Azad Məsiyev: "Ermənistanda hakimiyyətin formalaşmasında böyük güclər həlledici rol oynayır" – ÖZƏL
15:28 Siyasət"Ermənistanda Nikol Paşinyan ABŞ-nin himayəsi ilə hakimiyyətə gətirilib və o, bu illər ərzində siyasi kursunu əsasən Qərb yönümlü istiqamətdə davam etdirir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Ermənistanın xarici siyasəti getdikcə daha çox Amerika yönlü xətt üzrə formalaşdırılır, eyni zamanda Rusiyanın ölkədəki təsiri zəiflədilir. Hazırda da bu kurs davam edir və Ermənistan mütəmadi olaraq Rusiya platformalarını boykot edir, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tədbirlərində iştirak etmir. Bu baxımdan Ermənistanda ciddi gərginlik yaranıb. Çünki ölkə daxilində ABŞ və Rusiyanın maraqları toqquşur. Nəticədə, erməni lobbisinin Qərb qanadı ilə Rusiya qanadı arasında açıq mübarizə müşahidə olunur.
Ekspertin sözlərinə görə, Ermənistanda qarşıdan gələn seçkilər fonunda bu gərginliyin daha da artacağı gözlənilir. Bu proseslər onu göstərir ki, ölkədə "hakimiyyətin mənbəyi xalqdır" prinsipi zəifləyib. Hakimiyyətin formalaşmasında daha çox böyük güclərin iradəsi həlledici rol oynayır. Paşinyanın hakimiyyətə gəlməsi də Qərb, xüsusilə Soros fondu ilə əlaqələndirilir və hazırda dövlət strukturlarında bu çevrəyə yaxın şəxslərin təmsil olunduğu iddia edilir. Digər tərəfdən, Ermənistan hakimiyyəti Qərbin - həm ABŞ, həm də Avropa İttifaqının dəstəyini almağa çalışır. ABŞ rəsmilərinin Ermənistana səfərləri, maliyyə və siyasi dəstək vədləri də bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir.
"Eyni zamanda, Paşinyanın Moskvaya səfəri və Rusiya prezidenti ilə görüşü də diqqət çəkir. Bu görüşdə Ermənistanın hansı geosiyasi xətti seçəcəyi məsələsinin müzakirə olunduğu bildirilir. Mesaj açıqdır: ya Qərb yönlü siyasət davam etdirilməli, ya da Rusiya platformalarına qayıdılmalıdır. Bu şəraitdə müxalifət də müxtəlif qütblərə bölünüb. Bəzi qüvvələr Rusiyanın təsiri altında fəaliyyət göstərdiyi halda, hakimiyyət açıq şəkildə Qərbə yaxın mövqe tutur. Bundan əlavə, Ermənistanda kilsə ilə hakimiyyət arasında ciddi qarşıdurma mövcuddur. Tarixən erməni kilsəsi cəmiyyətin formalaşmasında mühüm rol oynayıb və bu gün də təsir imkanlarını qoruyur. Bu səbəbdən, müxalif qüvvələrin kilsə ətrafında birləşməsi ehtimalı yüksək qiymətləndirilir", - deyə siyasi şərhçi qeyd edib.
Ekspert əlavə edib ki, Paşinyanın cəmiyyətdəki nüfuzu zəifləyir və seçkilər yaxınlaşdıqca ölkədə siyasi gərginliyin daha da artacağı gözlənilir. Mövcud şərait göstərir ki, Ermənistanda hakimiyyətin formalaşması daha çox böyük güclərin təsiri altında baş verir və bu proses qarşıdakı dövrdə daha da kəskin xarakter ala bilər.
Səidə Ramazanova