Yeni mərhələ: Azərbaycanın regional liderlikdən qlobal aktora doğru addımı- ÖZƏL
17:08 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ASİSK) 82-ci sessiyasına müraciətində bir neçə əsas məqamı vurğulayıb: Qlobal qeyri-müəyyənlik və geosiyasi gərginlik fonunda dövlətlərin suverenliyi və ərazi bütövlüyünün vacibliyi qeyd olunub. Azərbaycanın Cənubi Qafqazda suverenliyini tam bərpa etdiyi, Ermənistanla sülh və əməkdaşlıq mərhələsinə keçdiyi bildirilib. Artıq tərəflər arasında ticarət əlaqələrinin başladığı və etimadın formalaşdığı vurğulanıb.
İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin aparıldığı, "Böyük Qayıdış" çərçivəsində 80 mindən çox insanın geri döndüyü qeyd edilib. Mina problemi isə əsas təhlükələrdən biri kimi təqdim olunub. Azərbaycanın son illərdə iqtisadi inkişafı, yoxsulluğun azalması, Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişləri və Orta Dəhliz kimi nəqliyyat layihələrinin artan əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda ölkənin enerji təhlükəsizliyində rolu və beynəlxalq təşkilatlarda fəallığı vurğulanıb.
Azərbaycanın beynəlxalq təşkilatlarda və qlobal təşəbbüslərdə artan fəallığı onun xarici siyasətində hansı yeni prioritetlərin formalaşdığını göstərir? Orta Dəhliz və Zəngəzur layihələrinin artan əhəmiyyəti fonunda Azərbaycanın geosiyasi çəkisi necə dəyişir?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Azərbaycan son illərdə, əsasən Qarabağ problemini həll edəndən sonra qlobal miqyasda, siyasi əlaqələrində, qlobal fəaliyyətlərində, beynəlxalq təşkilatlarda iştirakında və qlobal problemlərin həllində daha aktiv rol almaqdadır. Məsələn, biz müşahidə edirik ki, Bakıda beynəlxalq forumlar keçirilir və dünyanın aktual problemləri orada müzakirə olunur, qərarlar verilir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə qlobal sülh və sabitliyə töhfə vermək üçün səylərini artırır. Azərbaycan özü də münaqişədən əziyyət çəkən bir ölkə olub.
Nəticə əldə etmək olur-olmur, bu artıq ayrı bir müzakirə mövzusudur. Əsas məsələ budur ki, Azərbaycan bu istiqamətdə fəaliyyətlərini artırır. Bu da təbii ki, yeni gündəlik formalaşdırır. Məsələn, Cənubi Qafqazda Azərbaycanın bir sıra təşəbbüsləri və mexanizmlərin formalaşdırılmasıdır. Daha sonra digər ölkələrlə münasibətlərdə bu məsələlərə uyğun addımlar atmaq və ya həmin ölkələrdə Azərbaycan daxil olmaqla yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaq. Və ya təbii ki, Yaxın Şərq və dünyanın digər qaynar nöqtələri. Orta Dəhliz və Zəngəzur dəhlizinin artan əhəmiyyəti də xüsusi vurğulanır. Xüsusən, ABŞ, İsrail və İran arasında gərginliklərdən sonra Azərbaycanın Zəngəzur dəhlizi və Orta Dəhliz məkanında iştirakı ümumilikdə ölkənin çəkisini yenidən gündəmə gətirdi, daha da artırdı və bu, hər kəs tərəfindən müşahidə olundu. Sadə bir misal olaraq, müharibənin gedişatında Azərbaycan səması uçuşlar üçün, aviasiya üçün necə intensiv istifadə olunurdu- Azərbaycan səmasında müəyyən mənada "tıxac" belə yaranmışdı. Bu, sadə və bəsit bir misal kimi görünə bilər, amma eyni zamanda Azərbaycanın həm səmasının, həm torpağının, həm də yol-logistika baxımından nə qədər əhəmiyyətli olduğunu göstərirdi. Burada ön planda, təbii ki, Zəngəzur dəhlizi və Orta Dəhliz dayanır.
Bütün bu mənalarda Azərbaycan qlobal siyasətdə çox aktiv şəkildə rol oynayır və bu rol ötən müddət ərzində daha da artır".
Zeynəb Mustafazadə