Görünməyən iştirak: Rusiyanın İran-ABŞ qarşıdurmasında rolu nədən ibarətdir? – ÖZƏL

Dmitri Peskov Rusiyanın İran ətrafında baş verən münaqişədə iştirak etmədiyini bəyan edib. Onun sözlərinə görə, Moskva bu hərbi proseslərin tərəfi deyil və sözügedən qarşıdurma Rusiyaya aid müharibə kimi qiymətləndirilmir. Maraqlıdır, Rusiyanın ABŞ-İran-İsrail müharibəsi ilə əlaqəsi hansı səviyyədədir?

"Əlbəttə ki, Rusiya birbaşa şəkildə müharibədə iştirak etdiyini deyə bilməz. Bu, hüquqi baxımdan doğru olmaz və beynəlxalq münasibətlər sistemində ciddi gərginliyə səbəb ola bilər".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, lakin şübhəsizdir ki, Rusiya dolayı yollarla bu münaqişədə iştirak edir. Məsələn, İrana silah təminatı və müxtəlif formalarda göstərilən dəstək Rusiyanın ümumi strategiyasının tərkib hissəsidir. Necə ki, İran Ukrayna müharibəsində birbaşa qoşun göndərmir, Rusiya da eyni şəkildə bu müharibədə açıq hərbi iştirakdan yayınır. Dmitri Peskovun açıqlamaları da məhz bu istiqamətdə qiymətləndirilə bilər. Rusiya tərəfinin İranın yanında olmadığını demək düzgün olmaz. Əksinə, verilən siyasi bəyanatlar və göstərilən dəstək müəyyən səviyyədə Tehrana yardım kimi qiymətləndirilə bilər. Doğrudur, bu dəstək bəzən İran üçün yetərli görünməyə bilər və müəyyən narazılıqlara səbəb ola bilər. Lakin ümumi mənzərəyə baxdıqda, Rusiyanın İrana lazımi səviyyədə dəstək göstərdiyini demək mümkündür. Bu isə o demək deyil ki, Rusiya açıq şəkildə İranın tərəfindədir. Sadəcə olaraq, dolayı yollarla Moskva öz müttəfiqi sayılan İrana dəstək verir. Eyni vəziyyət əks istiqamətdə də müşahidə olunur: necə ki, İran Ukrayna müharibəsində Rusiyaya müəyyən formada dəstək göstərir, Rusiya da oxşar şəkildə İrana dəstəyini davam etdirir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31