orada praktika keçə bilsin. Yaxud da maşın mühəndisliyi ixtisası var. Maşın mühəndisliyi ixtisaslarında əlbəttə ki, bir zavodda gedib praktika keçməlidir tələbə. Yəni əgər maşın mühəndisi olacaqsa, zavodda praktika keçməlidir və bunun hər bir təfərrüatlarını öyrənməlidir, bilməlidir. Universitetin özündə kiçik bir zavod formalaşmalıdır. Yəni bir laboratoriya kimi və ya tələbənin praktika keçə biləcəyi bir yer olmalıdır. Maddi texniki baza ilə təmin olunmalıdır. Amma çox təəssüf olsun ki, bir neçə ali təhsil müəssisələrimizə çıxmaq şərtilə əksər ali təhsil müəssisələrində demək olar ki, bu imkanlar məhduddur. Yəni bizdə universitetlərdə praktika adı, misal üçün, mən sizə ən asan bir ixtisas deyim, pedaqoji ixtisası. Məsələn pedaqoji ixtisasları ali təhsil müəssisələrində bitirənlər Miq imtahanına başa girə bilmir. Niyə? Çünki bunların müəyyən qədər praktiki bilikləri arzuolunan səviyyədə deyil. Hər hansı bir kursdan müəyyən dəstək alıb elə Miq imtahanında iştirak edə bilirlər. Bu nəyi göstərir? Bu onu göstərir ki, bizim ali təhsil müəssisələrinin əksəriyyətində kadr hazırlığı arzuolunan səviyyədə deyil. Məhz buna görə də əlbəttə ki, tələbələrin könüllü proqramlarına qoşulmaları çox gözəl olar. 
Könüllü proqramlarında tələbələr müəyyən qədər ixtisasları üzrə bilik və bacarıqları mənimsəyirlər. Könüllü proqramlarında tələbələrin demək olar ki, dünyagörüşləri inkişaf edir, aktivlikləri artır. Ona görə də könüllü proqramları mütləqdir. Xüsusilə də dövlət qurumlarında və özəl sektorlarda könüllü proqramlarına qoşulan gənclərin gələcəkdə əmək bazarına qoşulmasında da müəyyən qədər müsbət təsir olur. Çünki işəgötürən rahat bir şəkildə gəncdən soruşur, yəni sən universitet bitirən gənc, əlbəttə ki, universiteti yeni bitirmişsə, bunun praktika keçəcəyi bir yer yoxdur, yəni staj müddəti yoxdur, yox səviyyəsindədir. Ona görə də işəgötürən soruşur sənin stajın yoxdur, amma könüllü proqramlarına qoşulduğu təqdirdə ixtisası üzrə əlbəttə ki, orada müəyyən qədər staj əldə edə bilir və bu staj da onun gələcəkdə əmək bazarına qoşulmasına müsbət təsir göstərir və işəgötürənlər tərəfindən də maraq doğurur. Ona görə də mən bütün , gənclərin könüllü proqramlarına qoşulmasını arzulayardım və bunu təşviq edərdim. Əsas olan odur ki, öz ixtisası üzrə, öz sahəsi üzrə könüllü proqramlarında aktiv iştirak etsin, lazımi sertifikatları əldə eləsin. Sadəcə bir təşkilatda deyil, müxtəlif təşkilatlarda, həm dövlət qurumlarında, həm özəl sektorlarda könüllü proqramlarına qoşulmaq arzuolunandır tələbələr üçün, əlbəttə ki, bu onların gələcək karyerasına da əlbəttə müsbət təsir göstərəcək. Könüllü təcrübəsi universitet təhsilini tamamlayan bir praktik məktəb kimi dəyərləndirilə bilərmi? Bəli, mən rahat bir şəkildə bunu ifadə edirəm. Universitetin tamamlanması üçün, çünki oradakı olan bu boşluqları, çünki bizdə universitetlərdə bilirsiniz, nəzəri biliklərə daha çox üstünlük verirlər. Yəni nəzəri biliklər heç də gənclərin ixtisaslı bir kadr kimi formalaşmasına müsbət təsir göstərmir. Nəzəri biliklərlə yanaşı, praktiki biliklər də yüksək səviyyədə olmalıdır və praktiki biliklərin də yüksək səviyyədə olması nəzəri biliklərin rahat bir şəkildə tamamlanmasına gətirir çıxarır. Ona görə də hesab edirəm ki, praktiki məktəb kimi mütləq könüllü proqramlarına qoşulması lazımdır və bu istiqamətdə əlbəttə ki, gənclərin gələcək karyerasına müsbət təsir göstərəcək. Bu proqramda iştirak edən gənclərdə liderlik və məsuliyyət hissi necə formalaşır? Çox yüksək səviyyədə formalaşır. Misal üçün, bir gəncimiz könüllü proqramlarına qoşulur müxtəlif dövlət qurumlarında və yaxud özəl sektorda öz ixtisası üzrə digər tələbə qoşulmayıb. Yəni işəgötürən nə edir? Könüllü proqramlarına qoşulan müəyyən sertifikatlar əldə edən gənclərə daha çox üstünlük verir və onların liderlik qabiliyyəti digərlərinə nisbətən müqayisədə daha yüksək səviyyədə olur. Təhsil sistemi könüllü proqramında iştirak edən gənclərə hər hansı bir məhdudiyyət tətbiq etmir. Amma məsələn, mən bunu daha çox istəyərdim və arzulayardım. Ali təhsil müəssisələrinin bir qismi ancaq təcrübə proqramlarına, yəni praktikaya özlərinin razılaşdığı yerə göndərmək istəyirlər. Amma misal üçün Avropada və beynəlxalq təcrübədə belədir. Gənc əgər hər hansı bir ixtisası üzrə, misal üçün, maşın mühəndisliyi ixtisasını bitirib və maşın mühəndisliyi ixtisasını bitirdiyi təqdirdə hər hansı başqa bir yerdə gedib praktika keçmək istəyir və bunu həmin yerdən razılığını alıb, razılıq məktubunu gətirib universitetə təqdim edir. Universitet buna köməklik göstərir, həmin yerdə praktika keçməsinə imkan verir. Amma bizdə bəzi ali təhsil müəssisələri buna müəyyən qədər məhdudiyyət qoyur. Deyir yox, sən mənim istədiyim yerə və yaxud da mənim razılaşdığım yerə gedib orada təcrübə proqramı keçməlisən. Əslində bu doğru bir yanaşma deyil. Yəni bunu bütün universitetlərə şamil etmək olmaz, təbii ki. Universitetlər bu istiqamətdə gənclərin önünü açmalıdır. Universitetlər gənclərin, əgər psixologiya ixtisasını bitirirsə gəncimiz, psixologiya sahəsində hər hansı bir özəl təşkilatda gedib praktika keçmək istəyirsə, buna köməklik göstərməlidir, dəstək göstərməlidir. Çünki gənc də öz gələcək karyerasını düşünür və gələcək karyerasının daha yaxşı olması istiqamətində müvafiq addımlar atmaq istəyir. Bu digər ixtisaslarda da həmişə keçərlidir. Ona görə də düşünürəm ki, universitetlər bu məsələdə könüllü proqramlarına, fəaliyyətlərinə qoşulmaq istiqamətində tələbələrə müəyyən dəstək verməlidir".
Sonda isə bir həqiqət dəyişməz qalır: könüllülük yalnız görülən iş deyil, insanın özünü formalaşdırdığı bir həyat məktəbidir. Bu fəaliyyət gənclərə sadəcə təcrübə qazandırmır, həm də onları daha məsuliyyətli, daha həssas və daha faydalı vətəndaşa çevirir. Bu gün könüllü kimi atılan kiçik addımlar sabah cəmiyyətin inkişafına çevrilən böyük nəticələr yaradır. Çünki bir ölkənin gücü yalnız onun texnologiyası və ya iqtisadiyyatı ilə yox, cəmiyyət üçün faydalı olmağa çalışan gəncləri ilə ölçülür. Könüllülük isə məhz belə gəncləri yetişdirən ən vacib platformalardan biridir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31