Erməni müxalifətinin "Orban ümidi": İllüziya, yoxsa reallıq? – ÖZƏL
13:49 SiyasətMacarıstanda keçirilən seçkilərdə Viktor Orbanın partiyasının məğlubiyyəti Ermənistandakı radikal-revanşist müxalifətin ümidlərini artırıb. Erməni müxalifətçilər analoji ssenarinin Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərində də təkrarlanacağını iddia edirlər.
"Güclü Ermənistan" partiyasının üzvü Narek Karapetyan Macarıstandakı dəyişikliyi nümunə çəkərək, tezliklə eyni prosesin Ermənistanda da baş verəcəyini və hazırkı hakimiyyətin dəyişəcəyini əminliklə vurğulayıb.
"Macarıstanla Ermənistanı bir ölkə kimi müqayisə etmək və orada keçirilən seçki proseslərini eyniləşdirmək doğru olmaz. Macarıstan heç vaxt hər hansı bir ölkəni otuz il işğal altında saxlamayıb və sonradan məğlub olmayıb. Macarıstan müxalifəti də Ermənistan müxalifəti kimi başqa bir ölkənin ərazilərində müharibə və ya soyqırımı törətməyib. Halbuki Ermənistanın keçmiş siyasi rəhbərləri - Serj Sarkisyan və Robert Köçəryan - bu proseslərin iştirakçıları olublar".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, hər iki ölkə həm iqtisadi, həm siyasi, həm də geosiyasi baxımdan tamamilə fərqlidir. Ola bilsin ki, müəyyən dairələr belə müqayisələri təbliğat məqsədilə aparırlar. Bu, informasiya müharibəsinin bir forması kimi də dəyərləndirilə bilər və Ermənistan müxalifəti də bundan istifadə etməyə çalışır. Macarıstanda baş verən daxili siyasi proseslər tamamilə fərqli xarakter daşıyır. Viktor Orban uzun illər - təxminən on altı il hakimiyyətdə olub. Bəzən onun idarəçiliyinə "diktatura" deyənlər də var, lakin mən bunu düzgün hesab etmirəm. Çünki əgər bu, həqiqətən diktatura olsaydı, Orban məğlubiyyətini bu qədər rahat şəkildə qəbul etməzdi. Hətta rəsmi nəticələr elan olunmadan belə o, məğlubiyyətini qəbul edib qalib tərəfi təbrik etmişdi. Digər tərəfdən, Macarıstan siyasi və iqtisadi baxımdan Ermənistanla müqayisə edilə bilməz. Qonşu ölkələrlə münasibətlər baxımından da ciddi fərqlər mövcuddur. Orbanın fərqli mövqe tutduğu əsas məsələ Ukrayna ilə bağlı idi və bunu da Macarıstanın enerji təhlükəsizliyi ilə əsaslandırırdı.
"Ermənistana gəldikdə isə, bu ölkənin əsas qonşuları - Türkiyə və Azərbaycanla - bu günə qədər normal diplomatik münasibətləri yoxdur. Azərbaycanla hələ də sülh sazişi imzalanmayıb. Bu isə həm daxili, həm də xarici siyasətdə vəziyyəti daha mürəkkəb edir. Macarıstan Avropa Birliyinin üzvü olduğu üçün onun üzərində xarici təsir imkanları nisbətən məhduddur. Ermənistanda isə vəziyyət fərqlidir - burada həm Avropa Birliyinin, həm Rusiyanın, həm də ABŞ-nin maraqları toqquşur. Bu səbəbdən Ermənistanda keçiriləcək 7 iyun seçkilərinin olduqca gərgin və mürəkkəb keçəcəyi gözlənilir. Həm xarici güclər, həm də daxili siyasi qüvvələr seçkilərin nəticələrinə təsir göstərməyə çalışacaqlar. Nəticədə əsas rol yenə də erməni cəmiyyətinin mövqeyindən asılı olacaq - seçicilər hansı istiqaməti dəstəkləyəcəklərsə, nəticə də ona uyğun formalaşacaq. Ümumilikdə, proseslər göstərir ki, Ermənistanda seçki mühiti kifayət qədər mürəkkəbdir və nəticələr müxtəlif amillərin təsiri altında müəyyən olunacaq", - deyə ekspert qeyd edib.
Səidə Ramazanova