Ceyhun Bayramov rumıniyalı həmkarı ilə telefon danışığı apardı

Bakı və Buxarest bu il Rumıniyada birgə hökumətlərarası komissiyanın iclasını keçirəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığının yekunları üzrə "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, tərəflər strateji tərəfdaşlığın möhkəmliyini təsdiqləyib və bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

"Bu ilin sonlarında Rumıniyada keçiriləcək Rumıniya-Azərbaycan birgə hökumətlərarası komissiyasının iclasının hazırlıqlarına dəstəyimizi təsdiqlədik; xüsusi diqqət energetikaya ayrılacaq. Həmçinin bağlantı məsələlərinə və Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizinin əsas roluna toxunduq", - o yazıb.

Toiu həmçinin əlavə edib ki, tərəflər növbəti həftə Avropa İttifaqı Xarici İşlər Şurasının iclasının gündəliyinə daxil ediləcək Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

***

17:36

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə rumıniyalı həmkarı Oana-Silvia Toiu arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

Bu çərçivədə enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın iştirakı ilə həyata keçirilən strateji layihələrin əhəmiyyəti vurğulanıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə toxunaraq, əməkdaşlığın möhkəmləndirilməsinin, təhlükəsizliyin və sabitliyin əhəmiyyətini qeyd ediblər.

Danışıq zamanı geniş kontekstdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri də nəzərdən keçirilib. Tərəflər bu istiqamətdə dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31