Trampın müharibə planı: "Ford" və "General Motors" cəbhə üçün işləyəcək

"The Wall Street Journal"ın (WSJ) son məlumatına görə, Pentaqon Ukrayna və İrandakı hərbi münaqişələrin ABŞ-ın arsenalını ciddi şəkildə tükətməsi fonunda ölkənin avtomobil nəhənglərinə fövqəladə müraciət edib.

Musavat.com xəbər verir ki, Tramp administrasiyası "General Motors" (GM) və "Ford Motor" kimi şirkətləri hərbi sursat və texnika istehsalını artırmaq üçün prosesə cəlb etməyi planlaşdırır.

Müdafiə rəsmiləri avtomobil nəhənglərinin zavod güclərinin bir hissəsini birbaşa döyüş sursatları, raketlər və dronların istehsalına yönəltmək imkanlarını araşdırırlar. Bu, tarixdəki "Demokratiya Arsenalı" (Arsenal of Democracy) dövrünü xatırladan genişmiqyaslı sənaye mobilizasiyası deməkdir.

Pentaqon rəsmiləri artıq GM-in icraçı direktoru Meri Barra və "Ford"un rəhbəri Cim Farli ilə ilkin müzakirələr aparıblar. Görüşlərdə mülki istehsal xətlərinin nə dərəcədə tez müdafiə sənayesinə uyğunlaşdırıla biləcəyi müzakirə olunub.

Yeni strategiyaya görə, avtomobil şirkətlərindən onilliklərlə xidmət edəcək bahalı texnika deyil, döyüş meydanında dərhal istifadə oluna biləcək "yaxşı və çox sayda" PUA və raketlərin istehsalı tələb olunacaq.

Layihəyə həmçinin "GE Aerospace" və "Oshkosh" kimi digər sənaye nəhənglərinin də qoşulması nəzərdə tutulur. Bu, ABŞ-ın müdafiə sənayesini sadəcə 5-6 böyük podratçıdan asılılıqdan çıxarıb bütün Amerika sənaye mühərrikini işə salmaq məqsədi daşıyır.

Analitiklər hesab edirlər ki, mülki sektorun silah istehsalına cəlb edilməsi Vaşinqtonun münaqişələrin uzunmüddətli olacağına hazırlaşdığının rəsmi sübutudur. Bu addım birjalarda avtomobil şirkətlərinin səhmlərinə təsir etməklə yanaşı, qlobal iqtisadiyyatın "hərbi relslər" üzərinə keçməsindən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31