İran Bəhreyni işğalla hədələyib- ÖZƏL

"İranda nəşr olunan Kayhan qəzeti Bəhreynin müstəqilliyi və suverenliyini hədəfə alan məqalə ilə çıxış edib. Məqalədə Bəhreynin guya İran torpağı olduğu və əhalisinin fars dilində danışdığı iddia olunur". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Bununla yanaşı, Bəhreynin mümkün İran-ABŞ qarşıdurmasında Vaşinqtona öz ərazisindən istifadə imkanı verməsi fonunda Tehranda bu ölkəyə qarşı daha sərt addımların atılması çağırışları səsləndirilir. Qeyd edək ki, "Kayhan" SEPAH ilə yaxınlığı ilə tanınır və bu qəzetdə yer alan fikirlər çox zaman İran daxilində müəyyən siyasi dairələrin mövqeyini əks etdirir.
Bu kontekstdə İranın regiondakı ritorikasının sərtləşməsi diqqət çəkir. Xüsusilə, hərbi və siyasi təzyiq vasitəsilə qonşu ölkələrə mesaj verilməsi yeni tendensiya deyil, lakin hazırkı geosiyasi şəraitdə bu daha açıq formada müşahidə olunur.
Bununla belə, İranın Bəhreyni real hərbi yolla işğal etməsi praktik baxımdan mümkün görünmür. Bunun qarşısında həm regional təhlükəsizlik balansı, həm də beynəlxalq reaksiyalar dayanır. Lakin ritorik təhdidlər və informasiya müstəvisində aparılan təzyiq kampaniyaları "siyasi təsir" və ya "psixoloji təzyiq" aləti kimi qiymətləndirilə bilər.
ABŞ-ın əvvəlki dövrlərdə, xüsusilə Donald Trump administrasiyası zamanı İrana qarşı sərt siyasət yürütməsi də regionda gərginliyi artıran amillərdən biri olub. Bununla yanaşı, İran daxilində siyasi sistemin dəyişdirilməsi istiqamətində real nəticə əldə olunmaması, mövcud hakimiyyətin regionda daha aqressiv ritorikaya üstünlük verməsinə şərait yaradıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31