Türkiyə-İsrail münasibətlərində "Qara buludlar": Yeni düşmənçilik dövrü başlayır? – ÖZƏL

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail rəhbərliyi İrandan sonra Türkiyəni hədəf seçərək onu yeni "düşmən" elan etməyə hazırlaşır. Nazirin sözlərinə görə, bu meyil təkcə Benyamin Netanyahu hökumətində deyil, həm də İsrail müxalifətinin bir hissəsində müşahidə olunur. Fidan vurğulayıb ki, hazırda "küçə siyasəti" səviyyəsində olan bu yanaşmanın gələcəkdə İsrailin rəsmi dövlət strategiyasına çevrilməsi planlaşdırılır.

Bəs Fidanın iddiaları doğru ola bilərmi? İsrailin Türkiyəni yeni "düşmən" elan etmək cəhdləri regiondakı güclər nisbətinə necə təsir göstərə bilər?

"Qardaş Türkiyə ilə İsrail arasında hərbi qarşıdurmanın baş verməsi - nə qədər arzuolunmaz ssenari olsa da - hər iki ölkənin Yaxın Şərq siyasəti istər-istəməz bu münasibətləri gərgin nöqtəyə gətirib çıxarıb. Hərçənd ki, bu gərginlik hələ açıq hərbi qarşıdurma səviyyəsinə çatmayıb, amma münasibətlərin bu istiqamətdə inkişaf etməsi qaçılmaz görünür. Bu, Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın İsrail rəsmilərinə istinadən səsləndirdiyi fikirlərlə də üst-üstə düşür".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu günlərdə ABŞ administrasiyasından istefa verən Anti-Terror Mərkəzinin rəhbəri sonradan mətbuata açıqlamasında qeyd edirdi ki, ABŞ-nin NATO ilə münasibətlərinin gələcəkdə korlanması ehtimalı, Türkiyə ilə İsrail arasında baş verə biləcək mümkün müharibədə Vaşinqtonun İsraildən yana mövqe tutacağı ilə izah olunur. Eyni zamanda, İsrailin ana müxalifət partiyasının lideri də həm Türkiyə dövlətini, həm də Türkiyə rəsmilərini öz ölkəsi üçün düşmən elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu da son açıqlamalarında Türkiyəni və onun lideri Rəcəb Tayyip Ərdoğanı ölkəsi üçün arzuolunmaz tərəf və düşmən kimi təqdim edib.

Ekspert əlavə edib ki, münasibətlərin bu günkü vəziyyətdə daha da gərginləşməsi isə bir neçə amillə bağlıdır. Əsas səbəblərdən biri odur ki, getdikcə regionda daha böyük siyasi və hərbi potensiala sahib olan Türkiyə Respublikası yalnız Türk dünyası və Balkanlarla kifayətlənmir, eyni zamanda "Osmanlı coğrafiyası" adlandırdığı Yaxın Şərq regionunu da öz nüfuz dairəsi kimi görür və bu istiqamətdə əməkdaşlığını genişləndirir. Xüsusilə Suriyada Bəşər Əsəd rejiminin zəifləməsi və hakimiyyət dəyişikliyi prosesləri, eləcə də bu proseslərdə Türkiyənin aktiv rolu İsrail tərəfində ciddi narahatlıq yaradır. Bununla paralel olaraq, Türkiyənin İraq hakimiyyəti, xüsusilə də İraq Kürd Muxtariyyəti ilə inkişaf edən münasibətləri də İsrailin strateji baxışlarına zidd kimi qiymətləndirilir. Çünki həm Türkiyə, həm də İsrail regionda təsir dairəsini genişləndirməyə çalışır və müəyyən mənada üst-üstə düşən geosiyasi maraqlara sahibdirlər. Bu isə münasibətlərin getdikcə daha gərgin xətt üzrə inkişaf etməsinə səbəb olur.

"Ümid etmək istərdik ki, xüsusilə İsraildə müharibə tərəfdarı olan və "Böyük İsrail" ideologiyasını müdafiə edən qüvvələr deyil, daha çox İbrahim razılaşmaları kimi təşəbbüsləri dəstəkləyən, region ölkələri ilə normal qonşuluq və əməkdaşlıq münasibətlərinin qurulmasını istəyən siyasi qüvvələr üstün mövqe qazansın. Bu baş verərsə, təkcə Türkiyə ilə deyil, ümumilikdə region ölkələri ilə İsrail arasında daha sağlam və uzunmüddətli münasibətlərin formalaşması mümkün ola bilər. Əks təqdirdə isə, yaxın perspektivdə real görünməsə də, hər iki ölkənin regional siyasi ambisiyaları və strateji hədəfləri gələcəkdə onları açıq qarşıdurma nöqtəsinə gətirib çıxara biləcək ciddi risk faktoru olaraq qalır", - deyə siyasi şərhçi vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31