Ermənistan ordusunda çağırış böhranı iddiası: regional təhlükəsizlik üçün siqnal varmı?- ÖZƏL

Ermənistan parlamentinin deputatı Ayk Sarqsyan ölkədə hərbi çağırışla bağlı ciddi problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, 2025-ci ildə çağırışçıların cəmi 30 faizi orduya qoşulub. Hər gün 10-dan çox hərbçinin itirildiyini qeyd edən deputat, ötən il 2800 gəncin Ermənistan vətəndaşlığından imtina etdiyini də vurğulayıb. Bu vəziyyət orduda əlavə gərginlik yaradır.Müharibə riski azaldığı halda belə, ordudan yayınma hallarının artması regionda gələcək təhlükəsizlik balansına necə təsir edə bilər? Səbəb nədir?

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:

" Ermənistan hərbi çağırışla bağlı ciddi problemlərin olduğu barədə yayılan iddialar tam təsdiqlənməyib və onları qəti fakt kimi qəbul etmək düzgün deyil. Düşünmək olar ki, heç bir dövlət belə həssas məlumatları öz daxili vəziyyətinə dair açıq şəkildə təqdim etməz. Bu səbəbdən sözügedən məlumatın rəsmi olaraq Ermənistan dövlətinin mövqeyi olduğunu demək çətindir. Daha çox statistik və ya qeyri-rəsmi xarakter daşıyan bir iddia təsiri bağışlayır.

Ümumilikdə isə Ermənistanda çağırışdan yayınma, miqrasiya və motivasiya problemlərinin mövcud olması ehtimalı real görünür. Xüsusilə 2020-ci il müharibəsindən sonra cəmiyyətdə psixoloji təsirlər və travmaların qalması mümkündür. Bu cür amillər sonrakı nəsillərin hərbi xidmətə münasibətinə təsir edə bilər.

Eyni zamanda, dövlət institutlarına inamın zəifləməsi, fərqli siyasi ideologiyaların toqquşması və sosial qeyri-müəyyənlik kimi faktorlar da bu prosesə təsir göstərir. Bəzi insanlar daha çox xaricdə yaşamaq, yeni iş imkanları tapmaq və fərqli həyat modellərinə yönəlmək istəyirlər.

Əgər bu iddialar doğrudursa, bu, orduda müəyyən problemlərin mövcudluğuna işarə edə bilər.

Bununla yanaşı, müharibə riskinin azalması səbəbindən insanların hərbi xidmətə marağının azalması da təbii qarşılanır. Ordunun sayının azalması isə uzunmüddətli perspektivdə risklər yarada bilər.

Həmçinin müasir dövrdə texnologiyaların inkişafı və bəzi sahələrdə insan resurslarının texnoloji vasitələrlə əvəz olunması da ümumi sayın azalmasına təsir göstərən amillərdəndir.

Lakin bu proses davamlı xarakter alarsa, bu, cəmiyyət və dövlət institutlarında daha dərin problemlərin olduğunu göstərə bilər. Hazırkı sakit şəraitdə bu cür iddiaların reallığı tam əks etdirmədiyi, kontekstdən çıxarıldığı və ya şişirdildiyi ehtimalı da nəzərə alınmalıdır.

Hər hansı bir erməni deputatın və ya fərdi şəxsin fikrini qəti fakt kimi qəbul etmək doğru deyil. Bu cür açıqlamalar daxili siyasi tənqid məqsədi daşıya və ya diqqət çəkmək üçün daha sərt və şişirdilmiş formada ifadə oluna bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31