Sülhə doğru: Azərbaycan–Ermənistan arasında ticarət gündəmdə - ÖZƏL
17:57 Siyasət"Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin başlanması zəruridir və bunun alternativi yoxdur. Faktiki olaraq bu prosesin ilkin elementləri artıq mövcuddur. Məsələn, Azərbaycandan Ermənistana yanacaq materiallarının göndərilməsi halları dəfələrlə müşahidə olunub. Eyni zamanda Rusiyadan gələn yüklərin Azərbaycan üzərindən Ermənistana daşınması da həyata keçirilir və bu istiqamətdə ciddi problem yaşanmır."
Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:
"Hazırda tərəflər sülh mərhələsinə daxil olublar. Gözləntilərə görə, sülh müqaviləsinin bu ilin payızına doğru imzalanması mümkündür. Bu sənəd imzalandıqdan sonra iki ölkə arasında münasibətlərin tam normallaşması üçün real zəmin formalaşacaq.
Əslində, sülhün alternativi yoxdur və hər iki tərəf artıq bunu anlayır. Azərbaycan bu mövqeyi uzun müddətdir müdafiə edirdi. Lakin Ermənistanda bu yanaşma yalnız son dövrlərdə, daxili siyasi dəyişikliklərdən sonra daha aydın şəkildə qəbul olunmağa başlayıb.
Ümumilikdə, Azərbaycan müxtəlif vasitələrlə Ermənistanı sülhə təşviq etməyə nail olub. Nəticədə qarşı tərəf də sülhün qaçılmaz olduğunu qəbul edir və hazırkı proseslər məhz bu reallığın nəticəsidir.
İqtisadi baxımdan Ermənistan Azərbaycan üçün kiçik, lakin perspektivli bazar hesab oluna bilər. Azərbaycan məhsullarının bu bazara çıxışı üçün imkanlar mövcuddur. Eyni zamanda Ermənistan üçün də Azərbaycan kifayət qədər geniş bazardır. Ermənistan tərəfi rəqabətqabiliyyətli və maraqlı məhsullar təqdim edərsə, onların Azərbaycan bazarına daxil olması mümkündür.
Bu qarşılıqlı iqtisadi əlaqələr yalnız ticarət deyil, həm də xalqlar arasında etimadın güclənməsinə xidmət edəcək. Nümunə olaraq Gürcüstanla mövcud münasibətləri göstərmək olar. Vaxt keçdikcə Ermənistanla da oxşar əməkdaşlıq modelinin formalaşacağı istisna deyil."
İbrahim Məmmədli