İranın açıqlaması və regional balans: Bakı faktorunun rolu- ÖZƏL

"İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin müharibə zamanı İrana göstərilən həmrəyliyə görə bir çox ölkələrə təşəkkür etməsi müsbət hadisədir. Bu ölkələr sırasında Azərbaycanın adının qeyd olunması da eyni zamanda pozitiv hal kimi qiymətləndirilməlidir.
Bu, İrandakı bəzi şovinist dairələr üçün həm də bir mesaj kimi dəyərləndirilməlidir".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib:
" Biz bilirik ki, İranda elə qüvvələr var ki, onlar Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyillər və hər zaman ölkəmizə qarşı iftira mövqeyindən çıxış ediblər. Hətta son dövrlərə qədər belə iddialar səsləndirirdilər ki, guya Azərbaycan ərazisi İrana qarşı istifadə oluna bilər.
Lakin bu müharibə bir daha göstərdi ki, Azərbaycan heç bir zaman öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyib. Əksinə, Azərbaycan bu müharibə dövründə İrana humanitar yardım göstərən azsaylı ölkələrdən biri olub.
Əlbəttə ki, bunun İran tərəfindən qeyd olunması müsbət haldır. Amma düşünürəm ki, İranda kök salmış bu düşüncə tərzi münasibətlərimizin qısa müddətdə tam normallaşmasına imkan verməyəcək. Əgər bu müharibədən sonra İranın siyasətində və düşüncə tərzində müəyyən dəyişikliklər baş verərsə, o zaman iki ölkə arasında münasibətlərin gələcəkdə normal məcraya düşəcəyini söyləmək olar. Lakin nəzərə alsaq ki, İranda həm köklü, həm də rəsmi dövlət sənədləri ilə formalaşmış bir çox məsələlər mövcuddur, onların dəyişməsi üçün zaman tələb olunur. Bu baxımdan düşünürəm ki, münasibətlərimizin normallaşması üçün də müəyyən zamana ehtiyac var".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31