Əkbər Qoşalı: “Azərbaycan öz milli çıxarları ilə bağlı daha sərt siyasi üsluba keçməkdə haqlıdır” ÖZƏL
15:50 Siyasət"Prezident İlham Əliyevin Zəngilandakı çıxışı həm bölgəyə, həm də müəyyən beynəlxalq güc mərkəzlərinə verilmiş açıq geosiyasi ismarıc xarakterindədir. Yəni, seçki ərəfəsində olan keçmiş işğalçı ilə şərti dövlət sərhəddinin təqribən 2 km məsafədəki o çıxışın yalnız lokal auditoriyaya ünvanlanmış siyasi nitq olmadığı bəllidir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Bəs dövlət başçısının "2020-ci ildə Ermənistanı xilas edə bilməyənlər bu gün qəhrəmanlıq göstərməyə çalışırlar" fikri nəyə hesablanmış ola bilər?
Məncə, bu, əslində son illərdə Güney Qafqaz siyasətində ikili standartlarla çıxış edən bəzi Avropa siyasi dairələrinə yönəlmiş çox sərt və prinsipial mövqedir. Burada ilk növbədə, Fransanın timsalında bəzi Avropa siyasi çevrələrinin davranışı nəzərdə tutulur, çünki 44 günlük Vətən müharibəsi dönəmində də, ondan sonrakı mərhələdə də müəyyən dairələr açıq və ya dolayı şəkildə Ermənistanı siyasi baxımdan müdafiə etməyə çalışır, Azərbaycanı isə təzyiq altında saxlamaq istəyirdi. Ancaq tarixi gerçəklik ondan ibarətdir ki, 2020-ci ildə bölgədə yeni siyasi düzəni nə Paris, nə Brüssel, nə də başqa mərkəzlər müəyyənləşdirdi - bunu şanlı Azərbaycan Ordusunun gücü, xalqın iradəsi və Müzəffər Ali Baş Komandanın siyasi qətiyyəti müəyyən etdi. Yəni bölgənin taleyi artıq qıraqdan yazılan ssenarilərlə deyil, bölgə dövlətlərinin öz siyasi iradəsi ilə müəyyən olunur. Bax, Prezidentin ismarıcnın əsas siyasi hədəfi də məhz budur. Azərbaycan bununla demək istəyir ki, Qarabağ adı ilə quraşdırılmış məsələ - güclü havadarların dəstəyiylə işğal və özgəninkiləşdirmə tarixə qovuşub və heç bir xarici güc köhnə status-kvo xəyallarını geri qaytara bilməz. "2020-ci ildə kömək etmədilər" ifadəsi həm də bir növ siyasi yaddaşın xatırladılmasıdır. O dönəmdə erməni cəmiyyətində böyük ümid vardı ki, müəyyən beynəlxalq güclər birbaşa müdaxilə edəcək, prosesi dayandıracaq və Azərbaycanın hərbi-siyasi üstünlüyünün qarşısını alacaq, amma gerçəklik tam başqa oldu - heç kim Azərbaycan Ordusunun qarşısında dayanmadı. Çünki beynəlxalq sistem də faktiki olaraq Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini qəbul etmək məcburiyyətində qaldı.
Günümüzdə isə həmin dairələrin yenidən "himayədar", "xilaskar" obrazında çıxış etməsi Bakıda təbii olaraq qeyri-səmimi davranış kimi qiymətləndirilir. Prezidentin "boşboğazlıq" və "saxta qəhrəmanlıq" ifadələri də artıq açıq siyasi xəbərdarlıq leksikonudur. Bu, o deməkdir ki, Azərbaycan savaşsonrası dönəmdə öz milli çıxarları ilə bağlı daha sərt və daha birbaşa siyasi üsluba keçməkdə haqlıdır.
"Digər önəmli məqam isə Zəngilandan verilən ismarıcın simvolik tərəfidir. Azad Zəngilan Böyük Qayıdışın, yeni sərhəd təhlükəsizliyinin, Zəngəzur dəhlizi ideyasının və bölgəsəl kommunikasiya xəritəsinin əsas qovşaq nöqtələrindən biridir. Prezidentin məhz oradan danışması təsadüfi hal sayılmamalıdır. Bu, həm Ermənistana, həm də bölgədən qıraqda proseslərə təsir göstərmək istəyən qüvvələrə yeni ismarıcdır ki, artıq bölgədə yeni gerçəklik yaranıb və bu yeniliyin, gerçəkliyin müəllifi Azərbaycandır! Prezidentin çıxışında bir cümlə də xüsusi diqqət çəkir: "Sülh bölgəyə Azərbaycanın iradəsi ilə gəlib". Bax, bu fikir çox önəmli siyasi tezisdir. Çünki uzun illər beynəlxalq vasitəçilər sülh prosesindən danışsa da, gerçək nəticə əldə olunmurdu. 30 il boyunca BMT qətnamələri kağız üzərində qaldı. Bölgədə yeni təhlükəsizlik arxitekturunu isə məhz Azərbaycanın öz gücü formalaşdırdı. Bu baxımdan Bakı indi bölgəsəl siyasi nizamın qurucu aktoru kimi çıxış edir. Əlbəttə, bu cür çıxışlar emosional ritorika kimi qəbul edilə bilməz. Burada həm psixoloji üstünlük nümayişi, həm diplomatik xəbərdarlıq, həm də siyasi özgüvən var. Azərbaycan demək istəyir ki, savaşsonrası dönəmdə ölkəyə qarşı təzyiq dili nəticə verməyəcək və bölgədə dayanıqlı sülh yalnız yeni gerçəkliklərin qəbul olunması əsasında mümkündür", - deyə yazar vurğulayıb.
Dövlətimiz zaval görməsin!
Səidə Ramazanova