Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
12:44 SiyasətSeparatçıların İrəvanda fəaliyyət göstərən monumentwatch.org saytı Azərbaycanın ünvanına daha bir saxta ittiham irəli sürüb. Musavat.com-un verdiyi xəbərə görə, 2007-ci ildə Xankəndidə tikilmiş Müqəddəs Akop kilsəsi guya sökülüb. Ancaq kilsənin söküldüyü haqda heç bir sübut yoxdur.
Erməni saytı bundan əvvəl də Xocavənd, Ağdərə və digər azad edilən ərazilərdə "erməni abidə"lərinin guya məhv edildiyini iddia etmişdi.
Ümumiyyətlə, separatçı dairələr müntəzəm olaraq Qarabağdakı erməni kilsələri və heykəlləri haqda dezinformasiya yayır, beynəlxalq konvensiyalara istinad edir, bununla da hüquq-müdafiə təşkilatlarının diqqətini cəlb etmək istəyirlər. Halbuki onların işğal dövründə tikdiklərini qorumaq öhdəliyimiz yoxdur. Lakin bununla belə Azərbaycan bu addımları atmır. Ermənilər isə bizdən fərqli olaraq 65 məscidimizi, qəbirləri, kitabxanaları, mədəniyyət evlərini, tarixi abidələri vəhşicəsinə dağıdıblar.

Qeyd edək ki, Xankəndidə olan həmin kilsənin təməli 2005-ci ilin sentyabrında qoyulub və tikinti işləri 2007-ci ilin əvvəlinə qədər, təxminən 1 il yarım davam edib. Bundan başqa, 2005-2007-ci illər ərzində Xankəndidə tikilən Müqəddəs Akop kilsəsindən başqa bütün göstərilmiş kilsələr Azərbaycan tarixinin müxtəlif dövrlərində tikilib.
Erməni təbliğat maşını hər vəcdlə yeni tikilən kilsələrin sayını gizlədir. Lakin digər mənbələrə baş vurduqda aydın olur ki, işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Şuşa-Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 kilsə inşa ediblər. Bundan başqa, Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Xocavənd ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək, erməni kilsəsi statusu verilib.
Emil Salamoğlu