İran Ərdəbili Cənubi Qafqazla sərhəd ticarət mərkəzinə çevirməyə çalışır
13:57 Siyasətİran ölkənin şimal-qərbində yerləşən Ərdəbil vilayətini Cənubi Qafqaz ölkələri ilə sərhəd ticarət mərkəzinə çevirməyə çalışır.
Trend-in məlumatına görə, bunu İranın Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədr müavini Hüseyn Pirmoəzzin yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın Ərdəbil vilayətində bu istiqamətdə lazımi koordinasiyalar aparılır, bu vilayətin iş adamları ölkə və beynəlxalq səviyyəsində vilayətin imkanlarını tanıtdırmaqdadırlar.
Pirmoəzzin əlavə edib ki, ötən ildə İran Prezidenti Məsud Pezeşkianla birlikdə 120-dən çox iş adamından ibarət heyət Azərbaycana səfər edib. Səfər çərçivəsində birgə investisiyaların inkişaf etdirilməsi üçün imkanların yaradılması, sərhəd ticarətinin sadələşdirilməsi, regional dəhlizlərin infrastrukturlarının gücləndirilməsi diqqət mərkəzində durub.
Pirmoəzzin bildirib ki, bundan əlavə Ərdəbil vilayətində bir sıra beynəlxalq sərgilər təşkil olunub. 90-dan çox xarici heyət vilayətin sənaye, mədən, turizm, bərpa oluna bilən enerjilər, azad ticarət zonası, balıqçılıq və kənd təsərrüfatı sahələrində investisiya imkanları ilə yaxından tanış olub.
İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə Trend-ə açıqlamasında bildirib ki, Ərdəbil valiliyi həm azərbaycanlı investorların Ərdəbil vilayətində, həm də ərdəbilli investorların Azərbaycanda yatırımlar etmələrinə şərait yaratmağa çalışır.
Qeyd edək ki, İranın hazırkı hökuməti (İranın hazırkı hökuməti avqust 2024-dən iqtidardadır) sərhədyanı vilayətlərə qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində səlahiyyətlər verib.