Deputat süni intellektin təhsildə yaratdığı imkanlar və doğurduğu risklərdən danışıb- ÖZƏL
15:56 SiyasətMilli Məclisin deputatı Sevinc Fətəliyevanın iştirakı ilə "Təhsil dialoqları" silsiləsi çərçivəsində Suraxanı rayonunun 85 nömrəli məktəbində növbəti görüş baş tutub. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili məlumat verib: "Bu dəfə müzakirələrimizi "Rəqəmsal dövrdə müəllim: dəyərləri qoruyaraq bacarıqları inkişaf etdirmək" mövzusu ətrafında qurduq. Müasir texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə müəllimin üzərinə düşən məsuliyyət yalnız bilik ötürmək deyil, həm də şagirdləri düzgün dəyərlər əsasında formalaşdırmaq və onları yeni reallıqlara hazırlamaqdır.
Görüş zamanı süni intellektin təhsildə yaratdığı imkanlar və doğurduğu risklər barədə fikir mübadiləsi apardıq. Vurğulandı ki, texnologiya müəllimi əvəz etmir, əksinə onun rolunu daha da strateji və yönləndirici edir.
Rəqəmsal tərbiyə məsələsinə xüsusi diqqət yetirildi - həm müəllimlərin, həm də şagirdlərin texnologiyadan düzgün və balanslı istifadə etməsi artıq təhsilin ayrılmaz hissəsinə çevrilib. Eyni zamanda müəllimin dəyişən rolu barədə danışdıq: bu gün müəllim yalnız informasiya mənbəyi deyil, həm də bələdçi, mentor və dəyərlərin daşıyıcısıdır. Səmimi müzakirələrə görə məktəbin pedaqoji kollektivinə və valideynlərə təşəkkür edirəm".