Cənubi Qafqazda əməkdaşlıq siqnalı: Yanacaq ixracı sülh prosesinə necə töhfə verir? – ÖZƏL

"Ermənistana yanacaq tədarükünə 18 dekabr 2025-ci il tarixində başlanılıb və sonuncu tədarük aprelin 11-də 887 ton həcmində olub. Zənnimcə, enerji məhsullarının tədarükü kimi praktik əməkdaşlıq addımları Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlərin mərhələli şəkildə normallaşmasına töhfə verə bilər".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Ekspert bildirib ki, bu cür ticarət əlaqələri regionda logistika imkanlarının genişlənməsinə, qarşılıqlı iqtisadi asılılığın formalaşmasına və uzunmüddətli perspektivdə etimad mühitinin güclənməsinə zəmin yaradır. Eyni zamanda, bu proses Ermənistanın enerji təchizatının diversifikasiyası baxımından əhəmiyyətlidir və alternativ mənbələrin formalaşmasına imkan verir.

İqtisadçı əlavə edib ki, Azərbaycan baxımından isə sözügedən ixrac əməliyyatlarının daxili enerji bazarına təsiri hazırkı mərhələdə məhdud qiymətləndirilir. İxrac olunan həcmlər ölkənin ümumi istehsal və istehlak göstəriciləri ilə müqayisədə böyük pay təşkil etmədiyindən, daxili qiymət siyasətində qısamüddətli dəyişiklik gözlənilmir. Yanacaq ixracının genişlənməsi Azərbaycanın regionda enerji təchizatçısı kimi mövqeyini gücləndirə, ixrac gəlirlərinin artmasına və iqtisadi təsir imkanlarının genişlənməsinə xidmət edə bilər.

"Bu addım həm iqtisadi, həm də geosiyasi baxımdan əhəmiyyətli olmaqla, Cənubi Qafqazda əməkdaşlıq imkanlarının artdığını göstərən mühüm siqnal kimi dəyərləndirilir", - deyə ekspert qeyd edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31