İran-ABŞ gərginliyi: Növbəti addım diplomatiya, yoxsa müharibə? – ÖZƏL

İranın "Tasnim" agentliyinin məlumatına görə, İslamabadda keçirilən İran-ABŞ danışıqları uğursuzluqla nəticələnib. Tərəflərin heç bir razılaşma əldə etmədən görüşü tərk etdiyi bildirilir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də faktı təsdiqləyərək, Amerika nümayəndə heyətinin ölkəyə əliboş qayıdacağını açıqlayıb.

Maraqlıdır, tərəflər niyə razılaşa bilmir? Razılaşma hansı hallarda mümkünləşə bilər? Müharibənin bundan sonrakı taleyi necə olacaq? 

"Bu hadisənin baş verməsi əslində gözlənilən idi. Çünki hər iki tərəf öz prinsipial mövqeyini ciddi şəkildə ifadə edir. ABŞ-nin əsas tələbi İranın zənginləşdirilmiş uran fəaliyyətindən tamamilə imtina etməsidir. Eyni zamanda İran tərəfi bunu qəbul etmir və ABŞ-nin tətbiq etdiyi bütün sanksiyaların ləğv olunmasını, həmçinin İrana vurulan zərərin kompensasiya edilməsini tələb edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bununla bağlı tərəflər arasında kifayət qədər ciddi fikir ayrılıqları mövcuddur. Paralel olaraq, perspektiv məsələlər - o cümlədən uzaqmənzilli raket proqramının ləğvi kimi mövzular da müzakirə predmetidir. Aydındır ki, bu kimi mürəkkəb məsələlər bir görüş çərçivəsində həll edilə bilməz. Bunun üçün xüsusi işçi qrupunun yaradılması və ümumi mexanizmin hazırlanması vacibdir. Daha sonra tərəflər arasında vasitəçilik yolu ilə görüşlərin keçirilməsi nəticəsində ümumi razılaşmaya nail olmaq mümkündür. Nəzərə almaq lazımdır ki, bu görüş uzun müddətdən sonra - demək olar ki, 40 ildən artıq fasilədən sonra İran və ABŞ arasında keçirilən ilk birbaşa danışıqlardan biridir. Bundan əvvəlki təmaslar İranın ilk prezidenti Əbülhəsən Bənisədrin dövrünə təsadüf edirdi. Həmin dövrdə əsas məsələ ABŞ səfirliyinin əməkdaşlarının girov götürülməsi və onların azad edilməsi idi. Bu baxımdan, hazırkı görüşlər də kifayət qədər gərgin atmosferdə keçirilir.

"Sonrakı proseslərin gedişi göstərir ki, vəziyyətin inkişafı böyük ölçüdə ABŞ-nin verəcəyi qərarlardan asılı olacaq. Əgər ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlara başlasa, bu, müharibəyə gətirib çıxara və danışıqların tamamilə dayanmasına səbəb ola bilər. Əks halda, danışıqların davam etdirilməsi və müəyyən razılaşmanın əldə olunması ehtimalı qalacaq", - deyə siyasi şərhçi əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31