Tehran geri addım atacaqmı? Vaşinqton-Tehran xəttində çıxılmazlıq- ÖZƏL

ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News"a müsahibəsində rəsmi Vaşinqtonun İranla bağlı nüvə siyasətini açıqlayıb. Vens bildirib ki, Tehranın nüvə silahı hazırlamadığına dair verdiyi bəyanatlar yetərli deyil, əsas hədəf İranın uranı zənginləşdirmək qabiliyyətini tamamilə sıfıra endirməkdir. Vitse-prezidentin sözlərinə görə, ABŞ bu məsələdə heç bir güzəştə getməyəcək və Tehranın əlində olan bütün zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılaraq ABŞ-ın nəzarətinə verilməsində israr edir. İranın müəyyən irəliləyişlər göstərdiyini qeyd edən Vens, bunun hələ kifayət olmadığını vurğulayıb.
İran uran ehtiyatlarını ölkədən çıxarmaq tələbi ilə razılaşarmı?
Vensin "müsbət irəliləyiş var" deməsi Tehranın artıq bəzi güzəştlərə getdiyinə işarədirmi?Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
" Açığı, bu məsələdə İran və ABŞ-ın orta nöqtə tapması çox çətin məsələdir. Çünki buradakı məsələni bir-birindən ayırmaq lazımdır. Birincisi, İranın nüvə silahına sahib olması, ikinci məsələ isə İranın uranı zənginləşdirə bilməsidir, yəni İranın nüvə sənayesi məsələsi. Bu məsələdə İran birinci tərəfdə güzəştə getməyə hazırdır. Bununla bağlı dəfələrlə elan edib ki, biz nüvə silahı istəmirik, nüvə silahı üzərində çalışmırıq. Hətta nüvə silahını rəsmi olaraq haram elan edən ali dini liderin fətvası da var. Dini lider Xameneinin vəfat etdiyinə görə hər halda bu fətvanın qüvvədə qalıb-qalmayacağı isə başqa bir sualdır. Buna görə İran deyir ki, bəli, biz nüvə silahı əldə etməyəcəyik və bununla bağlı müəyyən şərtlərə razılaşmağa hazırıq.
Digər tərəfdən ABŞ İranın nüvə sənayesinin hansı formada ləğv edilməsini istəyir. Burada İranın əlində  nüvə obyektlərinin və araşdırma mərkəzlərinin bağlanması və ya ləğv edilməsi tələb olunur. Eyni zamanda İranın indiyədək zənginləşdirdiyi, təxminən yarım tona yaxın uranın ölkədən çıxarılması istənilir ki, İran bu məsələdə heç bir halda razılığa gəlməyəcək. Çünki əvvəlki razılaşmalarda İran uranın müəyyən həddə qədər zənginləşdirilməsini qəbul etmişdi, amma digər şərtlərlə razılaşmamışdı. Yəni daha əvvəl Obama administrasiyası dövründə əldə olunan razılaşmadan, sonradan Trampın çıxmasından və gərginliyin artmasından sonra tərəflər yenidən eyni mübahisəyə qayıtmış olurlar. Tramp isə daha çox tələb irəli sürür. Hətta bəzi hallarda təkcə İranın nüvə sənayesi yox, raket sənayesinin də məhdudlaşdırılmasını istəyir. İranın uzaqmənzilli ballistik və hipersəs raketlərinin istehsalının və inkişafının dayandırılması da gündəmə gətirilir.
İran tərəfi isə bunu qəbul etməyəcək. Çünki bu, İranın ABŞ və İsrail qarşısında müdafiəsiz qalması deməkdir. Yəni İran hazırda hər hansı təzyiqə qarşı cavab verə bilirsə, bunu əsasən raket imkanları hesabına edir. Bu imkanların zəiflədilməsi isə onun təhlükəsizlik baxımından ciddi risk altına düşməsi deməkdir.
Ona görə də bütün bu ziddiyyətlərə görə ABŞ və İran arasında danışıqlar dalana dirənib. Yaxın müddətdə bu danışıqlardan müsbət nəticə əldə olunması çox real görünmür. Çünki açıq şəkildə görünür ki, bir tərəf İranın nüvə sənayesinin tamamilə ləğvini istəyir, digər tərəf isə bu sənayeni qorumaqda israrlıdır və yalnız müəyyən məhdudiyyətlərə razıdır. Bu səbəbdən düşünürəm ki, tərəflərdən biri ciddi güzəştə getməsə, danışıqların uğurla nəticələnməsi ehtimalı çox aşağıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31