Netanyahu Macarıstana gəlsə, həbs olunacaq - Macar
21 Aprel 10:26 SiyasətMacarıstanın yeni baş naziri olacaq Peter Macar bildirib ki, İsrail baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən Macarıstana gələrsə, həbs olunacaq.
Musavat.com xəbər verir ki, Budapeştdə jurnalistlərə verdiyi açıqlamada Macar qeyd edib ki, Macarıstan sələfi Viktor Orbanın ötən il çıxmağa başladığı Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olaraq qalacaq: "Əgər kimsə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışdadırsa və ölkəmizə daxil olursa, o, saxlanılmalıdır".
Parlament seçkilərinin qalibi qeyd edib ki, ölkənin yeni hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olaraq qalmaq üçün hələ 2 iyun tarixinə qədər vaxtı var.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahuya 2024-cü ildə Qəzza zolağında insanlığa qarşı cinayətlər və müharibə cinayətləri ittihamları ilə həbs orderi verib. Beynəlxalq Cinayət Məhkəməsi həmçinin Rusiya prezidenti Vladimir Putinə Ukrayna uşaqlarının qaçırılmasına görə həbs orderi verib.