Bu daha geniş mübarizənin tərkib hissəsidir - Şəbnəm HƏSƏNOVA - ÖZƏL
10:14 Siyasət"ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar artıq klassik təhlükəsizlik və ya nüvə məhdudlaşdırılması çərçivəsini aşaraq rejim dəyişikliyi strategiyasına çevrilmişdir. Xüsusilə Əli Xamenei kimi ən yüksək siyasi fiqurun hədəfə alınması bu müharibənin məqsədinin yalnız hərbi deyil, həm də siyasi sistemin transformasiyası olduğunu açıq şəkildə göstərir." Bu sözləri Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HƏSƏNOVA deyib:
"Bu yanaşma ABŞ-ın Donald Tramp dövründə formalaşan maksimalist siyasətin davamı kimi qiymətləndirilə bilər. Vaşinqtonun həm danışıqlar aparması, həm də paralel şəkildə hərbi təzyiqi artırması onun strategiyasında ziddiyyətli elementlərin olduğunu göstərir. Bu isə İran tərəfinin ABŞ-a olan etimadsızlığını daha da dərinləşdirir və diplomatik həll ehtimalını zəiflədir.
İranın reaksiyası isə onun ənənəvi asimmetrik cavab strategiyasına uyğun gəlir. Hörmüz boğazı üzərindən təzyiq imkanlarının işə salınması qlobal enerji bazarlarına təsir etməklə müharibəni regional çərçivədən çıxarıb beynəlxalq iqtisadi problemə çevirir. Bu isə İranın birbaşa hərbi üstünlük əldə edə bilmədiyi şəraitdə "xərcləri artırmaq" taktikasından istifadə etdiyini göstərir.
Yalnız hava hücumları ilə İran kimi mürəkkəb və çoxqatlı dövlət strukturunun çökməsi real görünmür. İslam Respublikasının müxtəlif güc mərkəzlərinə bölünmüş institusional sistemi, o cümlədən hərbi və ideoloji aparatları onun davamlılığını təmin edən əsas faktorlardır. Bu baxımdan, xarici müdaxilə olmadan sürətli rejim dəyişikliyi ehtimalı aşağı qiymətləndirilir.
Eyni zamanda, müharibənin uzanması region üçün daha təhlükəli ssenarilər yarada bilər. Livan, İraq və Yəmən kimi istiqamətlərdə yeni cəbhələrin açılması Yaxın Şərqi genişmiqyaslı münaqişə zonasına çevirə bilər. Bu isə beynəlxalq aktorları xüsusilə böyük gücləri daha fəal şəkildə prosesə cəlb edə bilər.
Nəticə etibarilə, bu münaqişə yalnız İranın nüvə proqramı ilə bağlı deyil, daha geniş geosiyasi mübarizənin tərkib hissəsidir. Əsas məsələ İranın gələcək siyasi kursunun müəyyən olunmasıdır: ya Qərblə kompromisə gedərək transformasiya, ya da müqavimət yolu ilə mövcud sistemin qorunması. Hər iki halda, regionun təhlükəsizlik arxitekturası ciddi şəkildə dəyişə bilər."
İBRAHİM MƏMMƏDLİ