Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olundu

Milli Məclisin aparat rəhbərinə yeni müavin təyin edilib. Trend-in məlumatına görə, Şahin Həsən oğlu Həsənov bu vəzifəyə gətirilib.

Ş.Həsənov bu postda aprelin 9-da Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilən Yaşar Əməşovu əvəzləyib

Şahin Həsənovun dosyesini təqdim edirik:

1969-cu il avqustun 18-də Göyçay şəhərində anadan olmuşdur.

1992-ci ildə Sankt-Peterburq Dövlət Texniki Universitetini bitirərək mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir.

1992-1993-cü illərdə Mingəçevir Energetika İnstitutunun "Ali riyaziyyat və informatika" kafedrasının müəllimi olmuş, 1993-1998-ci illərdə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində mühəndis-proqramçı vəzifəsində işləmişdir.

1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnformasiya təminatı şöbəsi müdirinin müavini, az sonra şöbə müdiri vəzifəsinə təyin edilmiş, 8 il həmin vəzifədə işləmiş, 2006-cı ildən 2026-cı ilədək Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2026-cı il aprelin 9-da Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilmişdir.

2013-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının müəllimidir.

Texnika üzrə fəlsəfə doktorudur.

Müxtəlif illərdə Azərbaycanda, Ukraynada və Niderlandda əyani, ABŞ-nin Harvard Universitetində online kursları bitirərək sistem inzibatçılığı, şəbəkə inzibatçılığı, şəbəkə təhlükəsizliyinin inzibatçılığı, əməliyyat sisteminin geniş inzibatçılığı üzrə sertifikatlar almışdır.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

2-ci dərəcə dövlət müşaviridir.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Evlidir, 4 övladı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31