Rusiya qonşu ölkələrə təsir imkanlarını artırmağa çalışır- ÖZƏL
13:16 Siyasət"Rusiya Dövlət Duması prezident Vladimir Putinə xarici ölkələrə qoşun yeritmək üçün əlavə səlahiyyətlər verən qanun qəbul edib. Bu qanuna əsasən, Rusiya vətəndaşlarına xaricdə təhlükə yarandığı halda prezident ordudan istifadə edə biləcək. Bu isə potensial olaraq Rusiyanın qonşu ölkələrə hərbi müdaxilə imkanlarını genişləndirən hüquqi baza yaradır". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Xüsusilə bu mexanizmin Estoniya və Qazaxıstan kimi ölkələrə şamil oluna biləcəyi istisna deyil. Hər iki ölkədə rusdilli əhali yaşayır və Kreml bu icmaların hüquqları ilə bağlı məsələləri zaman-zaman rəsmi gündəmə gətirir.
Göründüyü kimi, Rusiya qonşu ölkələrə təsir imkanlarını artırmaq üçün müxtəlif "hüquqi" mexanizmlər formalaşdırmağa çalışır. Halbuki Moskva eyni məqsədlərə daha effektiv şəkildə "yumşaq güc" alətləri - əlverişli iqtisadi əməkdaşlıq, mədəni əməkdaşlıq və qarşılıqlı etimad mühitində diplomatik əlaqələr vasitəsilə də nail ola bilərdi.
Hazırda qəbul edilən bu qanun isə qonşu ölkələrin Rusiyaya qarşı daha ehtiyatlı mövqe tutmasına və etimadın azalmasına səbəb ola bilər. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın hərbi məqsədlərinə tam nail ola bilməməsi belə addımların nə dərəcədə effektiv olacağı ilə bağlı suallar yaradır. Bu baxımdan, Kremlin yeni hüquqi alətlər vasitəsilə geosiyasi mövqelərini gücləndirmək cəhdlərinin praktik nəticələri sual doğurur".