Bu həftə ABŞ-İran danışıqlarının növbəti raundu keçirilə bilər

İranla bağlı münaqişənin diplomatik yolla həlli məqsədi daşıyan Tehran-Vaşinqton danışıqlarının növbəti raundu bu həftə Pakistanın paytaxtı İslamabadda keçirilə bilər.

Trend xəbər verir ki, bu barədə "Reuters" öz məlumatlı mənbələrinə istinadən informasiya yayıb.

Qeyd edək ki, bundan əvvəl "Associated Press" də Vaşinqton və Tehrandan olan nümayəndə heyətləri arasında birbaşa danışıqların yeni raundunun bu həftə (cümə axşamı) keçirilə biləcəyini yazırdı. Bununla belə agentliyin bildirdiyinə görə Amerika administrasiyasının nümayəndələri eyni zamanda İslamabada alternativ kimi danışıqların Cenevrə şəhərində də keçirilməsini nəzərdən keçirir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31