“ETSN-də bir gün” ekoloji maarifləndirmə layihəsi davam edir

"ETSN-də bir gün" ekoloji maarifləndirmə layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu dəfə Xəzər Universiteti Dünya məktəbinin şagirdləri ilə görüş keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüş zamanı Milli Hidrometeorologiya Xidmətinin İqlim və meteoroloji tədqiqatlar mərkəzinin direktoru Aslan Şıxəliyev iqlim dəyişmələri, bu prosesin əsas səbəblərindən olan istixana effekti yaradan qaz emissiyaları və onların ətraf mühitə təsiri barədə şagirdlərə geniş məlumat verib.

Daha sonra mərkəzin mütəxəssisləri Aygün Nərimanova və Solmaz Rzayeva tərəfindən iqlim dəyişmələrinin nəticələri, buzlaqların əriməsi, dəniz səviyyəsinin dəyişməsi, quraqlıq, sel və digər ekstremal hava hadisələri haqqında məlumat verilib. Eyni zamanda problemin qarşısının alınması məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə, ağacəkmə, enerji qənaəti və ətraf mühitin qorunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Proqramın davamında isə Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Aysel Rzayeva çıxış edib və şagirdlərə bu il ölkəmizin Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyini bildirib. O, tədbirin ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə və dayanıqlı inkişaf istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Qeyd edək ki, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Nazirlik tərəfindən təşkil olunan bu cür maarifləndirici tədbirlər 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ekoloji təşəbbüslərin təşviqinə, ətraf mühitin mühafizəsi sahəsində ictimai fəallığın artırılmasına xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31