NATO-nun deterrensiya Rusiya riskinin idarə olunmasına əsaslanır- ÖZƏL
11:01 Siyasət"Rusiyanın Ukraynada dörd il ərzində həlledici strateji nəticə əldə etməməsi guya NATO-nun əsas missiyasını zəiflədib. Bu arqument müəyyən qədər başadüşüləndir, amma tam nəticə üçün yetərli deyil. Çünki NATO-nun deterrensiya fəlsəfəsi Rusiyanın zəifliyinə yox, Rusiya riskinin idarə olunmasına əsaslanır. Baltik ölkələri, Polşa və Finlandiya üçün Moskva hələ də real təhlükədir. Məhz buna görə Avropanın şərq qanadı ABŞ-dan uzaqlaşmaq yox, əksinə, alyans daxilində daha çox Avropa çəkisi olan modeli dəstəkləyir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Hazırda Brüssel, Berlin və Parisdə müzakirə olunan əsas ideya ayrıca "Avropa ordusu"ndan çox, NATO daxilində Avropa sütununun gücləndirilməsidir. Bu modeldə NATO-nun komanda və planlama sistemi saxlanılır; ABŞ-ın boşaltdığı C4ISR, logistika və hava müdafiə imkanları Avropa tərəfindən doldurulur; Almaniya, Fransa, Polşa və Böyük Britaniya əsas hərbi dayaqlara çevrilir; Avropa müdafiə sənayesi vahid satınalma və standartlarla inteqrasiya olunur. Bu yanaşma artıq nəzəriyyədən praktikaya keçir: Portuqaliya ayrıca Avropa ordusuna qarşı çıxsa da, NATO daxilində Avropa hərbi modernizasiyasını açıq dəstəkləyir, İspaniya isə daha dərin inteqrasiyaya çağırır"