İrandan ABŞ-a dəhşətli hədə: Gəmilərinizi batırıb, əsgərləriniz üçün milyardlar istəyəcəyik
13:31 Siyasətİranın ali liderinin hərbi müşaviri və SEPAH-ın keçmiş baş komandanı Möhsün Rezai dövlət televiziyasının efirində ABŞ-ın Hörmüz boğazındakı dəniz blokadasına cavab olaraq dəhşətli hədələrlə çıxış edib.
Musavat.com xəbər verir ki, Rezai ABŞ-ın regiondakı hərbi varlığını birbaşa hədəfə aldıqlarını və artıq raket qurğularının "Abraham Linkoln" aviadaşıyıcısına tuşlandığını bəyan edib.
Möhsün Rezai Donald Trampın Hörmüz boğazında "polis" rolunu oynamaq istəyinə sərt reaksiya verib: "Bizim raketlərimiz hazırda ABŞ gəmilərini hədəfə alıb. Biz onların hamısını batıracağıq və heç birinin qaçmasına imkan verməyəcəyik".
Keçmiş baş komandan iddia edib ki, iranlı hərbçilər raket qurğularının yerini dəyişərək onları birbaşa ABŞ-ın nəhəng aviadaşıyıcısı "Abraham Linkoln"a və digər raket esminsetlərinə qarşı döyüş vəziyyətinə gətiriblər.
Rezai ABŞ-ın mümkün quru əməliyyatına da toxunaraq, amerikalı əsgərləri girov götürməklə hədələyib: "Əgər onlar sahilə çıxsalar, minlərlə əsgəri əsir götürəcəyik və hər birinə görə bir milyard dollar tələb edəcəyik".
"Mənim şəxsi fikrim budur ki, atəşkəsin uzadılması bizim marağımızda deyil. Təzyiq artırılmalıdır", - deyə Rezai bildirib. O, hazırda qüvvədə olan və aprelin 21-də bitəcək atəşkəs rejiminə qarşı olduğunu açıq şəkildə ifadə edib.