Middle East Forum: Ermənistan-Azərbaycan sülh müqaviləsi uğursuzluğa məhkumdur – ÖZƏL
16:26 SiyasətOlaylar.az xəbər verir ki, Middle East Forum (MEF) analitik mərkəzi 2025-ci ilin avqustunda imzalanmış Ermənistan-Azərbaycan sülh müqaviləsinin regiona davamlı sabitlik gətirməyəcəyini iddia edən kəskin məqalə ilə çıxış edib. Nəşrin fikrincə, Trampın vasitəçiliyi ilə əldə edilən bu razılaşma səmimiyyətdən uzaqdır və tərəflərin dar siyasi maraqlarına söykənir.
Məqalədə qeyd olunur ki, Donald Tramp üçün bu müqavilə sadəcə "Nobel" mükafatına gedən yol və adının əbədiləşdirilməsi vasitəsidir. Ermənistanın cənubundan keçməsi nəzərdə tutulan və Trampın adını daşıyan TRIPP (Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu) koridoru iqtisadi zərurətdən deyil, siyasi piar naminə irəli sürülüb. Analitiklərin fikrincə, tranzit üçün xüsusi koridora ehtiyac yoxdur; ticarət yollarını açmaq üçün sadəcə diplomatik əlaqələrin bərpası kifayətdir.
Nəşr Paşinyan administrasiyasını daxili reytinqi qorumaq üçün tələsik güzəştlərə getməkdə, Azərbaycan tərəfini isə bu koridor vasitəsilə Ermənistanın Sünik bölgəsini faktiki olaraq ikiyə bölmək niyyətində ittiham edir. Bildirilir ki, bu addımlar regionda gərginliyi azaltmaq əvəzinə, yeni münaqişə ocaqları yaradır.
Analizdə Azərbaycanın daxili siyasi vəziyyətinə də toxunulur. Naxçıvanın muxtariyyətinin ləğvi və klanlararası rəqabətin kəskinləşməsi fonunda, hər hansı daxili təzyiq yaranarsa, Bakının yenidən hərbi gücə əl ata biləcəyi ehtimalı irəli sürülür.
Middle East Forumun qənaətinə görə, Azərbaycanda real demokratik islahatlar aparılmadan və sülh prosesi süni şəkildə sürətləndirildiyi müddətcə imzalanan sazişlər kağız üzərində qalacaq. Tramp və Rubionun bu silsilə addımları regional zəfər deyil, böyük bir diplomatik uğursuzluqla nəticələnə bilər.