Türkiyə-Ermənistan sərhədlərinin açılması Bakının mövqeyindən asılıdır- ÖZƏL
15:39 SiyasətBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin üzvü Cavid Vəliyev bildirib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması rəsmi İrəvan üçün kritik əhəmiyyət kəsb etsə də, bu proses birbaşa Azərbaycanla məsləhətləşmələrə bağlıdır. 2022-ci ildən xüsusi nümayəndələr təyin olunsa da, Türkiyə bu məsələdə Bakı ilə ortaq addım atır.
Ermənistandakı daxili siyasi gərginlik və revanşist meyillər sərhədlərin açılması prosesini dayandıra bilərmi?
Sərhədlərin açılması üçün Zəngəzur dəhlizinin işə düşməsi mütləq ilkin şərtdir, yoxsa bu, paralel gedən bir prosesdir?Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
"Təbii ki, Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılması və digər iqtisadi əlaqələrin inkişafı bilavasitə Azərbaycanla bağlıdır və sülh prosesi tərkibində bu məsələlələr qarşılıqlı anlaşma şəraitində davam etməlidir. Ermənistandakı daxili siyasi vəziyyət, müəyyən qədər gərginlik düşünürəm ki, proseslərə mane olmaq xarakteri daşıyır. Əsasən Rusiya tərəfin bu məsələdə fəaliyyəti böyükdür. Lakin Ermənistanda gözlənilən seçki ərəfəsində bu gərginlik müəyyən qədər davam etsə də seçkidən sonra stabilləşəcək. Ona görə ki, Türkiyə və Azərbaycan artıq regionda diktə edən tərəfdir və geosiyasi, geostrateji reallıqlar Bakının xeyrinə dəyişib. Həmçinin Rusiyanın dəstək verdiyi revanşist qüvvələr sıxışdırılır, Ermənistan hakimiyyəti də özünə sərf etmədiyi üçün bu qüvvələri mümkün qədər təcrid edir. Türkiyə ilə sərhədlərin açılması məsələsi Ermənistanın Azərbaycan ilə həll prosesi davam edən görüləcək işlərlə əlaqədardır. Rəsmi sülh müqaviləsi burada əsas gözləntilərdəndir. Çünki dövlət rəsmilərinin müəyyən sənədlərə, müqavilələrə imza atması üçün sülh müqaviləsi şərtdir. Gedən proseslər zamanı reallaşan razılaşmalar əsasında Türkiyənin sərhəddi açma məsələsi tezləşə yaxud gəlinmiş qənaətə görə ləngiyə də bilər. Bu, zamana və davam edən proseslərə, ən ası da Ermənistanın özünü necə aparmasına bağlıdır. Zəngəzur dəhlizinin açılması ilə paralel şəkildə də bu məsələ həll oluna bilər. Burada bir neçə variant var. Revanşist meyllərin artması Ermənistanın öz marağı olmasa sərhədlərin yaxud Zəngəzur dəhlizinin açılmasına maneə yarada bilməz. Ermənistan özü də bunu edə bilməz, çünki öhdəliyi var. Əgər Rusiya təziqini bəhanə edərək sülh prosesini ləngidərsə bu, Ermənistanın indiki hakimiyyəti üçün sonun başlanğıcı ola bilər. Bütün hallarda Ermənistan nəyin bahasına olursa olsun prosesi başa çatdırmalıdır".
Zeynəb Mustafazadə